Müəllim qardaşıma elegiya- Abid Tahirli
11:44 SosialAbid Tahirli
Ailəmiz, el-obamız üçün bu payız da qışı kimi sərt, soyuq və amansız gəldi. Tale bizi ard-arda ağır zərbələrlə sınağa çəkdi. Yanvar ayının 24-də Qəbələ rayonunun hörmətli, nüfuzlu ağsaqqallarından, uzun müddət məsul vəzifələrdə çalışmış qardaşım Səid müəllim dünyasını dəyişdi. Bu ağır itkinin ağrısı hələ soyumamış, cəmi bir neçə ay sonra rayonun tanınmış pedaqoqlarından biri, həyatını Nohurqışlaq kənd tam orta məktəbinə həsr edərək illərlə ona uğurla rəhbərlik etmiş digər qardaşım - Yaqub müəllim əbədiyyətə qovuşdu. Taleyin bu amansız zərbələri ailəmizdə heç vaxt qaysaqlanmayacaq bir yaranı- 1984-cü ildə vaxtsız itirdiyimiz əziz İqlimiyyə bacımın itki qüssəsini yenidən göynətdi. Yaqub müəllimin şərəfli, mənalı və bir o qədər də fədakar həyat yolu onun peşəsinə olan sonsuz vurğunluğunun, elmə, təhsilə bağlılığının, zəhmətsevərliyinin bariz nümunəsidir. O, özünə və ətrafına qarşı tələbkar, prinsipial, el-oba təəssübü çəkən, vəfalı və məsuliyyətli bir insan idi . Ötən əsrin 60-70-ci illərində, uzaq bir dağ kəndindən, orta təminatlı bir ziyalı ailəsindən pərvazlanan gəncin Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olması o dövr üçün böyük bir hadisə, hətta sensasiya idi. Çünki həmin illərdə bu fakültə ölkənin ən nüfuzlu bir neçə ixtisasından biri sayılır, onun məzunlarının gələcəkdə böyük dövlət və partiya vəzifələrinə ucalacağı gözlənilirdi. Bu uğur nəinki kəndimizdə, bütün rayonda böyük əks-səda doğurmuşdu.
Yaqub müəllimin tələbəlik illəri olduqca ağır və sınaqlı keçmişdi. O, əyani təhsil aldığından gündüzlər mühazirələrdə oturur, gecələr isə dolanışığını təmin etmək üçün DİN-in Müəssisədənkənar Mühafizə İdarəsində gözətçi işləyirdi. Gecə növbələrinin çətinliyinə baxmayaraq, o, işgüzarlığı və məsuliyyəti ilə rəhbərliyin diqqətini çəkmiş, hələ tələbə ikən irəli çəkilərək briqadir vəzifəsinə təyin olunmuşdu. Ali təhsili bitirdikdən sonra onun paytaxtda, Daxili İşlər
Nazirliyi sistemində qalmaq və parlaq karyera qurmaq imkanları var idi. Lakin müəllimlik peşəsinə olan dərin sevgisi onu doğma kəndinə geri qaytardı.
Beləcə, o, sadə bir kənd müəllimi kimi fəaliyyətə başladı. İdarəçilik qabiliyyətinə görə rayon rəhbərliyinin təşəbbüsü ilə bir müddət kənd Sovetinin sədri, kolxoz sədri kimi məsul vəzifələrdə çalışsa da, məktəbin cazibə qüvvəsi onu rahat buraxmadı. O, yenidən ömrünün mənası olan doğma məktəbə qayıtdı, uzun illər direktor olaraq təhsilimizə xidmət etdi. Kənd sakinlərinin sonsuz sevgisini qazandı, yüzlərlə şagirdin qəlbində silinməz, əbədi bir taxt qurdu...
Onun son mənzilə yola salınması da elə qazandığı bu böyük sevginin təzahürü idi. Dəfni böyük izdihamla keçdi, demək olar ki, kənddəki hər evdən azı bir nəfər bu mərasimə qatılmışdı. Son illər, xüsusən də pandemiyadan sonrakı dövrdə bu cür insan axınına çox nadir hallarda rast gəlinirdi. Yaqub müəllimin vəfatı ilə bağlı gələn başsağlığı mesajları onun necə dəyərli, nüfuzlu, ziyalı, səmimi, xeyirxah insan olduğunu bir daha sübut etdi. Bu gün yüksək vəzifələrdə çalışan şagirdlərindən birinin müəlliminin məzarı üzərinə qoyduğu əkildəki bu sözlər hamının ürəyindən xəbər verirdi: "Unudulmaz müəllimim, xatirən qəlbimizdə əbədi yaşayacaq". Yaqub müəllimin vəfatı haqqında Fb-dakı xəbərdən sonra yüzlərlə insan, çox sayda təşkilat mərhumun ailəsinə başsağlığı verir, səbir diləyir, təsirli sözlərlə kədərlərini bölüşür, müəllimin məkanının cənnət, ruhunun şad olmasını dua edirdi:
"Nəsilbənəsil sevənlərinin qəlbində yaşayacaq"( İsgəndər Allahverən ); "Yaqub müəllim istər məktəb illərimdə, istər sonrakı dönəmlərdə gördüyüm ən pozitiv məktəb direktoru idi. Zarafatları,xüsusən bizimlə dialoqları yada düşür, həm savadı, həm zəngin söhbətləri ilə Yaqub müəllim unudulmazdı" (Ayşən Muradlı); "Bir ziyalı və təhsil işçisi olaraq heç vax unudulmayacaq" (Dilruba Dəniz); "Yaqub müəllimin dərsləri, xoş söhbətləri və bizə bəxş etdiyi gözəl xatirələr məktəb illərimizin ən yaddaqalan səhifələrindəndir. Əziz müəllimimizi həmişə sevgi və hörmətlə xatırlayacağıq" (Pərvanə Babayeva); "Gözəl müəllim, istedadlı ziyalı, sadə insan sıralarımızı tərk etdi" (Elxan Əfəndiyev); "Çox
üzüldüm, 80-ə çatmamış kəndin nüfuzlu ziyalılarından biri dünyasını dəyişdi. Çətinliyə düşən bir çoxu Yaqub müəllimə müraciət edər, aldığı məsləhətlə qane olardı. Yandırıcı itkidir" (Namizəd Ağayev). Bu qəbildən olan başsağlığı mesajları onlarcadır, onların hamısını bir fikir birləşdirir: Yaqub müəllim cismən bizi tərk etsə də, o ruhən, mənən bizimlədir və əziz xatirəsi onu sevənlərin, onu tanıyanların qəlbindən heç vaxt silinməyəcək".
Əməllərinlə, saf təbiətinlə, sadə həyat tərzinlə, müdrik düşincənlə bir böyük nəslin hörmət və nüfüzunu artıran, onun üzvlərinin başını ucaldan əziz qardaşım! Ruhun şad, məkaın cənnət olsun.
...Doğmaların itkisi ağırdır, acıdır, onların yerini heç kim, heç nə əvəz edə bilməz. İtirdiklərimiz təqdiri-ilahi, alın yazısı, taleyin qismətidir və biz bununla barışmağa məcburuq, məhkumuq. Amma bu ağır sınaqda təsəlli və təskinlik yerimiz də var. Bu, onların, bütövlükdə sülalənin yolunu şərəf və ləyaqətlə davam etdirən xələflərinin- övlad və nəvələrinin varlığıdır!
06.10.2026.