Hərəkəti ilə vəzir olmaq yerinə, rəzil olanlar- SÖHBƏT TELEVİZİYADAN GEDİR
29 Aprel 2021 10:49 SosialBiz ailəmizi, həyatı, dünyanı sevdiyimiz kimi peşəmizi də sevirik. Sevginin bir qolu var, o da HÖRMƏTDİR. Bu dəfə nə həyat, nə də insan sevgisindən danışacağıq. Budəfəki sevgi peşəmizdir. Hər kəs peşəsini sevə və "mən bu sənəti çox sevirəm, ona görə də burdayam" deyə bilər, amma hər kəs hörmət edə bilməz!
Hörmət edilsəydi, bu gün cəmiyyət üçün örnək davranışlar sərgiləyən daha çox jurnalist tanıyardıq, hörmət edilsəydi, reytinqin qurbanı olan dırnaqarası jurnalistləri tanımazdıq, hörmət edilsəydi, mədəniyyətsizlik, mənəviyyatsızlıq evimizə qədər girməzdi. Jurnalistika elə bir sahədir ki, sənin bir sözünü milyonlar eşidir, sənin bir hərəkətini milyonlar görür. Milyonların sevgisini, hörmətini qazanmaq nə qədər çətindirsə, bu sevgini, hörməti itirmək bir o qədər asanddır. Buna görə də hər bir sözünə, hərəkətinə, davranışına gərək diqqət yetirəsən.
Bəs biz teleməkanımızdan niyə bu qədər narazıyıq? Azərbaycan teleməkanında nələr baş verir?
Əslində "Nə baş vermir" sualını qoysaydıq daha doğru olardı. Efirdə şpakat açan kim, müsahibinə görməmiş deyən kim, müsahibinə "Nə gündəsən" deyib onu alçaldan kim...
- Bundan bir neçə il əvvəl kanalların birində "məşhur aparıcı" efirdə şpakat açıb. Çox səs-küyə səbəb olsa da, kanal rəhbəri bununla bağlı bir açıqlama vermədi.
- Hazırda digər Azərbaycan teleməkanında çarəsiz, problemini həll edə bilməyən insanlara yardım əli uzatmaq adıyla yayımlanan verilişlər məqsədindən uzaqdır. Dərdini danışan ya alçaldılır, ya da təhqir edilir.
- Elələri də var ki, verilişə başlamazdan əvvəl qonaqlarına "kövrələrsiniz, elə et ki, guya huşunu itirdin" tipli tapşırıqlarını verir. Bildiyiniz jurnalist olub ssenarist, qonaqlar da aktyorlar və aktrisalar olmaqla hansısa bir səhnəyə hazırlaşır.
- Efirdən öncə qonağının geyimini görməsinə baxmayaraq, canlı yayımda "bu nə geyimdir" deyib əxlaqdan dəm vurulur. Məsələ burasındadır ki, reytinq xəstəliyinə tutulan bu şəxslər üçün canlı yayımda "xarüqələr" yaratmaq daha əlverişlidir.
"Nə qədər tənqid olunsaq da, bizə baxılır. Tamaşaçı bunu istəyir" demək sizin reytinqiniz deyil. Biri var kütlənin arxasınca gedəsən, biri də var kütləni arxanca aparasan. İkisi fərqli məfhumlardır. "Tamaşaçı nə istəyirsə, biz də onu veririk" demək düzgün deyil. Tamaşaçı çox şey istəyə bilər, amma bu o demək deyil ki, siz hər tələb olunanı edəsiniz. Tənqid edəndə tamaşaçı günahlandırılır. Axı kim istəyər ki, mənəviyyatsızlığı təbliğ edən şəxsləri dinləsin? Hansı ailə başçısı külfətini başına yığıb "Bala, televizoru aç, baxaq nə var, nə yox" deyəndən sonra yarıçılpaq, əxlaqdan, tərbiyədən uzaq, bir xalqın əxlaqi keyfiyyətlərinə zidd mənzərənin şahidi olmaq istəyər? Bəlkə kimlərəsə maraqlı ola bilər və baxılacaq. Amma bu hal davam edəcəksə, cəmiyyət və gələcək nəsil uçuruma bir addım da yaxınlaşar.
Nə vaxt maarifləndirici, maraqlı və səviyyəli verilişlər ortaya qoydunuz, biz baxmadıq və ya sizin reytiniqiniz yüksəlmədi?
Günahkar tamaşaçı yox, bu şəxsləri evimizə qədər gətirən televiziya rəhbərləridir.
Köhnə hamam, köhnə tas
Qeyd etmək istədiyim xüsusi bir məqam var. Jurnalist yetişdirən "Jurnalistika" fakültəsi adlı bir təhsil yeri var. Bu fakültədə 4 il təhsil alan şəxs hər gün vicdan, qərəzsizlik, etik davranışları dinləyir və qulağında sırğa edir. Bir də bütün bunlardan xəbərsiz olub, peşə təhsili olmayan, peşəkarlıqdan tamamilə uzaq, jurnalistikadan xəbəri olmayan veriliş aparan "jurnalistlər" var.
Hazırda jurnalistika deyəndə ağıla sadəcə informasiya, xəbərlər gəlir. Baxmayaraq ki, jurnalistikanın maarifləndirmək, bilgiləndirmək və əyləndirmək funksiyası var. Əyləncə bizim teleməkanda elə toy etmək mənasında başa düşülür.
Hər şeydən öncə jurnalistin riayət etməli olduğu etik kodekslər var. Bu, qanunla müəyyənləşib.
Televiziya Və Radio Yayımı Haqqında Azərbaycan Respublikasının Qanununun 32- ci maddəsində deyilir:
32.0.1. maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısı alınmalıdır;
32.0.3. insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır.
Qanunun 41 maddəsində qeyd olunur ki, "Bu Qanunun tələblərini pozan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar". Sual olunur. Görəsən, gözümüzün qarşısında bu qanunun tələbələrini pozan hansı jurnalist və kanal cəzalandırılır? Verdikləri cəza 1 günlük verilişin yayımının dayandırılması olur. Amma təəssüf ki, bu da bir nəticə vermir. Çünki hər şey köhnə qaydada davam edir. Köhnə hamam, köhnə tas.
Qurunun oduna yaş da yanır
Mədəniyyəti, davranış qaydaları, savadı, intellekt səviyyəsinə görə fərqlənən əsl jurnalistlər də az deyil. Pisi görməkdən yaxşıları unutmuşuq. Yaxşı qələm sahibləri hardadır? Niyə görmürük onları? Cavabı çox sadədir. Pisi o qədər gözümüzə batırıblar ki, yaxşıları görə bilmirik.
Problemin həlli yoluna gəldikdə isə əvvəlcə televiziya rəhbərləri bu yöndə maarifləndirilməli, sonra isə auditoiyaya təqdim edilən, 10 milyonun qarşısına işini bilən, etik qaydalara riayət edə bilən əsl jurnalistlər təqdim edilməli, cəmiyyətə örnək davranışlar sərgiləyən verilişlər ərsəyə gətirilməlidir.
Gülər Seymurqızı