Toylara qadağa qoyulması demoqrafik problem yarada bilər
Azərbaycanda koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində bir sıra uğurlara nail olunub
10 İyun 2021 15:06 SosialAzərbaycanda koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində bir sıra uğurlara nail olunub. Elə bu səbəbdən də ölkədə tətbiq edilən qadağalar aradan qaldırılıb. Məlum olduğu kimi, mayın 25-də keçirilmiş Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycanda koronavirus pamdeniyası ilə əlaqədar tətbiq edilmiş karantin qaydaları yumşaldılıb. Qərara əsasən, mayın 31-dən Azərbaycanda açıq havada tibbi maskadan istifadə ləğv olunub. Mayın 31-dən Bakı metropoliteni sərnişindaşıma fəaliyyətini bərpa edib. Həmin tarixdən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib. İyunun 10-dan başlayaraq isə çimərliklərin fəaliyyətinə icazə verilib. Eyni zamanda, iyunun 10-dan idman sağlamlıq obyektlərindən istifadəyə icazə veriləcək, məscidlər, iri ticarət mərkəzləri vətəndaşların üzünə açılacaq. Lakin 2020-ci ilin 15 martından etibarən toy, nişan, ad günü kimi kütləvi mərasimlərin keçirilməsinə qoyulan qadağanın ləğvi ilə bağlı müzakirələr aparılsa da, nəticə yoxdur. Maraqlıdır, nədən bir sıra kütləvi tədbirlərə icazə verildiyi halda toy və nişan mərasimləri qadağası qradan qaldırılmır?
Operativ Qərargahın qərarları niyə toylardan yan keçir?
Diqqət yetirək ki, Operativ Qərargahın qərarına əsasən dini ibadət yerlərinin fəaliyyətinə eyni vaxtda 50 nəfərdən çox olmamaq şərtilə icazə verilir. Qaydalara əsasən, yalnız COVİD-19 pasportuna malik olan şəxslərin ibadət yerində dini ayinləri icrasında iştirakına icazə verilir. İngeksiyanın yayılmasının qarşısının alınması məqsədilə SOVİD-19 xəstəliyinin əlamətlərini hiss edən şəxslər məscidə və digər ibadət yerlərinə buraxılmır. Məscidin imamları, icma sədrləri və ibadət yerlərinin digər məsul şəxsləri bu qaydaların icrasına nəzarət etməlidirlər. Qeyd edək ki, müəyyən edilmiş qaydalar cəmiyyət tərəfindən anlaşılan və icrası mümkün normalardır. Bu zaman belə bir sual yaranır, əgər sözügedən normalarla məscidlərdə ibadət etmək mümkündürsə, anoloji qaydalarla açıq havada toy və nişan mərasimlərinin təşkili niyə qadağan edilir. Axı, restoran və şadlıq evlərindən fərqli olaraq açıq havada həmin qaydaları daha rahat şəkildə tətbiq etmək və sosial məsafəni qorumaq mümkündür. Belə halda çimərlik və "mal"ların fəaliyyətinə də verilən icazə niyə toy və nişan mərasimlərinə tətbiq edilmir? Bəc, hansı qaydalar çərçivəsində toy və nişan mərasimlərinə icazə verilə bilər?
Toylar hansı qaydalar çərçivəsində keçirilə bilər?
Ekspertlərin qənaətinə görə, ciddi nəzarət altında, xüsusi qaydalar tətbiq etməklə avqustun 1-dən ölkəmizdə toy məclislərinin təşkilinə icazə verilə bilər. Belə ki, istənilən halda, restoranda insanların toplaşmağı mümkündürsə, orada sosial məsafə qorunursa, müəyyən qaydalar tətbiq edilirsə, say məhdudiyyəti ilə toy məclisləri də təşkil edilə bilər. Ümumilikdə yoluxma artmayacağı təqdirdə avqust ayının 1-dən sonra toyların keçirilməsi ilə bağlı bir qaydanın verilməsi reallaşa bilər. Çünki artıq yoluxma sayı azdır, vaksinasiya tədbirləri həyata keçirilir, vaksinasiyada kütləvilik müşahidə olunur. Mümkündür ki, COVID-19 pasportu hər yerdə olduğu kimi toylarda da tələb olunsun. İnsanlar COVID-19 pasportu əldə edir, bu hallar imkan verir ki, vətəndaşlar öz xeyir işlərini həyata keçirə bilsinlər. Toy təşkilatçıları və qonaqlardan COVID-19 pasportu tələb olunsa, məsuliyyət toy iştirakçılarının üzərinə düşür. Bu zaman toy iştirakçıları məsuliyyət hiss etməlidirlər ki, xəstəliyi gizlətməklə bütöv bir nəslin, dost-tanışın xəstəliyə yoluxmasına səbəb ola bilər. Bütün hallarda, açıq havada 50-100 nəfər çərçivəsində illərlə gözləməkdə olan cütlüklər ailə qurub xoşbəxt ola bilərlər.
Toylara qadağa demoqrafik problem yarada bilər?
Təsəvvür edin ki, artıq ölkədə bir il üç aydır toylar qadağan edilib. İnsanlar illərlədir ki, öz arzularının reallaşmasını gözləyirlər. Lakin toyların nəinki kütləviliyinə icazənin verilməməsi, ümumiyyətlə qadağan edilməsi ölkədə demoqrafik problem təhlükəsi yarada bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda əhalinin sayı 2021-ci il aprel ayının 1-i vəziyyətinə 10 milyon 130 min 100 nəfər təşkil edib. Belə ki, ötən ilin aprelin 1-i ilə müqayisədə ölkə əhalisinin sayında 0,5 faiz artım olub. Bu göstərici isə əhalisinin sayı sürətlə inkişaf edən Azərbaycan üçün olduqca aşağı göstəricidir. Nəmçinin, ötən il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 35 min 348 nikah və 14 min 628 boşanma halları qeydə alınıb.Əhalinin hər 1000 nəfərinə nikahların sayı 2019-cu ilə nisbətən 45,3 faiz azalaraq onun səviyyəsi 3,5, boşanma səviyyəsi isə 1,5 təşkil edib. Şübhəsiz dünyada yaşanan pandemiya səbəindən həyatını itirənlərin sayi kifayət qədər olduğundan demoqrafik təhlükə artıb. Məhz bu bəlanın azərbaycanlılardan yan keçməsini təmin etmək məqsədilə hansısa formada toyların keçirilməsinə icazə verilməsi millətimizin xeyrinə olardı.
Alim