Niyə bəzi 70–80 yaşlı rəhbərlər kürsülərindən əl çəkmək istəmirlər?- ÖZƏL
12:55 Sosial"Azərbaycan cəmiyyətində çoxdan cavabını axtarmalı olduğumuz bir sual var: Niyə bəzi 70-80 yaşlı məmurlar, rəhbərlər və professorlar hələ də vəzifələrindən, kürsülərindən və təsir imkanlarından əl çəkmək istəmirlər?" "Olaylar" xəbər verir ki, bunu İqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib: "Söhbət yaşlı insanlara qarşı olmaqdan getmir. Əksinə, cəmiyyət yaşlı nəslin təcrübəsinə, biliyinə və həyat müdrikliyinə ehtiyac duyur. Problem yaş deyil.
Problem ondadır ki, bəzi insanlar tutduqları vəzifəni özlərinin ayrılmaz haqqı kimi qəbul etməyə başlayırlar.
Bu gün 30-40 yaşlarında kifayət qədər savadlı, enerjili, müasir dünyanı bilən, texnologiyalara və yeni idarəetmə metodlarına bələd olan insanlar var.
Gənc mütəxəssis özündən 30-40 yaş böyük rəhbərin kreslosunun nə vaxt boşalacağını gözləməli olur. Bu, təkcə karyera problemi deyil. Bu, cəmiyyətin gələcəyinin təxirə salınmasıdır.
İnsana "sən hələ cavansan" deyə-deyə 20 il gözlədib sonra "niyə rəhbərliyə hazır deyilsən?" sualını vermək ədalətli deyil.
Eyni problem akademik mühitdə də özünü göstərə bilər. Professorun dəyəri onun neçə il professor titulunu daşıması ilə ölçülməməlidir. Əsas sual budur: O, özündən sonra neçə professor yetişdirib? Neçə doktorant yetişdirib? Neçə gənc alimə yol açıb? Neçə yeni ideyanın ortaya çıxmasına imkan verib?
Səbəblər müxtəlifdir. Bəziləri vəzifəni həqiqətən xidmət kimi görür və faydalı olduqlarına inanırlar. Bəziləri isə vəzifədən ayrıldıqda nüfuzlarını, təsirlərini və sosial statuslarını itirməkdən qorxurlar. Bəziləri üçün iş artıq peşə deyil, həyat tərzidir.
Amma ən təhlükəli səbəb başqadır: İnsanın özünü əvəzolunmaz hesab etməsi. Professorlar təqaüdə çıxır, universitetlər yaşayır. Əgər bir sistem bir şəxsin gedişindən sonra dayanırsa, problem həmin şəxsin nə qədər böyük olmasında deyil, sistemin nə qədər zəif qurulmasındadır.
Bizim cəmiyyətin düşüncə tərzində bəzən belə yanlış yanaşma var: "Vəzifədən getdimsə, deməli, uduzdum." Bəzən vəzifədən vaxtında getmək ən böyük qələbədir.
Artıq "bu adam 30 ildir buradadır" demək kifayət deyil. Biz başqa suallar verməliyik: Bu insanın nəticələri nədir? Onun rəhbərliyində kafedra inkişaf edibmi? Yeni kadrlar yetişibmi? Gənclərə imkan verilibmi? İnnovasiyaya açıqdırmı? Özündən sonra gələnlərə yol hazırlayıbmı?
Əsl böyüklük elə bir vaxtda ayağa qalxmağı bacarmaqdır ki, sənin yerinə keçən insan səndən daha yaxşı iş görə bilsin".