Gənclərimiz peşə təhsilinə maraqlı deyillər

Problem valideynlərdə, yoxsa əmək bazarındadır?

Bazar iqtisadiyyatına keçid şəraitində gənclərin peşəyönümü və onların şüurlu yaradıcı əməyə hazırlanması mühüm əhəmiyyət kəsb edir. Gənclər arasında peşə və ixtisaslara meyllərin formalaşması, istiqamətləndirilməsi, peşənin düzgün seçilməsi şəxsiyyətin formalaşmasında vacib keyfiyyətlərdən biridir. Əks halda nəinki Azərbaycanın, eləcə də dünyanın ən nüfuzlu universitetlərini bitirmiş kadrların işsiz qalmaq ehtimalı var. Etiraf edək ki, sözügedən problem  ölkəmizdən də yan keçməyib. Hazırda kifayət qədər əli diplomlu gənclərimiz var ki, illərlədir iş axtarışına çıxıblar. Baxmayaraq ki, hər il Azərbaycanda kifayət qədər daimi və mövsümi iş yerləri açılır, vakant iş yerlərini tutmaq üçün əmək yarmarkaları keçirilir, ancaq bır sıra gənclər yaradılmış bu şəraitdən də yaralana bilmirlər. Sirr deyil ki, düşünülmüş şəkildə fərdi yanaşma hər bir vətəndaşın bacarığına, marağına və qabiliyyətinə uyğun peşə seçməsinə imkan yaradır. Vətəndaşların maraq və meyllərinə, qabiliyyətlərinə, bacarıqlarına uyğun işəgötürənlərin kadr ehtiyacını nəzərə alaraq düzgün peşə seçmələri son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bu vacib işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün peşəyönümünün düzgün aparılması xüsusi əhəmiyyətə malikdir.

Məlumat üçün qeyd edək ki, texniki peşə təhsili ümumi təhsilin tərkib hissəsi olmaqla ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biri hesab olunur. Keyfiyyətli texniki peşə təhsili fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini genişləndirir. Bununla əlaqədar, dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənən tədbirlər əhalinin fəal hissəsinin yerli və beynəlxalq əmək bazarındakı dəyişikliklərə müvafiq reaksiya verməsinə imkan yaradır. Hər bir dövlətin yüksək səviyyəli, inkişaf etmiş sənaye ölkəsinə çevrilməsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində atılan addımlar mühüm rol oynayır. Bu baxımdan sənayeləşmə, elmi-texniki inkişaf yüksək səviyyəli kadrların formalaşması prosesi ilə həmahəngdir. Məlum olduğu kimi texniki peşə təhsilinin inkişaf etdirilməsində əsas məqsədi ölkə iqtisadiyyatının peşə-ixtisas kadrlara olan tələbatın ödənilməsi və əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsidir. Çünki, peşə təhsili elm, texnika və istehsalatın inkişaf tendensiyası, əməyin məzmununda gedən dəyişikliklər böyük təsir göstərir. Texniki və iqtisadi münasibətlər sistemində ixtisaslı kadrların rolunun artması müxtəlif texnoloji proseslərin əmək funksiyalarının və iş növlərinin birləşdirilməsi, peşələrin inteqrasiyası daha münasib məzmun və onun formalaşdırılması prinsiplərini tələb edir. Bəs, ölkəımizdə necə, peşə təhsilinin inkişafında qarşıya qoyulan məqsədə nail olunubmu? Hazırda əmək bazarının tələbatına cavab verən mütəxəssislərin hazırlanması prosesini qənaətbəxş hesab etmək olarmı?

Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, bu gün hər bir dövlətin və qurumun qarşısında duran ən mühüm vəzifələrdən biri müxtəlif peşə sahələri üzrə peşəkar mütəxəssislərin yetişdirilməsidir. Yeni müəssisələr yarandıqca, həmin qurumlarda çalışacaq peşəkar mütəxəssislərə tələb daha da artır: "Son illər müxtəlif istiqamətlər üzrə mütəxəssilərin yetişdirilməsi ilə bağlı həm dünyada həm də ölkəmizdə müəyyən addımlar atılsa da, görüləsi işlər hələ çoxdur. Gənclərin müxtəlif peşələrə maraqlarının artırılması, onların peşəkar mütəxəssis kimi yetişdirilməsi istiqamətində səylər daha da gücləndirilməlidir. Öncə qeyd edək ki, müasir dövrdə gənclərin peşə təhsilinə yönəlməsində bir sıra amillər ciddi rol oynayır. Bu gün valideynlərin bir qismi övladlarının peşə təhsilinə marağını nəzərə almadan onları ali təhsil almağa məcbur edirlər. Məsələn, hansısa gənc konkret bir peşəyə yiyələnmək istəyir. Bu peşə çilingər, qaynaqçı, dərzi və s. ola bilər. Həmin gəncin ali təhsilə marağı yoxdur. Valideyn isə övladını məcbur edir ki, mütləq ali təhsil alsın, əlində diplomu olsun. Bir çox hallarda sonda valideyn istəyən olur. Beləliklə, müəyyən peşə sahəsinə marağı və istəyi olan gənc valideynlərinin təkidi ilə ali məktəblərə imtahan verməyə məcbur edilir. Övlad sevmədiyi və özünü görmədiyi sahə üzrə ali təhsilə başlayır və 4 il təhsil alır. Yekunda isə həmin sahə üzrə peşəkar mütəxəssis kimi yetişə bilmir. Çünki onun  ixtisasına marağı yoxdur, o ixtisas üzrə ali təhsil almağa onu valideynləri məcbur edib, o isə özünü həmin sahədə görmür. Ona görə mümkün qədər valideynlər övladlarının ixtisas və peşə seçiminə həssas yanaşmalıdırlar. Bu o mənaya gəlmir ki, valideyn övladından oxumağı tələb etməməli, ona tam sərbəstlik verməlidir. Hər bir valideynin övladını bilikli və ali təhsilli görmək arzusu təbiidir. Ancaq valideynlər yuxarıda qeyd etdiyimiz reallıqları da mütləq nəzərə almalıdırlar".

Millət vəkili qeyd edib ki, bəzi valideynlərdə belə bir yanlş fikir formalaşıb ki, orta məktəbi bitirən hər bir gənc mütləq ali təhsil almalıdır: "Biz bu stereotipləri qırmalıyıq, həmin gənclərə dəstək olmaq üçün müəyyən mexanizm hazırlanmalı, cəmiyyətdə peşə təhsilinin vacibliyi barədə geniş təbliğat işləri aparılmalıdır. Həmçinin, orta məktəblərdə şagirdlərə peşə təhsilinin istiqamətləri və əhəmiyyəti barədə ətraflı məlumatlar verilməli, onlara ilkin bilik və bacarıqlar aşılanmalıdır. Xüsusilə regionlarda qızların peşə təhsilinə marağının artırılması, onların peşə təhsilinə cəlb edilərək gələcədə madddi durumlarını sığortalamaq üçün böyük  əhəmiyyət daşıyır. Müasir dövrün digər bir reallığı ondan ibarətdir ki, bu gün bəzi peşə sahibləri çalışdıqları sahələrdə heç də ali təhsilli mütəxəssislərdən az məvacib almırlar. Digər bir məsələ bir sıra peşələr üzrə mütəxəssislərin azlığının müşahidə edilməsidir. Bu problem ayrı-ayrı sahələrdə tez-tez müşahidə olunmaqdadır. Odur ki, valideynlər çalışmalıdırlar ki, mümkün qədər övladlarının ixtisas seçiminə hörmətlə yanaşınlar, onlar öz gələcəklərini ali təhsildə görmürlərsə, onları buna məcbur etməməlidirlər. Əgər övladların hansısa yaxşı peşəyə maraqları varsa, onların həmin peşə üzrə təkminləşərək inkişaf etməsinə dəstək olmalıdırlar".    

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31