Ermənistan parlamentində Kilsəyə qarşı komissiya yaradıldı - Müxalifət boykot etdi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Milli Məclisinin oktyabrın 6-da keçirilən iclasında müxalifətin boykotu fonunda qalmaqallı layihə müzakirə olunub. Söhbət hakim "Vətəndaş Müqaviləsi" deputatlarının hazırladığı "Bir sıra ruhanilərin fəaliyyəti nəticəsində Erməni Həvari Müqəddəs Kilsəsində yaranmış böhran problemlərini araşdıran istintaq komissiyası üzvlərinin sayının müəyyən edilməsi haqqında" layihədən gedir. Layihəni tribunadan hakim partiyadan olan deputat Arman Eqoyan təqdim edib, o özü də komissiyaya rəhbərlik edəcək.

"Komissiyanın tərkibinə 11 deputat daxil olacaq: 7-si "Vətəndaş Müqaviləsi"ndən, 3-ü müxalif "Güclü Ermənistan" blokundan və 1-i müxalif "Ermənistan" blokundan", - deyə Eqoyan bildirib.

Xatırladaq ki, sentyabrın 24-də Ermənistan Baş naziri aparatının İctimaiyyətlə Əlaqələr Mərkəzi Baş nazir Nikol Paşinyanın tapşırığı ilə hökumətin 2026-2031-ci illər proqramı çərçivəsində "Kilsənin faktiki rəhbəri və bir sıra yüksək rütbəli ruhanilərin fəaliyyəti nəticəsində Erməni Həvari Kilsəsində yaranmış böhran və onun həlli yolları haqqında" məruzə dərc etmişdi. Birinci Müqəddəs Eçmiədzin bu məruzəni antikonstitusion, qanunsuz və kilsə kanonlarına zidd adlandıraraq, sosial şəbəkə və KİV-lərdəki böhtan xarakterli iddialar əsasında dövlət vəsaitinin israfı ilə hazırlandığını və "siyasi qisas və kin" təzahürü olduğunu bəyan etmişdi. Paşinyanın sözlərinə görə, komissiyanın işinin yekunu olaraq "Kilsənin ələ keçirilməsinə son qoyulmasına" yönəlmiş qanunvericilik təşəbbüsləri hazırlanmalıdır. Hər iki müxalifət fraksiyası hakimiyyəti Erməni Həvari Kilsəsinə qarşı antikonstitusion hərəkətlərdə ittiham edərək istintaq komissiyasının işində iştirakdan imtina edib. Səsvermədə 62 deputat lehinə, 1 deputat isə əleyhinə səs verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31