Təhsil Nazirliyi Özbəkistanda beynəlxalq qalmaqala səbəb oldu - Köhnə rüsvayçılıq, yeni qalmaqal

Azərbaycanın adını arzuolunmaz şəxslər bölməsinə saldıran Vaqif Abbasovdan Emin Əmrullayevin saxta uğur fəlsəfəsinə qədər...

Emin Əmrullayev çıxışlarında gənclərə dürüstlükdən, zəhmətdən və ədalətdən danışır. Amma onun rəhbərlik etdiyi sistem gənclərə tam əksini öyrədir: nəticə əsasdır, ona necə çatdığının fərqi yoxdur. Belə bir mühitdə şagirdlər fırıldaqçılığa meyllənir, zəhmət və bilik yox, nəticənin özü meyara çevrilir. Saxtakar yollarla əvvəlcədən material əldə etmək "uğur", əziyyət çəkmək isə vaxt itkisi kimi təlqin edilir. Bu isə sadəcə bir yarışın problemi deyil - gənclərin mənəvi və akademik kompasının sıradan çıxarılması, genefonda qarşı törədilən təxribatdır. Ölkə daxilində süni şəkildə təqdim edilən "uğur hekayələri" ilə beynəlxalq müstəvidə yaranan reputasiya arasında dərin uçurum var. Bir tərəfdə pafoslu hesabatlar, digər tərəfdə qalmaqallar və Azərbaycanın adının arzuolunmaz əməllərdə hallanması.

Özbəkistan olimpiadası - Beynəlxalq səviyyədə rüsvayçılıq: Azərbaycanı biabır edən kimlərdir?

Bu ilin aprelində Özbəkistanda keçirilən "İbn Sina Beynəlxalq Biologiya Olimpiadası - AIBO 2026" ətrafında yaramış qalmaqal E.Əmrullayevin ölkənin nüfuzuna necə zərbə vurmasının açıq isbatıdır. Burada söhbət adi təşkilati problemdən və ya texniki səhvdən getmir. "AIBO 2026" təşkilatçılarının Beynəlxalq Olimpiadanın İdarəetmə Komitəsinə müraciətində ciddi iddialar yer alır. İddiaya görə, Azərbaycanın IBO eksperti Elxan Tahirov 2025-ci ildə Azərbaycan milli komandasının seçim imtahanlarında istifadə olunmuş sualları "AIBO 2026"nın məxfi sual bazasına daxil edib. Daha ciddi iddia isə Azərbaycanın B və C komandalarında iştirak edən səkkiz şagirdin imtahan sualları, diaqramlar və həllərlə əvvəlcədən tanış olmaq imkanı əldə etməsidir.

"AIBO 2026" Təşkilatçıları Beynəlxal Olimpiadanın İdarəetmə Komitəsinə öz müraciətlərində yazır: "Məsələnin mərkəzində Elmi Komitənin üzvü, Azərbaycanın Beynəlxalq Biologiya Olimpiadası (IBO) üzrə eksperti Elxan Tahirov dayanır. Elxan Tahirov AIBO 2026-nın elmi sual bazasına "yeni və məxfi tapşırıqlar" adı ilə 2025-ci ildə Azərbaycan milli komandasının seçim imtahanlarında artıq istifadə olunmuş sualları daxil edib. Eyni tapşırıqların əvvəlcə Azərbaycan üzrə yerli seçim imtahanında, daha sonra isə beynəlxalq olimpiadanın elmi bazasında istifadə edilməsi təsadüfi və əhəmiyyətsiz texniki nöqsan sayıla bilməz. Bu, sualların məxfiliyini, iştirakçılar üçün bərabər rəqabət prinsipini və bütövlükdə olimpiadanın akademik dürüstlüyünü şübhə altına alan ciddi etik pozuntudur. Başqa sözlə, bütün iştirakçılar üçün bərabər imkan yaratmalı olan Elmi Komitənin üzvü öz fəaliyyəti ilə üstünlük ehtimalının və maraqlar toqquşmasının yaranmasına şərait yaradıb. Bu faktlar təsdiqlənərsə, məsələ sadəcə səhlənkarlıq kimi deyil, olimpiadanın nəticələrinə və nüfuzuna təsir göstərə biləcək məsuliyyətli müdaxilə kimi qiymətləndirilməlidir".

Azərbaycanın B və C komandalarında iştirak edən səkkiz şagird imtahan sualları, diaqramlar və həllərlə əvvəlcədən tanış olmaq imkanı əldə edib. Bu halda məsələ təkcə onların neçə medal qazanması deyil. Əsas problem odur ki, əvvəlcədən materialı görən şagirdlə belə imkanı olmayan şagird eyni şərtlərdə yarışmayıb. Deməli, nəticələrin ədalətli və bərabər rəqabət şəraitində əldə edildiyini söyləmək mümkün deyil.

Qalmaqalla bağlı aşağıdakı linkdən ətraflı məlumat ala bilərsiniz:

https://drive.google.com/.../1SPMQTvi77axl3ur6iSNwsio8SKE...

Fənn olimpiadalarının kuratoru kimdir?

Yarıtmaz fəaliyyət, maraqların toqquşması

Ekranda gələcək nəslə dürüstlük, şəffaflıq və ədalətli rəqabət dərsi keçən nazirin rəhbərlik etdiyi sistemin pərdəarxasında isə tamamilə fərqli, qaranlıq bir mənzərə hökm sürür.

https://youtu.be/T86bZaLPE5g?si=rIOJnjcdI-J6Cmev

Fənn olimpiadalarının kurasiyası hazırda Təhsil İnstitutundadır və bu prosesə Emin Əmrullayevin sinif yoldaşı Elnur Əliyevin müavini Fuad Qarayev rəhbərlik edir. Elnur Əliyevin direktor, Fuad Qarayevin isə müavin olduğu bu strukturun nazir Emin Əmrullayevlə şəxsi münasibətlərinin idarəetməyə nə dərəcədə təsir etdiyi haqlı və ciddi suallar doğurur.

Əgər eyni şəxslər həm qərarların qəbulunda, həm nəzarətdə, həm də maliyyə vəsaitlərinin idarə olunmasında əsas mövqeləri tuturlarsa, sistemdə effektiv ictimai və institusional nəzarətin necə təmin edildiyi sualı ortaya çıxır. Bu suallar cavablandırılmadan idarəetmənin şəffaf və obyektiv olduğunu iddia etmək mümkün deyil.

Fuad Qarayev keçmiş Özəl Türk liseylərinin bağlanılmasından sonra ölkənin Təhsil sisteminə Emin Əmrullayevin dəstəyi ilə "transfer olunub". O da Emin Əmrullayevin indiki Fizika-Riyaziyyat İnformatika Təmayüllü liseydən sinif yoldaşıdır. Yuxarıda haqqında danışdığımız Elxan Tahirov isə keçmiş Özəl Türk liseylərinin bağlanmasından sonra Elnur Əliyevin dəstəyi ilə Kaspi Liseyinə "transfer olunmuşdu".

Yaxın günlərdə Fənn Olimpiadalarına ayrılan dövlət və donor vəsaitlərinin necə xərcləndiyini, Təhsil Texnologiyaları Mərkəzi ilə bağlı müqavilələri və bu vəsaitlərin hansı istiqamətlərə yönəldiyini sənədlər əsasında araşdıracağıq. Əgər maliyyə pozuntuları və ya digər qanunsuzluqlar aşkarlanarsa, onların konkret faktlarını və məsul şəxslərlə əlaqəsini ayrıca təqdim edəcəyik. Burada əsas məqsəd pulun hara getdiyini və sistemdə nə baş verdiyini göstərməkdir.

Qayıdaq Təhsil İnstitutunun ikiüzlü məlumatına...

Təhsil İnstitutunun 30 aprel 2026-cı ildə "AIBO 2026" nəticələri ilə bağlı yaydığı rəsmi məlumat da ayrıca diqqət çəkir. Məlumatda şagirdlərin olimpiadada uğurlu çıxışı və qazandıqları nəticələr ön plana çəkilir.

https://www.facebook.com/share/p/1CL2H74nz9/?mibextid=wwXIfr

Məsələnin daha təhlükəli tərəfi də budur:

əgər gənc görürsə ki, nəticənin necə əldə olunmasından çox, medalın necə təqdim edilməsi önəmlidir, onda ona çox yanlış mesaj verilir. Belə mühitdə zəhmət, ədalət və akademik dürüstlük arxa plana keçir, əsas məqsəd isə nəticəni əldə edib onu "uğur" kimi təqdim etmək olur.

Burada məsuliyyət yalnız konkret şəxsin üzərində qalmır. Kim nəzarət etməli idi? Kim sualların məxfiliyinə təminat verməli idi? Kim nəticələrin ədalətli əldə olunmasına cavabdeh idi? Və ən əsası, bu iddialar ortaya çıxdıqdan sonra niyə ictimaiyyətə aydın və şəffaf izahat verilmədi? Təbii ki, bu suallara da cavab vermək çətindir.

Nazir uşaqlara nəyi öyrədir?

Respublika və beynəlxalq fənn olimpiadaları istedadlı şagirdləri üzə çıxarmaq, onların potensialını inkişaf etdirmək və Azərbaycanın adını beynəlxalq bilik yarışlarında tanıtmaq üçün yaradılmış platformalardır. İstedadlı uşaqların erkən aşkarlanması və onların gələcək təhsilinə əlavə imkanların yaradılması bu sistemin müsbət tərəfidir.

Amma medalın arxasında başqa bir reallıq da var. Olimpiada sistemi yalnız bilik və rəqabət məsələsi deyil, həm də akademik dürüstlük, bərabər imkan və şəffaflıq məsələsidir. Bu prinsiplər pozulursa, qazandığın medalın özü də sual altına düşür.

"AIBO 2026" ətrafında ortaya çıxan iddialar məhz bu baxımdan ciddi narahatlıq doğurur. Çünki burada söhbət təkcə bir yarışdan və bir neçə sualdan getmir. Söhbət nəticənin necə əldə edilməsindən, kimlərin üstün vəziyyətə gətirilməsindən və bu prosesə kimin nəzarət etməsindən gedir.

Əgər təhsil sistemi gəncə "dürüst ol, zəhmət çək, qaydalara əməl et" deyirsə, amma sistemin özündə bunun əksini göstərən hallar baş verirsə, ən böyük problem də elə budur. Çünki məktəb uşağa yalnız bilik vermir, həm də davranış modeli öyrədir.

Azərbaycanın adını arzuolunmaz şəxslər bölməsinə yazdıran Vaqif Abbasovla Emin Əmrullayevi nə birləşdirir?

Araşdırmamızda diqqətçəkən sənədlərdən biri "Minutes of the Steering Committee meeting, Budapest, 6-9 December, 2007" adlı Rəhbər Komitə protokoludur. Sənədin 6-cı bəndi "Academic honesty" - "Akademik dürüstlük" adlanır. Burada 2007-ci ildə Moskvada keçirilmiş "IChO-39" zamanı bir ölkənin bütün şagirdlərinin cavab vərəqlərində pozuntular aşkarlandığı qeyd olunur və həmin heyətin üzvlərinin növbəti yarışlara göndərilməməsi təklif edilir.

2007-ci il protokolunda ölkənin adı açıqlanmır. Lakin 2009-cu ildə qəbul edilmiş "Minutes of the IChO Steering Committee Meeting, 3-6 December 2009" adlı başqa rəsmi protokol bu məsələyə mühüm detal əlavə edir.

Sənədin "People not to be welcomed" - "Arzuolunmaz şəxslər" bölməsində Azərbaycanın adı açıq şəkildə göstərilir.

Beləliklə, iki sənəd birlikdə oxunduqda xronoloji əlaqə ortaya çıxır:

2007-ci ildə Moskva olimpiadasında akademik dürüstlüklə bağlı ciddi pozuntu qeydə alınır. 2009-cu ilin dekabr protokolunda isə Azərbaycan ayrıca göstərilir və Vaqif Abbasovun adı "arzuolunmaz şəxslər" siyahısında məhz "Moscow, 2007" qeydi ilə yer alır. 74 yaşlı ahıl akademik Vaqif Abbasov hazırda Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru vəzifəsində çalışır.

İndi isə başqa bir məqam ortaya çıxır.

Emin Əmrullayevlə Vaqif Abbasovun uzun illərdir yaxın münasibətdə olduğu bildirilir. Onların 8 iyul 2026-cı ildə Heydər Əliyev Sarayında keçirilən "SABAH-ın Məzunu 2026" tədbirində eyni sırada əyləşməsi də bu münasibətin ictimai şəkildə görünən nümunələrindən biridir.

https://www.icho-official.org/results/results.php?id=39...

Burada artıq susmaq mümkün deyil: Emin Əmrullayevlə Vaqif Abbasov arasında nə var? 2007-ci ildə beynəlxalq olimpiadanın rəsmi sənədlərində adı akademik dürüstlüklə bağlı hadisənin ardınca "arzuolunmaz şəxslər" siyahısında çəkilən Vaqif Abbasov bu gün də sistem daxilində hansı rola malikdir? Emin Əmrullayev ondan hansı formada və nə üçün bəhrələnib? Aralarındakı şəxsi münasibət hansısa institusional qərarların qarşısına keçibmi?

Əgər beynəlxalq səviyyədə sənədləşdirilmiş belə bir hadisə varsa, niyə nəticə çıxarılmayıb? Niyə araşdırma aparılmayıb? Niyə məsuliyyət məsələsi qoyulmayıb? Azərbaycanın adı beynəlxalq olimpiadanın rəsmi protokollarında belə əməllərdə hallanırsa, bunun məsuliyyətini kim daşıyır? Şəxsi dostluqlar, yaxın münasibətlər və vəzifə əlaqələri dövlətin və ölkənin nüfuzundan üstünmü tutulur? Ölkənin adını beynəlxalq platformalarda biabır edən belə hadisələrə niyə göz yumulur?

Emin Əmrullayev və Vaqif Abbasovu birləşdirən əsas cəhət süni şəkildə yaradılan uğur görüntüsünün ön plana çıxarılmasıdır. Bu xətt akademik dürüstlüklə bağlı suallar, "fake qələbələr", şişirdilmiş nəticələr və ictimaiyyətə real vəziyyətdən daha parlaq təqdim olunan "uğur hekayələri" ilə xarakterizə olunur. Bir tərəfdə "Moskva-2007" hadisəsi ilə bağlı beynəlxalq olimpiadanın rəsmi protokollarında adı çəkilən Vaqif Abbasov, digər tərəfdə isə bu günün təhsil idarəçiliyinin "uğur" kimi təqdim etdiyi nəticələr dayanır. "AIBO 2026" ətrafında ortaya çıxan iddialar da bu mənzərəni daha ciddi suallar qarşısında qoyur.

Elm və Təhsil Nazirliyi bu suallara cavab versin:

- AIBO 2026 ilə bağlı araşdırma aparmısınızmı? Yoxsa bu "uğuru" da növbəti hesabatlarda "PISA 2025" nəticələri kimi ictimaiyyətə və ölkə rəhbərliyinə parlaq göstərici kimi təqdim etməyə hazırlaşırsınız?

- Fənn olimpiadalarına ayrılan dövlət və donor vəsaitləri hara və necə xərclənib? "İnnovative Business Products" MMC ilə bağlanan müqavilələr, eləcə də Təhsil Texnologiyaları Mərkəzi üzərindən həyata keçirilən xərclər üzrə ictimaiyyətə tam və şəffaf hesabat veriləcəkmi?

- Beynəlxalq olimpiadalarda Azərbaycanla bağlı belə ciddi iddiaların səslənməsinin ölkənin nüfuzuna hansı zərbə vura biləcəyinin fərqindəsinizmi? Vəzifənin verdiyi səlahiyyətlər şəffaflıq öhdəliyindən daha üstün deyil.

- Və ən əsas sual: təhsildə şəffaflıq və akademik dürüstlük tələb edən bir sistemin öz daxilində belə iddialar yaranırsa, buna kim cavab verməlidir? Əgər idarəetmə şəxsi münasibətlər və qapalı çevrə üzərində qurulursa, nəzarət mexanizmlərinin işlədiyinə kim zəmanət verə bilər?

Aidiyyəti dövlət qurumları bu və digər araşdırma(larım)da göstərilən məsələlərlə və verilən suallarla bağlı addımlar atmalıdır ki, problemin kökü ortaya çıxsın və dövlət büdcəsindən, ölkə rəhbərliyinin etimadından sui-istifadə hallarına son verilsin.

Müəllif: Samir Feyruzov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31