DSX-nin yeni zastavası istifadəyə verildi

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Aprel ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş "Ağgöl" sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib. Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriklərini şəxsi heyətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sərhədçisinin həm sərhəddə, həm də səngərdə dövləti maraqların keşiyində durmağa hər zaman hazır olması xüsusi vurğulanmışdır. Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsinə ən ali səviyyədə xüsusi önəm verilməsi sayəsində Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində şəxsi heyət üçün zəruri xidməti və məişət şəraitinin yaradıl­ması qeyd olunmuş, açılışı baş tutan sərhəd zastavasının bu yüksək qayğının növbəti təzahürü olmasını bildirilib.

Açılış mərasimindən sonra tədbir iştirakçıları sərhəd zastavası kom­pleksinə baxış keçirmışlər. Burada şəxsi heyətin xidmətinin yüksək səviy­yədə təşkili və asudə vaxtının səmərəli keçirməsi üçün müxtəlif təyinatlı otaqlar, yataqxana, yeməkxana, hamam-camaşırxana, anbarlar inşa edil­miş, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri yaradılıb. Xidməti fəaliyyətində fərqlənən bir qrup hərbi qulluqçu təltifləndirildikdən sonra tədbir bayram süfrəsi arxasında davam etdirilib. Tədbirin sonunda hərbi hissənin kinoloji mütəxəssisləri xüsusi təlim keçmiş itlərdən istifadə etməklə xidməti tapşırıqların icrası üzrə bacarıqlarını nümayiş etdiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31