Sağalmaz yaramız- SƏHİYYƏ

Səhiyyə sistemindəki ikitirəlik bu sahəni rəzil günə salıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən inkişaf siyasətinin mərkəzində aşkarlıq və şəffaflığın təmin olunması, vətəndaşa layiqli xidmət missiyası dayanmaqla dövlət idarəçiliyinin əsas prioritetini vətəndaş məmnuniyyətinin təmin edilməsi, onları narazı salan halların aradan qaldırılması təşkil edir. Təəssüf ki, ölkə başçısının müəyyən etdiyi siyasi kursun əksinə olaraq, son dövrlərdə bəzi vəzifəli şəxslərin timsalında vəzifə səlahiyyətlərindən öz şəxsi və maddi maraqları naminə sui-istifadə halları müşahidə olunur. Cəmiyyətimiz tərəfindən ikrahla qarşılanan bu kimi əməllər qətiyyətlə ifşa edilir və belə hərəkətlərə yol verən  şəxslər qanun qarşısında cavab verirlər. Dünyada Koronavirus pandemiyasının hökm sürdüyü bir dövrdə Azərbaycanda həyata keçirilən səhiyyə islahatlarının vətəndaşların sağlamlığına xidmət etdiyi heç kimə sir deyil. Dövlət hesab edir ki, insanın əsas hüququ yaşamaq hüququdur. Yaşamaq hüququnun reallaşması üçün ən vacib məsələ sağlamlığın təmin edilməsi, səhiyyənin, tibbi xidmətin düzgün təşkilidir. Bu amil dövlətin sosial mahiyyətini müəyyənləşdirir, dövlətin öz vətəndaşına verdiyi dəyərin göstəricisi kimi qiymətləndirilir. Bu isə özlüyündə həm də dərin siyasi məzmun daşıyır. Düzgün qurulmuş səhiyyənin, savadlı və fədakar həkimin dövlət, cəmiyyət, insanlar üçün nə qədər vacib olduğunu yaşadığımız pandemiya dövrü bir daha göstərdi. Dünyanın hər yerində koronavirusa qarşı mübarizə aparıldığı bir dönəmdə ölüm təhlükəsi ilə üz-üzə qalan vətəndaşlardan maddi maraq güdmək insanlıq əlahinə cinayətdən başqa bir şey deyil. Çox təəssüf ki, Hipokrat andını ayaq altına ataraq yaşamaq uğrunda mübarizə aparan pasientdən pul uman həkimlərimiz də yox deyil. Koronavirus xəstəsini xəstəxanaya yerləşdirmək üçün 4 min manat pul tələb etmək, oksigen balonundan istifadə üçün "tas qoymaq", dəyəri 7 manata olan qan durulaşdırıcı dərmanı 2500-ə satmaq, vətəndaşlara vaksinasiya olunmaları barədə saxta sənəd satmaq hansı həkim etikasına, həkim andına sığışır? Hansı ki, əhalidə kollektiv immunitetin yaranmasına nail olmaqla koronavirus bəlasından xilas olmaq mümkün hesab olunur. Hələ üstü açılmayan neçə-neçə qanunsuz əməllərdən xəbərsizik. Nə dərəcədə vicdansız olmaq lazımdır ki, canı ilə vuruşan, topaq uğrunda sağlamlığını itirən insanların evini satdırıb, var-dövlətini silib-süpürtürüb əlindən alasan. Məlum olduğu kimi son aylar ərzində ayrı-ayrı sahələr üzrə cavabdeh olan vəzivəli şəxs həbs edilib. Tibb müəssisələrinin rəhbərlərinin, fəaliyyətində qanusuzluğa yol verən həkimlərin hüquq-mühafizə orqanları tərəfindən saxlanması vəzifəli şəxslər tərəfindən ciddi mesaj kimi qəbul olunmalıdır.

Çox təssüf ki, hazırda səhiyyə sahəsində elə bir vəziyyət yaranıb ki, hər kəsin pulsuz tibbi xidmətdən istifadə etmək hüququ əlindən alınıb. Konstitusiyada təsbit olunmuş bu hüquqdan istifadə etmək ölüm-dirim mübarizəsinə çevrilib. Məlum olduğu ki, aprel ayının birindən Bakı şəhəri və Abşeron rayonunda icbari tibbi xidmətə keçilib. Bunun üçün vətəndaşlar hələ yanvarın birindən müəyyən məbləğdə vəsait ödəyirlər. Lakin bunun müqabilində vətəndaşlar pulsuz tibbi xidmətdən yararlana bimirlər. Hətta elə həkim və tibb müəssisələri var ki, icbari tibbi xidmətin tətbiqindən belə xəbərsizdirlər. Pulsuz tibbi xidmətin icbari tibbi sığorta sistemi ilə əvəzlənməsi beynəlxalq obyektiv və subyektiv göstəricilərə görə, həyat səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. İndi icbari sığorta üçün pul ödəyən vətəndaş yüksək keyfiyyətli tibbi xidmət ala bilmədikdə sosial-siyasi gərginlik yarana, dövlət-vətəndaş, xəstəxana-xəstə, pasient-həkim münasibətlərində inamsızlıq əmələ gələ bilər. Bu isə islahatların uğuruna kölgə sala, çəkilən xərcləri heçə çıxara, müsbət, mütərəqqi ideyanı neqativ tərəfə yönəldə bilər. Lakin səhiyyə sahəsində idarəçiliyin zəif olması, ikitirəliyin hökm sürməsi vəziyyəti daha da ağırlaşdırır. Nə TƏBİB, nə də Səhiyyə Nazirliyi səhiyyə sistemində yaranan açıqnacaqlı vəziyyəti bölüşmək fikrində deyil. Nəticədə səhiyyə sistemindəki ikitirəlik bu sahəni rəzil günə salıb. Belə bir halda dövlətin səhiyyə siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Səhiyyə Nazirliyi bu sahəyə ümumi rəhbərliyi həyata keçirməlidir. Eyni zamanda, hər bir qurumun fəaliyyət hüdudları və məsuliyyət sahəsi dəqiq müəyyənləşməli, onların hər birinə yeni tələbləri bilən, savadlı, peşəkar, bacarıqlı mütəxəssislər cəlb edilməlidir. Ən vacib şərtlərdən biri isə bu şəxslərin korrupsiyadan uzaq, vicdanlı və dürüst olmasıdır. Bir sözlə, ölkəmizdə səhiyyənin təşkili və idarə edilməsi ilə bağlı ciddi islahatların aparılmasana ehtiyac var.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31