44 günlük Vətən müharibəsi qəhrəmanlarının vətənpərvərlik nümunəsi
Azərbaycanda yetişən vətənpərvər gənclər bütün sahələrdə öz sözlərini deməyi bacarırlar. İdmandan tutmuş təhsilə qədər, düşmənlə cəbhədə qəhrəmanlıq göstərməkdən tutmuş canlarını Vətən yolunda fəda etməyə qədər nüminəvi addımlarla millətin başını daim uca edirlər. Biz vətənpərvər gənclərimizin qəhrəmanlıqlarının elə 44 günlük Vətən müharibəsində şahidi olduq.
10 İyun 2021 16:35 SosialTelman Müzəffərli: "Biz canımızla, xalqımız malı ilə cihad etdi"
Azərbaycanda yetişən vətənpərvər gənclər bütün sahələrdə öz sözlərini deməyi bacarırlar. İdmandan tutmuş təhsilə qədər, düşmənlə cəbhədə qəhrəmanlıq göstərməkdən tutmuş canlarını Vətən yolunda fəda etməyə qədər nüminəvi addımlarla millətin başını daim uca edirlər. Biz vətənpərvər gənclərimizin qəhrəmanlıqlarının elə 44 günlük Vətən müharibəsində şahidi olduq.
Yardımlı rayon Tarix-Diyarşünaslıq muzeyinin fond müdiri İlqar Həsənov qeyd edib ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan xalqı bu şanlı qələbəni tarix boyu unutmayacaqdır. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi: "Bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. "Vətən müharibəsi" Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistana masa arxasında oturmağa məcbur etdi. Nəhayət Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyənat imzaladılar. Bu sənəd Ermənistanın məğlubiyyətinin açıq etirafı olaraq yaddaşlara həkk olundu. Əminliklə deyə bilərik ki, imzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Bu qələbə düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunur, eləcə də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi reallaşmış olur. Biz qalib xalq kimi özümüzü dünyaya təsdiq etmiş qüdrətli xalq kimi nümayiş etdirdik. Vətən müharibəsi Azərbaycanı qalib və qüdrətli ölkə, Ermənistanı isə məğlub, diz çökmüş, boynu bükük rəzil ölkə kimi dünyaya tanıtdı". Onun sözlərinə görə, dövlət başçısının təbiri ilə desək hazırda Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Bu sevinci bizə gənc, vətənpərvər Azərbaycan oğulları yaşatdı. Məhz qəhrəman Vətən oğullarının rəşadəti sayəsində torpaqlarımız işğaldan azad edildi. Təsadüfi deyil ki, Naxçıvanda səfərdə olarkən Prezident İlham Əliyev Azərbaycan televiziyasına müsahibəsində deyib ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur: "Mən bir daha demək istəyirəm, müharibədən sonra bunu dəfələrlə demişəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır". Prezident bəyan edib ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur: "Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir. Hər halda müharibədən sonra keçən dövr ərzində bunu göstərdik. Birincisi, əgər kimsə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm. Noyabrın 10-da faktiki olaraq - de-fakto münaqişənin həlli ilə bağlı sənəd imzalandı. Bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur - atəşkəs, vəssalam. Burada bir çox maddələr var. Bir çox məsələləri əhatə edən maddələr var, o cümlədən kommunikasiyaların açılması. Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər". Prezdentin bu bəyanatı həm Ermənistan, həm də onlara havadarlıq edən qüvvələrə açıq şəkildə mesaj idi. Bəli artıq Azərbaycan Dağlıq Qarabağ problemini BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrlə deyil, Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində özü həll etdi. Bu münaqişəni Qalib ölkənin Qalib Sərkərdəsi, Müzəffər Ordusu və vətənpərvər həncləri həll etdi.
İ.Həsənov qeyd edib ki, sözün həqiqi mənasında Azərbaycan Qarabağ məsələsini özü həll edərək tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyevin aprelin 26-da BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən 77-ci sessiyasında iştirak edərək bir çox qlobal problemlər və ölkəmizin erməni işğalçılığına özünün son qoymasını dilə gətirdi. Prezident İlham Əliyev Ermənistanın 30 il boyunca davam etdirdiyi təcavüzkar və işğalçılıq siyasətinin Azərbaycana vurduğu mənəvi və maddi ziyanların miqyasını bir daha dünya birliyinin diqqətinə çatdırdı. Prezident tədbir iştirakçılarına xatırlatdı ki, Ermənistan məhz təcavüzkar mahiyyətinə görə 27 il ərzində BMT Təhlükəsizlik Şurasının imperativ mahiyyətli 4 qətnaməsini saya salmadı və onları icra etmədi. Dövlətimizin başçısı Ermənistanın bu saymamazlığının kökündə dayanan səbəbi də açıb göstərdi: "Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmamış və sanksiyalar tətbiq edilməmişdir". Prezident ona işarə etdi ki, dünyada mövcud olan ikili standartlar təcrübəsi sonda Ermənistan kimi ölkələri beynəlxalq hüquqa zidd olan əməllərə təşviq edir, haqqa və ədalətə, dünya qanunlarına qarşı hörmətsizliyə həvəsləndirir: "Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı". Buna baxmayaraq rəşadətli Azərbaycan ordusu, Azərbaycan xalqı tarixi ədaləti özü bərpa etdi. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, "Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır. Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunmuşdur. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Münaqişə tarixdə qalmışdır".
Sözügedən Zəfər qələbəsinin əldə edilməsində vətənpərvər Azərbaycan oğullarının da rolu danılmazdır. Vətənpərvər oğullarımız 44 günlük Vətən müharibəsində mislli görünməmiş qəhrəmanlığa imza atdılar. Yardımlı rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Əli Mirzəlioğlu qeyd edib ki, təmsil etdiyi rayon Müstəqil Azərbaycanımızın torpaqları uğrunda, bu günü uğrunda, xoş gələcəyi uğrunda 80-ə yaxın şəhid verib. Yardımlı rayonunun Dəlləkli kəndindən, Qarabağ savaşının ən cəsur döyüşçülərindən biri olmuş (əfsus ki, ona haqqına veriləsi "Milli qəhrəman" adı hələ də gerçəkləşməyib.) şəhid Mahir Alxan oğlu İmanov 16 may 1971-ci ildə Yardımlı rayonunu Dəlləkli kəndində anadan olmuşdur. Ailənin altıncı övladı və son beşiyi olan Mahir, adının mənasına görə mahir kimi böyüdü... 1978-ci ildə Ostayır kənd orta məktəbinin I sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbi bitirmişdir. 1989/91-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə atıcı kimi hərbi vərdişləri əla mənimsəmişdi. Birinci Qarabağ savaşının qızğın dövründə -16 avqust 1992-ci ildə döyüşən cəbhəyə könüllü olaraq yola düşdü. Ağdərədə "Qurtuluş" Batalyonunun ən cəsur döyüçülərindən biri olaraq onlarla düşmən əsgərinin məhv edilməsində qranatamyotçu kimi igidliklə vuruşmuşdur. 1993-cü ilin fevralında qraddan atılan atəşin qəlpəsindən ayağından yaralanır. Müalicəni alan Mahir aprel ayında Birinci Tərtər bataliyonuna üzv yazılaraq yenidən cəbhəyə yola düşür. Bu döyüşlərdə də öz mahirliyini göstərib döyüşçü qabiliyyəti ilə şöhrət qazanır. Yenə ikinci dəfə başından yaralanıb xəstəxanaya düşür, lakin tam sağalmamış yenidən cəbhəyə qayıdır. Bacarıqlı qranatamyotçu kimi yenə də döyüşlərin önündə.. 1994-cü ildə erməni tankını sərrast atəşlə bütöv heyyəti məhv edərək döyüşçü dostlarını irəliyə hücumda cürətləndirmişdi. Artıq bölük komandiri təyin olunmuşdu. 27 aprel 1994-cü ildə Tərtər rayonunun Qırmızıkənd yaşayış məntəqəsi istiqamətində hücuma keçən ermənilər Mahirin 15 nəfərlik dəstəsinin sərt müqavimətinə rast gəlirlər. Düşmənin canlı qüvvəsi sayca dəfələrlə Mahirin döyüş dəstəsindən çox olmasına baxmayaraq onlar geri çəkilməyib qeyri-bərabər döyüşdə ermənilərə tələfat vermişdilər. Yeni qüvvə gələnə qədər Mahir və onun bütün dəstəsi 15 nəfər heyyət qeyri-bərabər döyüşdə igidliklə həlak olmuşlar. Düşmən isə 2 PDM və 10-dan artıq canlı qüvvə məhv edilməklə geri oturdulmuşdu: "Bu gün də Tərtər sakinləri Mahir İmanovun qəhrəmanlığını yaddan çıxartmır, ruhuna dua oxuyurlar. Dəfələrlə Yardımlıdan Tərtər rayonunda orduda xidmət etməyə göndərilən və ya iş məqsədilə gedənlər yerli camaatın Mahiri qəhrəmanlıqları ilə yad etdiyinin şahidi olublar. Subay idi. Ondan geriyə yalnız adı əfsanələrdə dolaşan qəhrəmanlığı qaldı. Mahir İmanovun döyüş şücaəti Milli Qəhrəman səviyyəsində olsa da, ona ölümündən sonra veriləsi Fəxri ad nədənsə zaman keçdikcə unuduldu.Nə qoca atası, nə səriştəsiz qardaşları, nə də fərasətsiz qohumları da bircə dəfə olsun bu haqda əlaqədar təşkilatların qapısını döymədi və ya mənliyinə sıxışdırmadı...İllər keçdikcə də bu məsələ yaddan çıxarıldı. Amma Mahir öz qəhrəmanlığı, onun döyüş şücaəti haqqında saysız xatirə və əfsanələr bizlərin hər birinin qəlbində şəhidimizi heykəlləşdirərək əbədiləşdirdi".
44 günlük Vətən savaşının qəhrəmanlarından biri də Müzəffərli Məhəmməd Telman oğludur.
2009-cu il soyuq qarlı qış günü idi. Murovdağın zirvələrində vətən keşiyi çəkən əsgərlərə növbəti ərzaq payı getməlidir. Keçilməz yollarda iki "düşman" var. Biri məlum - mənfur erməni, digəri isə gözlənilmədən "hücum" edən qar uçqunu. Hələ gənc əsgər iki- üç ay idi ki, xidmətə gəlmişdi. Komandir sıra zamanı əsgərlərə xitabən - "Yuxarı ərzaq getməlidir. Təcrübəlilərdən kim gedə bilər?"
- mən, Müzəffərli Məhəmməd ...
Komandir : gənc əsgər, qorxmursan?
Məhəmməd : gördüyüm heç nədən qorxmuram komandir! Erməni ilə ilk "tanışlıq" buradan başladı... Yuxarı qalxdıqca nifrət bəslədiyi düşmana daha da yaxınlaşır hər an atəşlə nifrətini soyutmaq istəyirdi. Nəhayət bu nifrətin "hədiyyəsi" 27 sentyabr "Dəmir Yumruq" əks-hücum həmləsi oldu.
Müzəffərli Məhəmməd Telman oğlu Yardimli rayon Ostair kəndində 8 İyun 1992-ci ildə dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra 2009-2010 cu ildə həqiqi hərbi xidmətdə olmuşdur. 21 sentyabrda könüllü olaraq ön cəbhəyə yola düşən qəhrəman əsgər müqəddəs Vətən Savaşına ilk gündən qoşulmuşdur. N saylı hərbi hissənin divizionunda ermənilərə göz açmağa imkan verməyən Məhəmməd və qəhrəman əsgər yoldaşlarının şərəfli və ağır döyüş yolu Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd və Şuşa istiqamətlərində olmuşdur. Özü haqda danışmağı sevməyən qəhrəman döyüş yoldaşlarının dediklərinə görə heçnədən qorxmur, ağır döyüşlər zamanı əsl qəhrəmanlıq göstərərək yaralı əsgərləri peşəkarlıqla döyüşün içindən çıxartmış, düşmən mərmilərindən xilas etmişdir. Döyüşlərdə düşmənin atdığı mərmilərin yaxınlığında partlaması nəticəsində bir neçə dəfə travma alan qəhrəman əsgər komandirlərin Hospitala getmək təklifini qəbul etməyib israrla döyüşün sonuna kimi qəhrəmancasına vuruşmuşdur. Döyüşlər zamanı ayıq-sayıqlığı nəticəsində döyüşçü dostlarını mərmi hədəflərindən dəfələrlə yayındıra bilmişdir. 2020-ci il dekabr ayında təxris olub doğma diyara gələrkən rayon sakinləri qəhrəman igidləri böyük izdihamla qarşılayan zaman vətənpərvər insanlara "biz canımızla xalqımız malı ilə cihad etdi" cümləsi ilə təşəkkürünü bildirdi. İndidə aldığı travmalar ona şiddətli baş ağrıları versə də " O , mənim zəfər musiqimdir başımda çalır" - deyib müalicədən yayınır. Allah cansağlığı versin qəhrəman vətən oğluna.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir