Dövlətin, millətin malına göz dikənlər...

 Heç şübhəsiz ki, bu yolu tutan məmurlar cəzasız qalmayacaqlar

Azərbaycanda həyata keçirilən kadr islahatları bir sıra yeniliklərlə müşahidə olunmaqdadır. Siyasi və inzibati idarəetmədə gəclərə, xüsusən də idarəetmə qabiliyyətinə malik, müasir düşüncəli, eləcə də dövlətə və millətə bağlı kadrlara üstünlük verilməsi tendensiyası davam etməkdədir. Sirr deyil ki, hər hansı məmur vəzifəyə təyin olunursa, onun vətənə və dövlətə xidmətləri əsas götürülür. Bu gün həyata keçirilən kadr siyasətində yeni-yeni simalar vəzifəyə təyinat alırlar. Bu siyasət müsbət qiymətləndirilir. Çox təəssüf ki, bəzi hallarda dövlət başçısı tərəfindən etimad göstərilərək yüksək vəzifəyə təyin olunan məmur özünü doğrultmur. Vətəndaşların problemlərinin həlli bir tərəfə, bir sıra hallarda maddi təminatı dövlət və milli maraqlardan üstün tutrlar. Heç şübhəsiz ki, məmurların bu kimi addımları dövlət başçısının apardığı uğurlu kadr siyasətinə kölgə salır. Halbu ki, prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, mənurlar xalqa xidmət etməlidirlər: "İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. ...Biz "ASAN xidmət"i yaratdıq, hələ bir şikayət eşitməmişəm. ...Bu, həm bizim iradəmizi göstərir, həm də bunu etməyin mümkünlüyünü göstərir. Hər şey məmurlardan asılıdır. Məmurlar işlərində nöqsana yol verərlərsə, cəzalandırılacaqlar".

Dövlət başçısının iradlarından da göründüyü kimi ortada korrupsiya və rüşvətxurluğa qarşı mübarizə üçün siyasi iradə olduğu halda, bəzu məmurların şəxsi mənafelərinə üstünlük vermələri ölkədə həyta keçirilən kadr və struktur islahatlarına ciddi zərbə vurur. Elə bu səbədən də ölkədə həyata keçirilən sistemli islahatlara mane olan, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan korrupsiya və digər əlaqəli cinayət əməllərinə qarşı mübarizə tədbirləri davam etdirilir. Təsadüfi deyil ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən  Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verilməsinə qarşı əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Məmmədov Alimpaşa Adil oğlunun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan "Çinarlı Qəsəbə" MMC-nin bütün paylarını oğlu Adilzadə Adil Alimpaşa oğlu və tabeliyində fəaliyyət göstərən digər şəxslərə məxsus "Şəmkir Səbət Ticarət Mərkəzi" MMC-yə cəmi 40 manata satılmasını, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan "Abad Şəmkir" MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Bundan başqa, Alimpaşa Məmmədovun Şəmkir rayon ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı "Ağstafasutikinti" MMC-nin hesabına köçürülmüş 218 min manat külli miqdarda pul vəsaitini nağdlaşdıraraq təkrar mənimsəmə yolu ilə ələ keçirməsinə, Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeliyində olan şəxslər vasitəsi ilə rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilmişdir.

Alimpaşa Məmmədovun həmçinin rayon icra hakimiyyəti başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında 3 min - 10 min manat məbləğində pul vəsaitləri tələb edərək almasına dair əldə edilmiş məlumatlar üzrə araşdırma aparılır. Eləcə də, onun mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədi ilə 832 min manat vəsaitin oğlu Adil Adilzadənin adına təsis etdiyi "Az Forel" MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilmişdir. Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb. Alimpaşa Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Yeri gəlmişkən qeyd edək ki, Alimpaşa Məmmədov epizodu ilk deyil, bir müddət öncə bir neçə icra başçısının həbsi həyata keçirilib. Onu da qeyd edək ki, cinayət əməlləri məhkəmədə araşdırılan sabiq məmur və icra başçılarının sayı elə də az deyil. Artıq Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilən icra başçılarının, nazir müavinlərinin və digər vəzifəli şəxslərin bir neçəsinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşmaq üzrədir. Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxslərinin, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin, Yevlağın keçmiş icra başçısı Qoca Səmədovun cinayət işi ortadadır. Bundan başqa, Biləsuvar, İmişli, Kürdəmir və Cəlilabad rayonlarında da oxşar əməliyyatlar  keçirilib. Sadalana fakrlar deməyə əsas verir ki, fəaliyyətdə olan icra başçıları bu faktlardan ciddi nəticə şıxarmalıdırlar. Çünki, dövlət başçısı vəzifə səlahiyyətindən sui-istifadə edən məmurlara qarşı sərt mövqeyini daim nümayiş etdirib. Etimad göstərilərək təyin edildiyi vəzifəyə məsuliyyətlə yanaşmaq əvəzinə, dövlətin, millətin malına göz dikənlər heç şübhəsiz ki, cəzasız qalmayacaqlar.

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31