Seçicilərimə və ictimaiyyətə açıq deputatam
3 May 2021 10:37 SosialAzər Badamov: "Deputat seçildiyimdən bu günə qədər eyni telefon nömrəni işlədirəm və seçicilərimin əksəriyyəti telefon nömrəmi bilirlər"
"Qışda bazar və bayram günlərində Şah dağda xizək sürməyi xoşlayıram"
![]()
Artıq bir müddətdir ki, "OLAYLAR" qəzeti və eyniadlı agentlik olaraq yeni bir rubrikaya start vermişik. Əsasən millət vəkilləri ilə nəzərdə tutulan rubrikamız "Deputat vaxtı" adlanır. Qısa zaman ərzində bir neçə deputat rubrikamızın qonağı olub və onlarla maraqlı söhbətlərimiz alınıb. Rubrikamızın bu dəfəki qonağı isə 51 saylı Qusar seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Azər Badamovdur.
Deputatın konkret iş qrafiki olmamalıdır
![]()
-Azər müəllim, məlumat verim ki, rubrikamızın adı "Deputat vaxtıdır". Sıravi vətəndaş Azər Badamov deputat Azər Badamovun vaxtı, gündəlik iş zamanını necə xarakterizə edə bilər? Sizcə deputatın gündəlik iş qrafiki, vaxtı nədən ibarət olmalıdır?
-Məncə deputatın konkret iş qrafiki olmamalıdır. Çünki, səhər evdən işə gələndə günün hansı istiqamətdə keçəcəyini planlaşdıra bilmirsən. Elə vaxt olur səhər evdən çıxanda fikirləşirsən ki, bu yazını yazacağam, bu işləri görəcəyəm. Amma işə gəlib çatandan sonra elə vacib məsələlər gündəmə gəlir ki, evdə planlaşdırdığın işlər kənarda qalır və başqa daha önəmli işlərlə məşğul olmalı olursan. Ən rahatı plenar iclaslar olan günlərdir. Çünki, bilirsən ki, bu gün saat 11-dən 17-ə qədər iclasda olmalısan və başqa bütün məsələləri növbəti günə saxlayırsan. Əsasən çalışıram ki, saat 9-da işdə olum. İşə gələn kimi birinci növbədə mətbuatı izləyirəm. Xəbərlərlə tanış oluram. Çünki gün ərzində sənə müraciət edəcək jurnalistlərin nəyi soruşacağını bilmirsən. Məlumatlı olmalısan ki, sənə ünvanlanmış hər bir suala operativ , düzgün və dövlətin siyasətinə uyğun cavab verə biləsən. Deputatın hər bir sözü ictimaiyyət üçün maraqlıdır. Nəinki ictimaiyyət üçün, həm də beynəlxalq ictimaiyyət üçün maraqlıdır. Sonra da məktub və müraciətlərə baxıram. Seçicilərimin müəyyən məsələləri ilə əlaqədar müəyyən qurumlara zənglər edirəm, deputat sorğuları hazırlayıram. Daxil olmuş yeni qanun layihələri ilə tanış oluram. İclaslara hazırlaşıram. Onu qeyd edim ki, boş vaxtım olmur, vaxtın necə keçdiyini hiss etmirəm.
![]()
-Seçiciləriniz günün istənilən vaxtında deputat Azər Badamovla əlaqə saxlayıb, ona öz istək və arzusunu çatdıra bilir?
-Təbii ki, mümkündür. Mən seçicilərimə və ictimaiyyətə açıq deputatam. Nəinki öz seçicilərim, hətta başqa dairələrdən də çoxlu müraciətlər alıram. Bu gün deputata müraciətlərin edilməsi üçün imkanlar genişlənmişdir. Birinci onu qeyd edim ki, deputat seçildiyimdən bu günə qədər eyni telefon nömrəni işlədirəm. Demək olar ki, seçicilərimin əksəriyyəti telefon nömrəmi bilirlər və yaxud da tapmaqda bir çətinlikləri olmur. İkincisi isə rayonda fəaliyyət göstərən ofisimdə gündəlik 8 saat köməkçim oturur və ofisimin qapısı hamı üçün açıqdır. Üçüncüsü, Facebook səhifəm hamı üçün açıqdır. Səhifəmi özüm idarə edirəm və yazılan bütün müraciətlərə şəxsən özüm baxıram. Təkcə seçicilərim üçün deyil, həm də jurnalistlər üçün də açıq deputatam. Çalışıram ki, dövrü mətbuatın suallarını da vaxtında cavablandırım.
![]()
Dostlarla təması minimuma endirmişəm
-Bəs ailəniz, dostlarınızla necə? İstənilən zaman ərzində onlara vaxt ayıra bilirsiniz?
-Təbii ki, işdən sonra ailəmlə oluram. Bir ildən çoxdur ki, pandemiya olduğundan dostlarla təmasımı minimuma endirmişəm. Canlı görüşlərimiz çox az olur. Ancaq telefonla danışırıq, kefi-halı soruşuruq.
-Azər Badamovun ümumiyyətlə boş, arxayın vaxtı, zamanı olurmu və bu zamanı nəyə sərf edirsiniz?
-Ümumiyyətlə insanın boş vaxtı olmamalıdır. Düşünürəm hər bir şəxs özünün asudə vaxtını da planlaşdıra bilməlidir. Qışda bazar və bayram günlərində çalışırdım Şah dağda xizək sürüm. Xizək sürməyi xoşlayıram. İlin qalan fəsillərində meşədə və təbiətdə gəzməyi xoşlayıram. Evdə olduğum zamanı isə xəbərləri oxuyuram, mütaliə edirəm, musiqini dinləyirəm.
![]()
-Hər kəsin uşaqlıqdan müəyyən arzuları olur. Kimisi prokuror, kimisi həkim, kimisi də mühəndis və ya bir başqa sahənin sayılıb seçilən biri olmaq istəyir. Bəs, Azər Badamov necə, uşaqlıqdan elə deputat olmaq istəyirdiniz, yoxsa qarşınıza qoyduğunuz məqsəd başqa idi?
-Xeyir, deputat olacağımı heç vaxt düşünməmişəm. Həyat fəaliyyətim və işimə məsuliyyətlə yanaşmağım mənim bu statusa qədər yüksəlməyimə yol açdı. Düzgün qeyd edirsiniz ki, hər kəsin uşaqlıqdan müəyyən arzuları olur. Təbii ki, mənim arzum həkim-cərrah olmaq idi. Ona görə də Bakıda kimya-biologiya təmayüllü internat məktəbinə girmişdim. Respublika olimpiadalarında iştirak edirdim, tutduğum yerlərə görə çoxlu diplomlar almışdım. Kimyaya və biologiyaya böyük həvəsim vardı.. Amma taleyim elə gətirdi ki, 10-cu sinifi bitirəndə Xalq Təsərrüfatı İnstituna imtahan verməli oldum və həyatımı iqtisadiyyatla bağladım.
Seçicilərimin övladlarının toylarına həmişə dəvət almışam
-Səhv etmirəmsə Siz həm V, həm də VI çağırış Milli Məclisin deputatısınız. Necə düşünürsünüz, deputata da seçilmək üçün vaxt qoyulmalıdırmı? Yəni konkret bir müddətdən sonra ona namizədliyini irəli sürmək qadağası tətbiq olunmalıdırmı?
-Xeyir, IV, V və VI çağırış Milli Məclisin deputatıyam. Milli Məclis seçkili orqan olduğundan deputatlığa namizədliyini irəli sürmək üçün müddətin qoyulması və ya seçilməyində məhdudiyyətin tətbiq olunmasını düzgün hesab etmirəm. Bunu, insan hüquq və azadlıqlarına zidd hesab edirəm. Konstitusiyamızda hər bir şəxsin seçmək və seçilmək hüququ təsbit olunmuşdur. Əgər deputat seçilmiş bir şəxs vətəninə bağlıdırsa, mövqeyi düzgündürsə, öz seçicisinin etimadını doğruldursa, aktiv deputatlıq fəaliyyətini həyata keçirirsə, namizədliyinin yenidən verilməsinə qadağa olmamalıdır. Son sözünü seçicilər deməlidir. Əgər seçicilərin səni yenidən deputat görmək istəyirlərsə yenidən etimad göstərəcəklər, yoxsa yox. Deputat seçilməyin ən düzgün yolu da bu məsələnin seçicilərin öhdəsinə buraxılmasıdır.
-Qeyd etdiyim kimi Siz üç çağırış ard-arda deputat seçilmisiniz və seçicilərinizi kifayət qədər tanıyırsınız. Düzdür, VI çağırış pandemiya dövrünə təsadüf etsə də, V çağırış da kifayət qədər el şənlikləri, toylar oldu. Maraqlıdır seçicilərinizdən Sizi övladının toyuna dəvət edən olubmu və bir qayda olaraq həmin məclislərdə iştirak edirsinizmi?
-Deputat seçilməzdən əvvəl rayonda yaşamışam. İşlədiyim sahə telekommunikasiya qovşağı olduğundan, yəni əhaliyə xidmət sahəsində işlədiyimdən hamı tərəfindən tanınmışam. Bu gün də çox vaxtı seçicilərim telefon və ya internetlə bağlı bir çətinlik yaşayanda mənimlə əlaqə saxlayırlar. Deputat seçilməyim məsuliyyətimi daha da artırmışdır. Təbii ki, seçecilərimin övlad toylarına həmişə dəvətlər almışam. Çalışmışam ki, imkan daxilində rayonda toy və yas məclislərdə iştirak edim. Özüm çatmayanda da adımdan köməkçimi göndərmişəm və çalışmışam ki, seçecilərimin həyatındakı vacib günlərində onlarla bir yerdə olum. Son bir il pandemiya ilə bağlı məhdudiyyətlər təbiq olunduğundan çalışmışam ki, canlı təmmasımı minimuma endirim. Amma yenə də müəyyənləşdirilmiş tələblər çərçivəsində seçicilərimin yanında olmağıma çalışıram.
Deputat olmaq şərəfdir və məsuliyyətdir
-Etiraf edək ki, deputat üçün də fəaliyyət, xüsusilə seçicilərlə işləmək o qədər də asan olmur. Səmimi deyək ki, deputata qəti aidiyyatı olmayan bir işin həll olunmasını ondan tələb edən seçicilər də az deyil. Bu mənada belə hallarla üzləşəndə öz-özünüzə də olsa deyirmisiniz ki, mən nə üçün deputat oldum. Qısası bu fəaliyyətdən bezdiyiniz zaman olur?
-Xeyir. Heç vaxt özüm-özümə deməmişəm ki, deputat nə üçün oldum. Deputat olmaq şərəfdir və məsuliyyətdir. İnsanlar bir iş düzəlməyəndə son ümüd yerini deputatda görürlər. Orda seçiciyə deyə bilmirsən ki, bu müraciətin deputata aidiyatı yoxdur. Seçici yanına öz problemi ilə gəlirsə, o işinin həllini istəyir. Təbii ki, çoxlu müraciətlər olur ki, səlahiyyətimizə aid deyil. Amma yanına gələn seçicinin hər bir problemini öz şəxsi problemi kimi qəbul etməlisən. Orda daha səlahiyyətinə aidliyi müzakirə olunmur. Müəyyən müraciətlər edirsən, xahişlər edirsən və çalışırsan ki, seçicin razı qalsın. Təbii ki, bütün məsələlər də öz həllini tapmır. Əsas məsələ odur ki, seçicini dinləyirsən, onun problemini araşdırırsan və həll olunmasına çalışırsan. Həll olunmayanda da səbəbini izah edirsən.
-Deyə bilərikmi seçiciləri Azər Badamovdan razıdır?
-Bu sualınızıa cavabım çox qısadır. Xahiş edirəm onu seçicilərimdən soruşun.
Süleyman ismayılbəyli
Olaylar.az