Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
12:44 DünyaTürkiyədə ət məhsullarının istehsalı ilə bağlı yeni standartlar qüvvəyə minib. Yeni qaydalar dönər, kolbasa və qiymə də daxil olmaqla bir sıra məhsulların tərkibinə dair tələbləri sərtləşdirir.
Milli.Az xəbər verir ki, bununla bağlı Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin bildirişi "Resmi Gazete"nin yeni sayında dərc olunub.
Yeni qaydalara əsasən, dönər, sucuq, burger, qiymə, basdırma və qovurma kimi məhsullarda dolduruculardan istifadə qadağan edilib. İstehsalçılar və müəssisələr üçün yeni tələblərə uyğunlaşmaq məqsədilə 31 mart 2027-ci ilədək keçid dövrü müəyyənləşdirilib.
Qaydalara əsasən, dönər hazırlanmasında istifadə olunan ətin növündən asılı olaraq məhsullar üç kateqoriyaya bölünəcək. Bütün kateqoriyalarda doğranmış qırmızı ət və qiymənin məhsulun tərkibindəki payı normalaşdırılıb.
Bundan əlavə, dönərdə yağ və duzun miqdarına da məhdudiyyət qoyulub. Belə ki, ümumi yağın payı 25 faizdən, duzun payı isə 2 faizdən çox ola bilməz.
Ətin tərkibində zülalın miqdarı isə ən azı 12 faiz olmalıdır.