ABŞ-ın qlobal strategiyası: Rusiya-Ukrayna müharibəsi, İran və enerji savaşının görünməyən tərəfləri- ÖZƏL

"Belə bir yanaşma var ki, Rusiya-Ukrayna müharibəsi ABŞ Prezidenti Donald Trampın reytinqinə mənfi təsir etdiyindən, Vaşinqton noyabrda ölkədə keçiriləcək Konqres seçkilərinə qədər Rusiya-Ukrayna müharibəsini dayandırmaq niyyətindədir". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib: "Əvvəla, Rusiya-Ukrayna müharibəsinin nəticələri və davamlılığı Trampın reytinqinə ciddi təsir göstərmir. Əksinə, müharibənin uzanması bütövlükdə Amerikanın hərbi-strateji və iqtisadi maraqlarını təmin edir, qlobal enerji siyasətinə uyğun nəticələr verir, ABŞ-ın özünün neft ixracı üçün iqtisadi və sərfəli imkanlar açır və ən əsas hədəflərindən biri olan Çinə təzyiqlərini artırır.
Sual yaranır: ABŞ-ın dövlət maraqları ilə uzlaşmayan Trampın Rusiya-Ukrayna müharibəsini dayandırmaq "istəyi" - Ukraynanın qəbul edə bilməyəcəyi kapitulyasiya şərtlərinin irəli sürülməsi - sülh təşəbbüsüdür, yoxsa siyasi təzyiq mexanizmi, ya elə diplomatik manipulyasiya?
Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi, Venesuela, İran müharibəsi, Körfəz ölkələri, Husilər və Çin kontekstində ABŞ-ın qlobal enerji bazarına nəzarətinin artırılmasını təmin edir.
Bəli, Trampın reytinqi aşağı düşüb. Lakin bu reytinqə təkcə Ukrayna-Rusiya müharibəsi deyil, Trampın ümumən qeyri-stabil siyasi kursu və qeyri-ciddi yanaşmalarının onun şəxsiyyətinə qarşı formalaşdırdığı nəticədir.
Vaşinqtonun ən böyük maraqlarından biri İranla münaqişənin davamı, Hörmüz boğazında qeyri-müəyyənlik və Körfəz ölkələrinin dünya neft bazarına ixracına nəzarətin gücləndirilməsidir. Ələlxüsus da həm Körfəzdən, həm də İrandan Çinə neft ixracının qarşısının alınması strategiyasıdır.
Sentyabrın əvvəlində Bişkekdə keçirilən ŞƏT-də Çin nümayəndə heyətinin İran nümayəndə heyəti ilə görüşməkdən imtina etməsinin əsas səbəblərindən birinin Hörmüz boğazı və neft ixracı ilə bağlı olduğu ehtimalı yüksəkdir.
Yəməndə də İran Husilərinin Qırmızı dəniz sahillərini ələ keçirməsi, Bab əl-Məndəb boğazını bağlama ehtimalı da yenə də ABŞ-ın maraqlarına xidmət edir. Belə ki, Körfəz ölkələri Hörmüz boğazından sonra öz neft ixracını Bab əl-Məndəb boğazı vasitəsilə həyata keçirməyə çalışırdı. Lakin Husilərin boğazı bağlamaq təhlükəsi İranın ABŞ-a qarşı əlavə təsiri kimi düşünülsə də, ABŞ-a təsirli vəziyyət yaratmır. Əksinə, qlobal neft ixracına və qiymətlərə təsir imkanı verir.
Əsas məqam, Səudiyyənin Husilərin hücumlarına görə ABŞ-dan kömək istəməsinə Vaşinqtonun birbaşa hərbi yardımdan imtina etməsi ilə Husilərin "işə düşməsinə" müəyyən aydınlıq gətirir. Baxmayaraq ki, ABŞ Ər-Riyada öz müdafiə nümayəndə heyətini göndərib. ABŞ-ın birbaşa hərbi müdaxilədən imtinası bir neçə həftə əvvəl imzalanmış "Məkkə sazişi"nin işə düşməsinə hesab kimi görünür. Olsun ki, Məkkə sazişinin təsisçiləri Türkiyə və Pakistanın məsələyə müdaxiləsi ilə bağlı danışıqlar gedir.
İran Husilər vasitəsilə Bab əl-Məndəbi təhlükə altına salmaqla ABŞ-ı yeni toqquşmaya çəkməyi və təzyiqi azaltmağı hesablamışdı. Ancaq ABŞ-ın birbaşa müdaxilədən imtinası bu planı boşa çıxardı. Hörmüz və Bab əl-Məndəbin təhlükəyə atılması İranın ABŞ-a qarşı yeni asimmetrik strategiyasıdır.
İsrailin də Səudiyyəyə hərbi dəstəyə öz marağı ola bilər. Çünki İsrail bununla Yaxın Şərqdə, ərəb dünyasında və hərbi-strateji, iqtisadi baxımdan vacib boğazlar ətrafında öz təsir və hərbi gücünü artırmağa fürsət qazanır.
Beləliklə, Rusiya-Ukrayna müharibəsi, İranla qarşıdurma, Hörmüz və Bab əl-Məndəb boğazlarında təhlükə, Husilərin fəaliyyəti, Venesuela və Çinə qarşı təzyiqlər ayrı-ayrı hadisələr kimi görünsə də, bütövlükdə hamısı Amerikanın qlobal hərbi, enerji və iqtisadi strategiyası kimi, Vaşinqtonun qlobal enerji bazarına, rəqiblərinə və hərbi-strateji proseslərə təsir imkanlarını genişləndirmək üçün daha böyük imkanlar yaradır. Ona görə də Trampın sülh təşəbbüsü daha çox siyasi imitasiya, qismən də Putinlə şəxsi münasibətlərin nəticəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31