"Əsas sözüm isə bəzi aparıcılaradır. Başa düşmürəm onlar niyə..."

Şeyx Əbdül Mahmudbəyov: "Bu bizim gələcəyimiz üçün ən böyük təhlükədir"

"Bu gün ölkədə mənəvi aşınma gedir. Heç cür qəbul edə bilmərəm ki, bu gün Azərbaycanda mənəvi aşınma getsin. Bu mənim gözümün qabağında olduğu üçün, mən dəhşət içərisindəyəm". Bunu "Olaylar"a deyən tanınmış ziyalı, xalq sənətkarı, ideoloji sahənin təbliği ilə məşğul olan, tariximiz, milli-mənəvi dəyərimiz, dövlətçilik ənənələrimizin fundamental şəkildə araşdırıcısı olan Şeyx Əbdül Mahmudbəyov  qeyd edib ki, üç ən böyük arzusu var: "Mən bir yazı yazmışdım, orda demişdim ki, mənim bu dünyada 3 arzum var. Birincisi odur ki, ailə quranlar hər iki tərəfdən ciddi şəkildə yoxlanılsın, daha sonra ailə həyatı qursunlar. 2-3 ildən sonra boşanıb övladlarını yetim qoymasınlar və növbəti bir düşmənçilik yaratmasınlar. Bu gün Azərbaycanda bu mənəviyyatsızlıq artıq 60 %-ə çatıb. Bu bizim gələcəyimiz üçün ən böyük təhlükədir. Bu məsələ dövlət səviyyəsində ayrıca bir qanun kimi qəbul olunmalıdır, buna xüsusi nəzarət edilməlidir və cəzaları müəyyən olunmalıdır. Çünki, qohum evliliyində boşanıb bir ildən sonra düşmən olurlar. Bu iyrənc, çirkin, təbabətin də icazə vermədiyi  qohum ittifaqını birdəfəlik ləğv etmək lazımdır. İkinci arzum budur ki, kaş bizim gənc qızlarımız açıq-saçıq və yaxud dizi cırıq şalvar geyinib gəzməzdilər. Əsas sözüm isə bəzi aparıcılaradır. Başa düşmürəm onlar niyə öz savadı, sənəti, intellekti ilə gündəmə gəlmir, öz işləri ilə məşğul olmurlar. Ancaq açıq-saçıq geyinməklə, müxtəlif açıq-saçıq pozalarla gündəmdə olurlar. Aparıcı yüksək intellektual səviyyəsi olan biri olmalıdır və aparıcılar aidiyyatı üzrə olmalıdırlar. Elm üzrə ayrı, müsiqi üzrə ayrı, teatr üzrə ayrı və sair. Efirə kimi gəldi çıxardırlar və ancaq yemək bişirməklə məşğuldurlar. Bu yemək bişirməyin güdazına Baloğlan Əşrəfov getdi. Çox şükür ki, Niyaməddin və Arif Quliyev indi yaxşıdırlar. Prezident və təbabət çox sağ olsun ki, onlara xüsusi diqqət yetirdilər. Bu mənim ikinci arzumdur. Çünki, qızlarımız artıq ailəyə yararlı deyillər. Bu açıq-saçıq geyinmək mənə çox qəribə gəlir. Elə bil bu televiziya aparıcıları özlərini nümayiş etdirirlər. Mədəniyyətlərinə, nitqlərinə, danışıq qabiliyyətlərinə heç fikir vermirlər. Bilmirsən danışırlar, gülürlər nə edirlər.

Onun sözlərinə görə,  60,70,80-ci illərə qədər olan insanlar, çox ciddi şəkildə səfərbər olmalıdırlar. Bütün qəzet, mətbuat, ideologiya, təbliğat, televiziya dövlət siyasəti, dövlət qanunları ilk növbədə xalqımızı uçuruma aparan bu mənəviyyatsılıq, dəyərsizlik, milli-mənəvi dəyərlərimizə biganəliyə qarşı mübarizə aparmalıdır: "Qalmışıq yol ayrıcında. Bilmirik avropalıyıq, fransızıq, yaxud kimik? Səhər bir oğlan gördüm, saqqal saxlayıb, özü keçəl. Efirdə canfəşanlıq edərək bir ingilis mahnısı oxuyur. İngilisin nəyinə lazımsan sən. Onlar özləri dünyaya estrada dərsi keçir. Nəyə lazımdır bu, axı kimə oxşamaq istəyirsən? Bundan başqa yemək bişirən televiziyalara müraciət edirəm: "Bizim mətbəxtimiz kifayət qədər genşdir. Belə olmasaydı dünyada ilk  400-ə qədər mətbəx mədəniyyəti bizdə olmazdı. Təkcə göy-göyərtidən 40-a qədər yemək bişiririk. İnsanlar var ki, yetərincə imkanı yoxdur ki, lazımi ərzaqları alsınlar. Məni yandıran ora gedən sənətçilərimizdir. Utanmırlar, gedib orda yumurta sındırırlar. Milli Teleradio Şurası hara baxır. Əgər hansısa televiziya yeməklə bağlı proqram hazırlayırsa, onu mütəxəssislər ilə hazırlasın. Yeməyin tarixi, yaranış mədəniyyəti, onun istifadə qaydaları haqqında danışsın. Bizim yemək mədəniyyətimiz bütün dünyaya səs salacaq qədərdir. Hansı yemək hansı bölgədə və necə hazırlanır bunlar sadalansın. Ermənilər də artıq erməni plovu, erməni dolması deməsin. Bir söz deyəndə də deyir ki, mənim özəl televiziyamdır".

Şeyx bildirib ki, Azərbaycan musiqisində son vaxtlar baş verən əxlaqsızlıq, mənəviyyatsızlıq, məsuliyyətsizlik, baş alıb gedən tərbiyəsizlik, özbaşınalıq və həyasızlıq narahatçılıq yaradır: "Bir də görürsən ki, hansısa bir qızı efirə çıxardıblar və deyir ki, bu mahnının musiqisini də, sözlərini də özüm yazmışam. Belə bir şey yoxdur. Heç Üzeyir bəy belə bir şey etməyib. Yazıçılar Birliyi, poeziya şöbəsi hara baxır. Hamısı Ərəbistandan, Hindistandan götürülmüş bənzər, eyni mahnılardır. Bu artıq ifrat dərəcədədir. Bu mahnıları elə bir formada, elə bir geyimdə təqdim edirlər ki, mən evdə ailəmlə televizora baxa bilmirəm, utanıb kanalı dəyişirəm. Kimi təbliğ edirik biz? Buna görə əlaqədar dövlət strukturları, birbaşa Milli Teleradio Şurası da, televiziya rəhbərləri, Yazıçılıar Birliyi və Mədəniyyət Nazirliyi də belə hallara qadağa qoymalıdır. Elə şeylər var ki, burda heç bir özəldən, xüsusi mülkiyyətdən söhbət gedə bilməz. Efirdə ancaq hansısa milləti yamsılayırlar. Buna son qoyulmalıdır. Bu eybəcərliyə pul buraxan sponsorlara səslənirəm. Qardaşlar, siz düşmənsiz? Xəyanətə xidmət edirsiz? Hansı xanımdan xoşu gəlirsə, onu aparıb milyonlar buraxıb müğənni, yaxud aktrisa edir. Əgər sən bu xalqa, dövlətə, millətə, milli-mənəvi ideologiyaya xidmət etmək istəyirsənsə, bu işlə məşğul olan peşəkar insanlar var. Bu xərclədiyin pullar sənin deyil, oğurluqdur. Ancaq baxımlı xanımlara pul buraxıb efirə çıxardırlar. Kənddə çətin şəraitdə, maddi və mənəvi ehtiyac içində yaşayan bizim gəlinlər, qızlar da bunlara baxıb deyirlər ki, biz də ora gedək. Kütləvi surətdə mənəviyyatsızlığın təbliğatı başlayır. Bunlara rəvac verən bütün sponsorları yoxlamaq lazımdır. Reklam edirsənsə, malını reklam et. Niyə əxlaqsızlara, mənəviyyatsızlara sponsorluq edirsən? Əgər doğurdan da sponsorluq etmək istəyirsənsə, xalqın peşəkar sənətkarları var onlara sponsorluq et".

Ə.Mahmudbəyov  televiziya rəhbərlərinə, bu sahə ilə məşğul olan əməkdaşlara, ağsaqqallaarımıza, elm, mədəniyyət, sənət xadimlərimizə səslənirək xahiş edib ki, yaxalarını kənara çəkməsinlər: "Axı bu millətin içində bizim də uşaqlarımız, nəvələrimiz böyüyür. Bizim bir vətənimiz var, başqa yerimiz yoxdur. Əksinə min ildir ki, əlimizdən alırlar. Çox sağolsun prezidentimiz nəhayət xalqı səfərbər etdi. Türk və Pakistan qardaşlarımız da çox sağ olsun  ki, bizə mənəvi, ideoloji arxa, dayaq durdular və dəstək oldular. Bəs biz nə edirik? Bu gün kim yaxasını kənara çəkirsə, o bizdən deyil. Bu müqəddəs günlərdə bütün oruc tutan, namaz qılan insanlarımıza demək istəyirəm ki, xalqızımın əxlaqı, mənəviyyatı üçün, dövlətimiz üçün  dua edin, öz şəxsi maraqlarınız üçün yox. Peyğəmbərimizin gözəl bir sözü vardır. Deyir ki, əxlaq pozulan zaman əxlaqı, mənəviyyat pozulan yerdə mənəviyyatı, din, qanun pozulan ölkədə dini, qanunu kim gözləyirsə o məndəndir. Bu gün bu məmləkətdə yaşayan kimsə bu əməllərə riayət etməsə, deməli o kafirdir. İnşallah gec-tez cavabını alacaq. Milli-mənəvi dəyərlərimizə, dövlətçiliyimizə  xəyanət edənlər cəzalandırılmalıdır. Buna görə bizə nə Amerika, nə ingiltərə, nə Fransa  irad bildirə bilməz. Əvvəl vətəninə, xalqına xəyanət edənlərə xalqda da nifrət yaranırdı. Onu daş qalaq  edib ölkədən qovurdular. Amma bu gün hər kəs özü üçün qohum-əqraba hakimiyyəti düzəldib. Vəzifəyə gəlib buradakı peşəkar işçiləri çıxardırlar, öz dost, tanışlarını yanlarına gətirirlər. Bu insanlar yadelli deyil axı, onların da öz ailəsi var. Niyə bu insanları ləkələyib, karyerasına son qoyursuz? Artıq prezidentimiz bu işlə də ciddi məşğul olmalıdır. Öz yanında etibarlı, qeyrətli ziyalılardan, ağsaqqallardan ibarət Məsləhət Şurası yaratmalıdır. Ən azından kimsə xalq artisti seçiləndə xalqdan razılıq alınmalıdır".

Nurlan  

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31