Azərbaycanın sakral coğrafiyası” silsiləsindən – Peştəsər hövzəsinin dini-ruhsal ocaqları (X məqalə)
10 İyun 2021 10:33 SosialPeştəsər dağlıq silsiləsi (Üzyubaşı zirvəsi, 2200 m), Şeytantalası tirəsi və Qızılqala dağı (1547 m) hövzəsini tutan Avaş, Yeni Abdinli, Qarovuldaş, Kürəkçi, Dağ Üzü, Xanbulaq, Daşkənd... kəndləri daxil Pirimbel yaşayış məntəqəsi də bölgənin müqəddəs məkanları sırasında dini-ruhsal dünyagörüşünün, irfani-sakral mədəniyyətinin və tarixi, maddi-epiqrafik irs zənginliyinə görə xüsusi yer tutur.
Müsəlman-Türk dünyasında milli-mənəvi özgürlüyü ilə seçilən xalqımızın dünyəvi elmi-dini mədəniyyət ocaqları, minilliklərlə yaşı ölçülən ruhani-sakral məkanları, mistik duyğulara köklənən ibadət-ziyarət məbədləri, əski tarixlərə aid məzarlıqları... eyni məhrəmliklə, mənəvi paklıq tərzi ilə dualanır və qorunub-saxlanılır, irfani-mənəvi irs olaraq nəsildən-nəsilə çatdırılır. Bu maddi-mədəni irsimiz həm də gələcək nəsillərimizə sakral əmanət-ruhani dəyərcə qiymətləndirilir, çünki torpağını müqəddəs tutiya kimi gözümüzə sürtürük, ocağında İlahiyə əl açdığımız mərhəm-mistik dualarımızla Allah-Təalaya ruhən çatmağa can atırıq, üz tuturuq.
Bu cəhət bəlkə də İlahi bir hökmün vəhyidir - "əlimizi, üzümüzü müqəddəslikdə topağa-daşa sürtürük ki, qəlbimiz nəfs əsarətindən xilas olsun, gözümüz torpaq təşnəsindən doysun!"
Vətənimizin bütün guşələrində olduğu kimi irfnani-dini dünygörüşümüzün milli dəyərləri Reştəsər dağlıq hövzəsinin bir çox qədim məskənlərində də qorunub-saxlanılmaqdadır, nahiyənin Pirimbel kəndində olduğu kimi.
"Pirimbel" teotoponimi ərazinin sakral-dini ocaq olması anlamını özündə yaşadır, "inanclı, ruhani şəxslərin yurd saldıqları məkan (dağ tirəsi)" mənasındadır.
Əlavə, digər yerli toponimlərin (antro-oro-hidrotoponimlərin) etnogenezisində də bu müqəddəslik aydın görünür, bir sıra kəndlərə aid yer adlarında - Şıxlar, Şıx Hüseynli...
Pirimbel kəndinin yaşlı sakinlərinin (Mirəmən Mirfərəc oğlu (1887-1962), Mirtərlan İsfəndiyar oğlu (1888-1965), Mirtərlan Mirfərəc oğlu (1890-1965)...) söylədiklərinə görə, VIII əsrdə IV imam Əli ibn Hüseyn-Zeynalül-Abidin (659-714) xələfləri (nəvələri) Xəlifə Mirkamal ağa (30 yaşında rəhmətə gedib, ailəsi olmayıb, Pirimbel kəndinin əsasını qoyub), onun kişik qardaşı Xəlifə Mirqiyas ağa Ərdəbil mahalından keçərək burada yurd-yuva salmış (Cərcəmil kəndində məskunlaşıb), həm də İslami dəyərlərin yayılması, təbliği ilə məşğul olmuşlar.
Cərcəmil Pirimbel kəndindən cənub-şərqə 5 km aralı olub, indiki Cirimbel kəndinin yerində, orta əsrlərdə iri ticarət şəhəri və dini-elmi mərkəz kimi bölgədə tanınıb, orada 100-dən çox yurd yeri qalmaqdadır, əski qəbirstanlığında qəbirüstü qoç təsvirli başdaşları, gümbəzlər, naxışlı-yazılı sənduqələr, daş kitabələr hələ də oxunmamış, tədqiq edilməmiş durur...
Pirimbel dini xəlifələrinin "Qurani-Şərif"dən savayı sığındıqları ilahi-ruhsal oxu - "Səhifeyi-Səccadiyə" təkcə Allahın dərgahına dua etmək və hacət istəməkdən ibarət olmamışdır. Bu kitab eyni zamanda İslami elmlər və maarif dəryasıdır. Bu dualarda əqidəvi, mədəni, ictimai, siyasi və bir sıra təbiət və şəriət qayda-qanunları vardır ki, dua şəklində bəyan olunmuşdur.
Yeni yurd saldıqları məkanda dini xüsusda hörmət qazanmaları və nahiyənin ictimai-iqtisadi təkamülündə bu təlimlərin rolu böyük olmuşdur. Təsadüfi deyil ki, 1920-ci ilədək indiki Cəlilabad, Lerik və Yardımlı rayonlarının nahiyə-qəza mərkəzi kimi Pirimbel kəndi (Bəy nəsli və Seyid ocaqları) olmuşdur. Ərdəbil şəhəri ilə qısa məsafəsi (30 km) onun siyasi-iqtisadi gücünü xeyli artırmışdır (ticarət yolu kəndin yaxınlığındakı Qaladan keşirdi, arana kimi bu cür 7 qala olmuşdur), eləcə də 1813-cü ilədək Ərdəbil və Lənkəran xanlarının əksər nəsli Pirimbelli idi (Ərdəbilli Mir İbrahim xan, Mir Abdulla xan...).
İslam dünyasının məşhur alimi və xadimi Ayətullah əl-üzma Seyid Mərəşi Nəcəfi (1897-1990) "Səhifeyi-Səccadiyyə"nin bir nüsxəsini özünün həməsri olan, "Təntavi" təfsirinin müəllifi və İsgəndəriyyə müftisinə hədiyyə göndərir. İsgəndəriyyə müftisi bu qiymətli hədiyyəni aldıqdan sonra buna görə çoxlu təşəkkür etmiş və cavabında yazmışdı:
"Bu bizim bədbəxtliyimizdəndir ki, bu vaxta qədər nübüvvət irsindən olan belə bir əbədi və qiymətli əsərdən xəbərsiz qalmışıq. Mən nə qədər ona baxıram, onu bəşər kəlamından üstün, Tanrı kəlamından isə aşağı görürəm".
"Səhifeyi-Səccadiyyə"nin misilsiz etibar və əhəmiyyətinə görə İslam tarixi boyu bir çox dillərdə dəfələrlə nəşr edilmiş, ərəb və fars dillərində misilsiz şərhlər yazılmışdır.
"Qurani-Şərif" dini hökmlərinə, "Səhifeyi-Səccadiyə" irfani-hikmətlərinə, Əhli-Sünnə təlimlərinə əsaslanan Pirimbel nahiyəsinin dini-sakral irsinin qədimliyi bölgənin ictimai-siyasi gücünün artımını şərtləndirmişdir. Belə ki, bu inzibati-ərazi orta əsrlərdə tanınmış dini-irfani mərkəz olmaqla yanaşı (Ərdəbil şeyxlərinin ilahi təlimlərinin ardıcılları ilə birlikdə), həm də beynəlxalq əhəmiyyətli karvan-ticarət yolu üstündə yerləşdiyindən Cənub bölgəmizin ictimai-siyasi və tarixi-mədəni inkişafına böyük təsir etmişdir. Lənkəran-Astara nahiyələrinin ruhani-sakral irsinin, dini təliminin təşəkkül tapmasında, inkişaf etməsində Həzrəti Zeynalül-Abidin nəsil davamçılarının əhli-ardıcılları yaxından iştirak etmişlər. Primbel ocağının xadimlərindən Mir İbrahim xan və Mir Abdulla xan uzun müddət (IX-X əsrlərdə) Ərdəbil mahalının dini işlər üzrə hakimi olmuşlar, həmin əsrlərdə Mir Qiyas ağanın övladalrı-nəvələri Mirsaleh ağa, Mir Şahrux ağa, Məhəmməd Rahim ağa, Mir Ağaməhəmməd... bölgədə dini hüquq üzrə tanınmış islam alimləri kimi ad çıxarmış, zəngin irfani-mənəvi irs qoyub getmişlər.
Qeyd etmək lazımdır ki, Lənkəran bölgəsinin İlahi məqamla ruh birliyi yaradan müqəddəs ocaqlarının, ziyarətgahlarının əksəriyyəti Pirimbel-Ərdəbil irsinin xələflərinin (xəlifələrinin) adı ilə bağlıdır. Bu təsir yerli dini təlimlərin, islami dünyagörüşünün formalaşmasının həm də beynəlxalq əlaqələrlə bağlı olduğunundan yaranmışdır. Çünki, Pirimbel-Ərdəbil dini məktəbi Orta və Mərkəzi Asiyadan, Qafqazdan Yaxın Şərqin Müqəddəs-Ali dini ocaqlarına və təlim mərkəzlərinə (Məkkə, Mədinə, Kərbəla, Nəcəf, Dəməşq, Bağdad, İskəndəriyyə... şəhərlərinə) uzanan yolun üstündə yerləşirdi, onun nüfuzunun və təsirinin artmasını şərtləndirirdi.
Tarixi mənbələrdə bildirilir ki, Lənkəran (Talış) xanlığında Mir Mustafa xanın ulu babası Seyid Abbas 1654-cü ildə Səfəvi hökmdarı II Abbasın (1642-1666) fərmanı ilə Ərdəbilin Xal-xal mahalından Pirimbel nahiyəsinə köçərək dini-vəqf işləri ilə məşğul olmuş, ondan sonra bu işləri oğlu Mir Yusif icra etmişdir.
Məhz bu səbəbə görə Pirimbel-Ərdəbil dini məktəbini dağıtmaq üçün rus-hay birləşmiş siyasi-hərbi qüvvələri 1920-ci ildən sonra nahiyəyə daxil olan sərhədyanı kəndləri, o cümlədən Pirimbel kəndini də boşaltmağa başladılar, əhali Salyan (Sarvan, Beşdəli, Qızılağac, kürsəngi, Noxudlu...) Biləsuvar rayonlarına, Bakı şəhərinə... köçürüldü.
1930-cu illərdə kollektivləşmə hərakatı başlayanda geri qayıtmaq istəyənlərə icazə veriilib, kəndin əsasını ulu babaları tərəfindən qoyulan Kərbəlayı Mir Nəcəf ağa Mir Qiyas oğlu da müqəddəs-ruhani ocaqlarının xatirinə yurduna qayıdır. Öz halal malını haram tikəyə qatmamaq şərti ilə. Cümə namazında and verir:
-Ya Rəbbim, ruzimin haram tikəyə qatılmasına imkan vermə, o gün sel yarat, məni və ailəmi məhv eylə.
Məsciddə "Amin" səsləri ucalır.
Ağa günorta namazını bitirib evinə gəlir, az bir vaxtdan sonra Xan dağı üstündə toparlanan qara buludlardan kəndə yağış yağır, gur selin qabağında gələn iri meşə ağacı Ağanın evini, 12 nəfərlik ailəsini sularda qərq edir...yalnız bu ocaqdan Ağanın oğlu Mirələkbərin həyat yoldaşı Səriyyə oğlu Mirkərimlə atası evinə getdiyi üçün salamat qalmışdır.
Ağanın meyidi heç bir xətər toxunulmadan 20 km aralıda Dəryavar kəndi yaxınlığında tapılmışdır.
Pirimbel kəndinin ortasında bu kəndin bünövrəsini qoyan Mir Kamal Ağa və Mir Qiyas Ağa ocaqları yerləşir, qəbirləri ziyarət edilir.
Kənd sakinlərindən Mirxas Ağaməhəmməd oğlunun (1890-1975), Mirzəbaba Mirzəbaba oğlunun (1885-1943), Mirzəməhəmməd Mirzəfərəc oğlunun (1887-1962) söylədiklərinə görə 1920-ci ilədək qırmızı kərpicdən inşa edilmiş səkkiz guşəli qəbirüstü gümbəz (8 m x 8 m, hündürlüyü 4 m) və içindəki sinə daşı (uzunluğu 3 m, eni 2 m) Qəza İnqilab Komitəsinin hay mənşəli rəisi Sivyan tərəfindən dağıdılmışdır, amma yeri qorunub saxlanılırdı.
Həmin ocağın bərpası Mərdan Mirxas oğlu Tağıyev (1971) tərəfindən 2009-cu ildə aparılmışdır.
Mir Qiyas ağanın atasının dəfni ilə kənd qəbirstanlığı salınıb. Onun da üzərində 1982-ci ildə gümbəz (bünövrəsi 8 guşəli, üstü dairəvi, diametri 7 m, hündürlüyü 6 m) tikilmiş, el-oba ziyarətgahı kimi dini mərasimlər orada icra edilir.
Mir Qiyas ağa yaşadığı evdə dəfn edilsə də, 1920-ci illərdə bu ocaq da dağıdılmışdır, onu kənd sakini Mirəşrəf Mircəfər oğlu (1966) bərpa etdirmişdir, içərisində qəbir olmaqla (hündürlüyü 5 m, 4 m x 4 m ölçüdə). Onun yaxınlığında, gümbəzin ayaq tərəfində öz vəsiyyətinə görə Kərbəlayı İsaxan Məlikməmməd oğlu (1898-1966) dəfn edilmişdir. Bu yerdən kənd qəbirstanlığınadək 350-400 m məsafə var.
Ziyarət edilən irfani-ruhsal ocaqlardan biri də Mirxas Ağa ocağıdır ki, kənd qəbirsatnlığında onun məzarı da 2008-ci ildə yenilənib, üstündə gümbəz (hündürlüyü 5 m, 8 guşəli), içərisində özünün və bacısı Balabəyim Ağaməhəmməd qızının (1892-1948) qəbirləri vardır.
Pirimbel Cümə məscidi də hay qulduru tərəfindən 1921-ci ildə dağıdılsa da 1960-cı illərdə bərpa edilmiş, 2000-ci ildə isə əsaslı olaraq yenidən inşa olunmuş, "Mir Cəfər Ağa məscidi" adlanmışdır.
Məscidin açılışında Şexülislam A.Ş.Paşazadə, eləcə də Yaponiyadan, BƏƏ-dən, İrandan, Kərbəladan, Moskvadan gələn dini nümayəndələr iştirak etmişlər.
(Yazının hazırlanmasında həm də Yardımlı rayonu, Pirimbel kənd sakinləri Mirhənifə Mirxas oğlunun (1957) və Mirzəfər Mirxas oğlunun (1960) məlumatlarından istifadə olunmuşdur.)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi