Dövlət hüququ - insan hüquqlarının tərkibi və hüquqları təmin edən dəyər kimi

Dövlət hüququ insan hüquqlarını təmin etmək üçündür

İnsan hüququnun tanınması bir proses olaraq dərketmədir. Dövlət dərketmə obyektidir. İnsan hüququ insanın özünün dərketmə obyektidir.

Dövlət insan hüququnun, insan da təşkil etdiyi dövlətin hüququnun daşıyıcısıdır. Bu yöndə hüququn təmsilçisidir. İnsan dövlətdə təmsil olunur. Özünü bütün parametrləri ilə dövlətdə və cəmiyyətdə təsdiq edir. İnsan hüququ onun şəxsiyyətini təşkil edən, tərkibini formalaşdıran elementlərin məcmusudur. Bu baxımdan insanın mənəvi haqqı anadangəlmədir, təbiidir. Hüquq mənəviyyatın əsasıdır, özüdür. Hüquq mənəviyyatı təsdiq edən karttdır. Mənəvi dəyərlərin tərkibi də elə mənəvi kartdır. Hüquq insanın maddi aləminin ifadəçisidir. Maddi aləmə haqq verəndir.

İnsanın dövlət hüququ onun mədəniyyət hüququnun tərkibidir. Çünki dövlət mədəni bir kompleksdir. İnsan deyir: "Mən dövlətə ona görə haqq verirəm ki, mənim hüquqlarımı təmin eləsin! Məni qorusun!"

İnsan özü haqqında düşünür. Özünün mənasını kəşf edir. Həm də dərk edir. Özünün mahiyyətini aşkarlayır. Bu dünyada missiyasının əsaslarını ayırd edir.  Özünün maddi və mənəvi aləm üzərində haqqını iddia edir. Bağlılığını dərk edir. Məlumdur ki, Allah Yer planetini  həm də insanlar üçün bəxş edib. Bu yöndə Planet insana əmanətdir. Planeti, təbiəti qorumaq bir borc və məsuliyyətdir. İnsan planetdə nə var, əhatəsində olanları, ətrafındakıları özünə yaxın bilir. İnsan qabiliyyəti, bacarığı, istedadı, biliyi, elmi, yaradıcılığı və quruculuğu ona iştirak, istifadə, sahiblik, aidiyyatlılıq kimi haqlar, səlahiyyətlər  verir. Haqq bağlantıdır, aidiyyatı olmaq deməkdir. Burada məxsusluq, sahiblik kateqoriyası var.  Burada fiziki bağlılıq  və mənəvi bağlılıq mövcuddur və şərtdir. İnsan missiya üçün Yer üzündədir. Bu yöndə vəzifə və məsuliyyət, öhdəlik vacibdir, zərurətdir, şərtdir. Haqq bağlayıcı teldir, eyniləşdirici və ümumiləşdirici əsasdır. 

İnsan yaşamaq üçün lazım olan vəsaitlər üzərində istifadə, sərəncam vermək, onu qismən və bütöv şəkildə istifadə etmək, əldə etmək, məhv etmək, ləğv etmək, dəyişmək, yeni formaya salmaq, nəyisə  qurmaq, tikmək, uçurtmaq, dağıtmaq, yeniləmək, tamamilə yenisini yaratmaq istedadına, qabiliyyətinə, bacarığına sahibdir. Bütün bu kimi hərəkətlər insana haqlar verir. Daha doğrusu haqqın özüdür.  İnsan hüquqları insanın özü tərəfindən insani dəyərlərin tanınması, istifadəsi və qəbul olunması üçün şərtdir.  İnsan öz hüququnu özü vasitəsilə-fərdi və kollektiv şəkildə tanıyır. Daha doğrusu, olanı (qazanmış olduğunu)  və olacağını (əldə edəcəyini, qazanacağını)   təsdiq edir.

Ana uşağı dünyaya gətirir. Uşaq ona məxsus olur. Bağlılıq var.  Uşaq üzərində hüquqları, vəzifə və məsuliyyəti var. İnsan bir dövlətdə dünyaya gəlir. Həmin dövlətin tanıdığı və qəbul etdiyi hüquqlardan istifadə səlahiyyəti qazanır. Dövlətin hüquq sistemi insanı ağuşuna alır. İnsan yaşlandıqca, böyüdkücə və qocaldıqca hüquq sisteminin dəyərlərindən istifadə etməyə başlayır. Həm də dövlətin qoşulduğu beynəlxalq haqdan istifadə imkanları əldə edir. Bu yöndə qəbul edə bilərik ki, hüquqların passivlikdən aktivliyə keçid prosesləri daimidir, hüquqların aşkarlanması prosesləri sonsuzdur. Bu proseslər insanın fəaliyyətinə, mövcudluğuna bağlıdır. İnsana aid olan nə varsa onun hüququnun obyektidir, predmetidir, özüdür. Lakin burada diqqəti çəkən bir  məqam da var ki, insan onun özü və ətraf üçün fayda verəcək işlərlə məşğul olmalıdır. Sərhdələr poztiv anlamda rəvan keçilməlidir.

İnsan yaşlandıqca hüquqlardan məhrum ola bilir. Məsələn, qocalıqda artıq gənclər üçün müəyyən olunmuş hüquqlardan istifadə edə bilmir.   Hüquq təbii olaraq bir model, formula və metod kimi qalır. Hər dünyaya gələn ondan istifadə edə bilir.

Hüquq  forma və mahiyyət etibarilə sərhədlənən, şərti və mütləq sərhədlərdən rəvan keçən, özünəxas məkanı və əhatəsi olan vəzifə və səlahiyyətlər məcmusudur. Ümumiləşmə, yəni hüquqların universal xaratkter aldığı əsasda sərhədlər rəvan keçilir. Bu zaman bütövləşmiş, sintez olunmuş hüquq, kollektiv, birgə hüquq formalaşmış olur.   Hüquq nisbi "O" başlanğıcdan xətt üzrə sola və sağa tərəf passivləşən və aktivləşən vəzifə və səlahiyyətlərin normalaşmış, hədlənmiş, sərhədlənmiş, ölçüyə, nizama tabe olan  məcmusudur. Bu aktivləşmə, gerçəkləşmə və passivləşmə dəyişən normalarda özünü təsdiq etmiş olur. Dəyişən normaların passiv, yəni təbii özəyi, bazası, əsası olduğu kimi qalır, zaman və məkan baxımından passivləşmə və aktivləşmə meydana gəlir. 

Dəyişən  hüquqlar  mütləq və mütləqlərdən keçidlər edən, mütləqlərin əvəzlənməsini, ardıcıllığını özündə ifadə edən  nisbi sabit və dəyişən həcmli və kəmiyyətli, ölçülü normalardan, vəzifə və səlahiyyət, ixtiyar tutumlarından ibarətdir. Sadə dillə ifadə etsək, belə izah edə bilərik ki, hüquq təbiidir, insanın azadığını, sərbəstliyini özündə daşıyır. Formuladır, normadır. Bu noma təbiidir, insanla birlikdə doğulur, lakin imkanlar, şəraitlər, zaman və məkan amili ilə passivləşir və aktivləşir. Daha da sadə yolla desək, belə qənaətə gələ bilərik ki, planetdə nə var, insan ondan istifadə haqqına malikdir.  İnsan öldükdə dəfn olunmaq haqqına malikdir. Bu haqların müəyyən olunmasını isə funksiyalar olaraq  dövlət yerinə yetirir. Dövlət insandan, sakinlərdən, xalqdan, cəmiyyətdən səlahiyyət və  ixtiyar alır və insanın təbiətə, cəmiyyətə olan kollektiv və fərdi münasibətlərini tənzim edir. Dövlət aidiyyat, sahiblik, bağlılıq, məhrumiyyət kateqoriyalarını müəyyən edən tərəf rolunu oynayır. Dövlətə bu haqqı xalqın özü verir. Dövlət haqqını konstitusiyaya uyğun olaraq qazanır. Ana qanun əsasında digər qanunvercilik aktlarını haırlayır, ləğv edir, yenisi ilə əvəzləyir. Harada insanın iştirak etdiyi, edə biləcəyi məkan varsa, orada onun hüquqları mövcud olmuş olur. Dövlət isə bu hüquqların açıq və qapalı xassəsini, tipini, passiv və aktiv fazasını, tam və natamamlığını müəyyən edir. Dövlət hüquqları təhlillər apararaq, şəraiti öyrənərək, bioloji və fiziki əsaslarla müəyyən edir. Dövlət insanların ona verdiyi səlahiyyətlərdən istifadə edərək, dövləti, ölkəni ayrıca bir subyektə çevirir və müəyyən vasitələrin birbaşa özünə məxsus olduğunu normalara salır, qanunvericilik sənədlərində əks etdirmiş olur. Dövlətə bu haqqı da insanlar verir. İnsanlar öz hüquqlarını bir tərəf kimi müəyyən olunan dövlət hüquqlarında görürlər.

Dövlət hüququ məxsusi və universal əsasda  konkret aktlardan ibarətdir. Hər bir akt bir hadisədir. Akt akta şərt verir. İxtiyar və səlahiyyətəri, vəzifələri, bu baxımdan da fəaliyyəti, hərəkətləri genişləndirir. Dövlətin hüququ bu aspektdə insan hüquqlarının sferasını artırmaqdan ibarətdir. İnsanların sahələrdə vəzifə və funksiyalarını müəyyən edir.

Dövlət vəzifə, ixtiyar, sahiblik və digər səlahiyyətlərini müəyyən edir. Hüququn, vəzifənin, səlahiyyətin obyekti və mənbəyi elə insanın özüdür.  İnsan birləşir və kollektivi ehtiva edən subyekti, tərəfi, vəzifə və səlahiyyətləri formalaşdırır. Dövlət insanın cəmləşdiyi kollektivdir. Dövlət öz tərkibində insanın kollektiv və fərdi hüququnu ifadə edən, sahələr üzrə ayıran, ayırd edən subyektlər, hüquq tərəfləri yaradır. Hər bir subyektin də bir tərəf kimi öz vəzifə və səlahiyyətləri mövcud olmuş olur. Dövlət elə bir siyasi sistemdir ki, müəyyən hüquq və vəzifələri olan strukturlardan ibarətdir. Bu yöndə dövlətin hüququ insanların sahələr üzrə ümumiləşmiş hüquqlarının vahid təcəssümüdür. Dövləti təmsil edən, onun strukturunu təşkil edən subyektlərin hüquqları cəm halda insanın dövlət, siyasət, idarəçilik hüquqlarını meydana gətirir. Daha doğrusu, təşkil edir.

Akt hüququn mahiyyətini, məkanı və zamanı özündə daşıyan, kriteriyaları ehtiva edən   funksiya  yerini yetirir.  Norma ifadə edir. Dövlət hüquq norması müəyyən edir, onu xalqın özü tərəfindən qəbul etdirir, tanıtdırır. Bu yolla təsdiqlətdirir və qanunvericilik sisteminin tərkibinə qatır. Dövlət imkanlardan irəli gələrək, lazım olanda hüquqların tərkibini genişləndirir, daha doğrusu, genişlənmiş xüsusda tanıyır, aşkar edir. Bəyan edir və hüququn normalarla  təmin edilməsi  üçün qanunvericlilik vasitələri (sənədlər) qəbul edir. Deməli, dövlət ilk növbədə "düşüncəsi" ilə hüquqları müəyyən edir, sonra da xalq tərəfindən (Parlament yolu ilə, seçdiyi rəhbər, lider vasitəsi ilə, mərkəzi və yerli  hakimiyyəti vasitəsilə ) qəbul etdirir.  Xalq öz hüququnu düşünür, təsnif edir, sahələrə ayırır, özü də qəbul edir, təsdiqləyir. Burada artıq dövlətin hüquqları sayəsində insan hüquqlarının müəyyən olunması prosesləri yaşanır.

Dövlətin cəmiyyətin, insan həyatının bütün sahələrində demək olar ki, hüququ müəyyən etmək və normalarla tənzim etmək səlahiyyəti var. Dövlətin funksiyaları aktiv və passiv olur. Digər tərəfdən "danışan" və "lal" əsaslı olur. "Lal hüquq"-dedikdə, burada açıla bilməyən, düyünləri təşkil edən, həm də səssiz qalan vəzifə və səlahiyyətlər nəzərdə tutula bilər.  Burada "dolayı hüquq" anlayışı da ortaya çıxa bilər. Məsələn, adət-ənənə cəmiyyətin işidir və cəmiyyət tərəfindən tənzim olunur. Dövlətin burada hüququ var. Ancaq "lal" və "səssizdir". Dövlət çox da müdaxilə etmir. İxtiyarı camaatın özünə buraxır. Dövlət sadəcə olaraq formalaşmış adət-ənənələri qoruyur və adət-ənənələrin yerinə yetirilməsinə imkanlar yaradır. Özünü "məsafə saxlayan tərəf" qismində görür.  

Dövlət bir tərəfdir, subyektdir, işlək mexanizmisi olan aparatdır. Onun aparatı inzibati və siyasi məzmunludur. Bu yöndə dövlətin inzibati və siyasi idarəçilik və tənzimləmə hüquqları, bu hüquqlardan törəyən vəzifə və funksiyaları, məsuliyyəti və öhdəliyi mövcuddur.  Dövlət inzibati və siyasi hüquqlardan istifadə edərək özünün siyasi fəaliyyətini tənzim edir. Bu məsələdə xalqdan konstitusion səlahiyyətlər almış olur. Səlahiyyətlərinə görə də vəzifələrini sistemləşdirir. Məsələn, dövlət rəhbəri, hökumət öz işini yerinə yetirmək üçün mərkəzi və yerli icra hakimiyyəti strukturlarını təşkil edir. Tənzimləmə funksiyası yoluna qoyma, pozitiv yöndə axarlara yönəltmək mənalarını verir. Vəzifə və səlahiyyət təsir imkanları qazandırmış olur.

Dövlət strukturunda hərəkətlər piramidal formada yerinə yetirilir və bu yöndə məkanda və zamanda unuiversal və məxsusi hüquqları mövcuddur. Pilləli, əhatəli struktur hüquqların şaxələnməsini özündə ehtiva dir. Dövlətin daxildə və beynəlxalq aləmdə maraq təmin etmək funksiyası mövcuddur. Həm də vəzifəsi və öhdəliyi var. Dövlət varsa, deməli təbii olaraq öz missiyasını yerinə yetirməlidir. Buna borcludur. Dövlətə hüququ insanlar verir; ona görə ki, dövlət təminedici qurumdur. Dövlət hüququ insan hüquqlarını bir arada cəmləşdirmək və bundan da ümumi və məxsusi fayda götürmək üçün vəzifə və səlahiyyətləri özündə daşıyır. Dövlət hüququ vəzifə və səlahiyyətlərdən istifadə  etməklə dövlətin aktları axarlara yönləndirilməsindən ibarət olan fenomendir, dəyərdir. Dövlət hüququ insanları ayaqda tutmaq üçün aktlar yaratmağa icazə verən, yön göstərən əsasları özündə ehtiva edir.

Dövlətə hüququ ona görə insan verir ki, insan öz kollektiv hüququnu dövlət qurumunda ifadə edir.  Sanki bölür, paylaşır. Dövləti insanlar  təşkil edirlər, ona görə ki, insanın fərdi və kollektiv hüquqlarını müəyyən edən vasitə, tərəf, subyekt, güc, potensial qismində görürlər. İnsanların sosial statuslarını dövət müəyyən edir.  Dövlət hüququ insanların topa halda olan hüquqlarının ümumiləşmiş bir ifadəsidir. Dövlət təmsilçidir, səlahiyyətləri, vəzifələri (funksiyaları), maraq və mənafeləri, məsuliyyət və öhdəlikləri mövcuddur. Bu kimi kriteriyalar dövlətə cəm halda hüquq müəyyənedici və hüquq daşıyıcı funksiya təqdim edir. Dövlət insan hüquqlarının araşdırıcısı rolunda çıxış edir.   Dövlət insanın təbii hüquqlarını təsnif edir, müəyyən edir, sahələrə ayırır, tanıyır və təsdiqləyir. İcrası üçün norma və qaydalar müəyyən edir. Hüquq normaları ilə hüquqların kəmiyyəti, məkanı, icrası zamanı və şəraitləri meydana  gəlmiş olur. Dövlət hüquqların zamana uyğun normalarını və qaydalarını müəyyən edir. Dövlətə haqqı xalq verir və onu mədəni, ictimai və siyasi bir quruma çevirir. İnsan fəaliyyətinin sahələri də özlüyündə dövlət hüququnun sahələr üzrə formalaşmasını təmin edir.

Dövlət adlı təşkilat varsa, onu insan sosial-rifah hal üçün təşkil edirsə,  deməli  dövlət adlanan qurumlar cəmiyyətlərin, insanların hamisidir. Dövlət kiçik ailə modelidir. Ailə ona görə qurulur ki, üzvlər, fərdlər birləşsin, imkanlar bir olsun və imkanlardan hər bir üzv faydalansın.  Ailənin şəxsiyyəti, statusu, imici onu təmsil edən üzvlərdən asılıdır.  Ailə öz planlamasını həyata keçirir, yaşamaq üçün müəyyən layihələr tərtib edir. Ailə iz qoyur, ənənə davam edir.  Üzvlərin fəaliyyəti, maddi vasitələr obyektdir. Maraq sferası sahələri mövcuddur.

Dövlətin fəaliyyətinin əsasları məhz  xalqdan əldə etdiyi hüquq mənbəyindədir. Yəni vəzifə və səlahiyyətlərini insanlara haqlar verən xüsusiyyətlərdən götürür. İnsanların yaşayış tərzi və əldə edilən vasitələr hüquqların formasını və mahiyyətini özündə ifadə edir. Xalq hüquq mənbəyi olaraq dövlətə haqq verir. Fəaliyyətini şaxələndirir, sistemləşdirir. Dövlət hüququnun şaxəli, çoxtərəfli və məzmunlu qayəsi məhz insan hüquqlarının çoxtərəfli məzmunundan meydana gəlir. Xalqın mədəni və milli maraqları dövlətin istiqamətlər müəyyən etməsinə müəyyən haqlar verir. 

Dövlət ardıcıl qaydada, fasiləsiz olaraq insanların: vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələrini müəyyən edir, onların  fəaliyyətini, yaradıcılığını və quruculuğunu təmin edir.

Dövlətin hüququ var ki, bir tərəf kimi, həm də ümumiləşdirici tərəf kimi təmsil etdiyi xalqın, insanların, həm də əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin hüquqlarını incələsin. Dərk etsin, təhlillər aparsın. Hüquqi kateqoriyaları, normativ kriteriyaları müəyyən etsin. Normaların qaydalarla yerinə yetirilməsini təmin etsin. Dövlət həm fərdi, həm  də kollektiv şəkildə insanların bəşəri hüquqlarını müəyyən və təmin etməyə borcludur.  Dövlətin haqqı var ki, normalarla müəyyən edilmiş hüquqların pozulmasının qarşısını alsın. Bu baxımdan da dövlətin cəza müəyyən etmək, təyin etmək haqqı vardır.

Dövlət hüququ demək olar ki, üç baza  istiqamətdə təmin olunur: hüquqlar müəyyən olunur; hüquqları təmin edilir; hüquqlar qorunur.   Hüquqların qrunması ilə dövlət öhdəliyi yerinə yetirmiş olur. Məsuliyyətinin əsasları formalaşmış olur. Dövlətin hüququ var ki, insan hüquqlarının təminatı məsələsində meyar müəyyən etsin. Ölçülər, etalonlar müəyyənləşdirsin.

Dövlətin hüququ var ki, insan hüquqları sahəsində vasitələrin, tərəflərin  də hüquqlarını təmin etsin. Məsələn, müalicə  hüquqlarının təmini üçün müalicəni təmin edən səhiyyə sahələrinin təşkili də dövlətin hüquqların, vəzifə və funksiyalarına, səlahiyyətlərinə aiddir.

Dövlət xalqın hakimiyyət hüququnu, hakimiyyəti təşkil etmək, hakimiyyətdə təmsil olunmaq hüquqlarını müəyyən və təmin edir. Bununla da insan hüquqlarının siyasi əsaslarını təmin etmiş olur. Dövlətə xalq haqq verir, dövlət xalqın hüquqlarını tanıyır. 

İnsan hüquqlarının təminatı sahələrində dövlət hüququnun əsas istiqamətləri, prinsipləri hansılardır? Bu suala ümumiləşdirilmiş formada, vəzifə və funksiyalar müəyyən olunmaqla  aşağıdakı tezislər əsasında cavab vermək olar:

(hüquq və vəzifələr olaraq)

-insanların hərtərəfli hüquqlarını müəyyən və təmin etmək məqsədilə dövlətin özünü sistemləşdirmək, təşkil etmək, strukturlaşdırmaq, strukturlar, bölmələr və sahələr üzrə hüquqlar, vəzifə və səlahiyyətlər müəyyən etmək hüququ;

-dövlət strukturlarında işlək mexanizm yaratmaq hüququ;

-insanların baza azadlıq və sərbəstlik hüquqlarının müəyyən olunması və təmin edilməsi, həmçinin qorunması;

-insanların sərbəst və azad  toplaşmaq hüquqlarının, yığıncaqlar, mitinqlər keçirmək hüquqlarının müəyyən olunması və  təmin edilməsi, həmçinin qorunması;

-insanların sərbəst fikir söyləmək, azad düşünmək hüquqlarının müəyyən olunması və  təmin edilməsi, qorunması;

-insanların şərəf və ləyaqət hüquqlarının müəyyən olunması və  təmin edilməsi, qorunması;

-insanlara qarşı irqi, dini, etnik kimlik baxımından  ayrı-seçkiliyə yol verməmək üçün dövlətin fəaliyyətinin əsaslarını müəyyən etmək hüququ;

-insanların siyasi hüquqlarının təmin olunması, bu baxımdan seçkilərdə, referendumda iştirak, siyasi qurumlarda iştirak etmək, qərar qəbul etmək hüquqlarının müəyyən və təmin edilməsi;

-dövlət və hökumət strukturlarında təmsil  olunma və iştirak hüquqlarının təmin edilməsi;

-mədəniyyət və incəsənət sahəsində hüquqların təmin edilməsi;

-İdman, əyləncə sahələrində olan hüquqların təmin edilməsi;

-insanların sosial hüquqlarının təmin edilməsi;

-insanların ailə-nigah hüquqlarının təmin edilməsi;

-insanların mülki hüquqlarının təmin edilməsi;

-insanların əmək və istirahət hüquqlarının təmin edilməsi;

-insanların müalicə və səhiyyə hüquqlarının təmin edilməsi;

-insanların tərbiyə və təhsil hüquqlarının təmin edilməsi;

-insanların elm və yaradıcılıq, tədqiqat, ixtira və kəşf hüquqlarının təmin edilməsi;

-insanların bütün hüquqlarının pozulmaqdan qorunması, dövlətin cəza təyin etmək hüququ;

-insanların beynəlxalq aləmdə təmsil olunmaq, dünya irsi ilə tanış olmaq və bəşəri irsdən istifadə etmək hüquqlarının müəyyən olunması;

-insanları işgəncələrdən, zorakılıqdan, milli və transmilli cinayətkarlqdan qorumaq hüquqları;

-milli atributlardan, milli və beynəlxalq dəyərlərdən istifadə etmək hüquqları;

-insanların məşğuliyyət və istehsalat hüquqlarının (əmək, yaradıcılıq, quruculuq hüquqları)  təmin edilməsi;

-dövlətin dövləti təmin etmək, milli gəlirləri müəyyən etmək, vergilər müəyyən etmək, toplamaq; dövləti müdafiə etmək hüquqları mövcuddur. Bu məsələdə silahlı qüvvələr saxlamaq hüququna malikdir. Dövlət daxili məsələlərdə də silahlı qüvvələr, hüquq-mühafizə orqanları formalaşdırmaq hüququna malikdir;

-insanların əmlak hüquqlarının təmin edilməsi;

-insanların yaşamaq üçün sərbəst və azad yaşayış yerini seçmək hüquqlarının təmin edilməsi;

-insanların sağlam ətraf mühitdə yaşamaq hüquqlarının təmin edilməsi;

-insanların sağlam qida qəbul etməkləri hüquqlarının təmin edilməsi;

-insanların ərzaq, geyim və səhiyyə ləvazimatları ilə təmin olunmaq hüquqlarının təmin edilməsi;

-insanların minimum həyat şəraitinin təmin edilməsi funksiyasının yerinə yetirilməsi;

-insanların maddi yardım almaq hüquqlarının təmin olunması;

-insanların sosial qayğı ilə əhatələnmək hüquqları, bu yöndə sosial müavinət, pensiya və təqaüd hüuqularının təmin olunması;

-insanların psixoloji yardım almaq hüquqlarının müəyyən olunması;

-insanların mütəmadi şəkildə məlumat əldə etmək hüquqlarının müəyyən və təmin edilməsi;

-insanların fövqəladə hallardan, müharibələrdən, silahlı toqquşmalardan, silahlı münaqişələrdən qorunması hüquqlarının təmin edilməsi;

-ölkənin, dövlətin müdafiə hüquqlarının müəyyən və təmin edilməsi;

-insanların inkişaf, tərəqqi, çiçəklənmə hüquqlarının müəyyən olunması və təmini;

    Elşən Nəsibov

Siyasətşünas-alim, yazıçı publisist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31