5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə- GÜLƏR MÜBARİZ YAZIR
11:28 SosialGÜLƏR MÜBARİZ
İnsan həyatında çox qısa müddət yol gedən, yaddaşında qalan ən səssiz izi ömrümüzdən uzun olan müəllimlər, gününüz mübarək olsun.
Onları hər gün xatırlamırıq. Bəzən adlarını belə illərin içində bir anlıq düşünərək yada saldığımız müəllimlərin həyatın hansısa məqamında bir sözü, bir baxışı, bir tövsiyəsi qəfil yaddaşımızda canlanır.
Və illər əvvəl söylənmiş bir cümlənin hələ də bizimlə yaşaması müəllimin insan həyatına ən səssiz şəkildə toxunan, amma ən dərin iz buraxan insanlardan biri olduğunun sübutudur.
O, bir uşağın qarşısında dayanıb sadəcə dərs anlatdıqca bəzən fərqinə varmadan bir taleyin istiqamətinə toxunur. Bir uşağın özünə inamını artırır. Bir başqasının içində gizlənən istedadı görür. Kiminsə səhvindən sonra onu yenidən ayağa qaldırır. Bəzən isə hamının "bacarmayacaq" dediyi bir şagirdə yalnız bir cümlə ilə "sən bacararsan" söyləməklə bütün həyatının axarını dəyişə bilir.
Müəllim yalnız bilik öyrətmir...
Bu gün informasiya əldə etmək heç vaxt olmadığı qədər asandır. Bir düymə ilə dünyanın ən böyük kitabxanalarına çıxmaq, istənilən sualın cavabını saniyələr içində tapmaq mümkündür. Texnologiya inkişaf edir, süni intellekt həyatımızın bir çox sahəsinə daxil olur, öyrənmə imkanları sərhədsizləşir.
Amma bütün bunların içində dəyişməyən bir həqiqət var: İnsan insandan öyrənməyə davam edir. Çünki təhsil yalnız məlumat ötürmək deyil.
Təhsil düşünməkdir, şübhə etməkdir, sual verməkdir, doğrunu yanlışdan ayırmaq, biliklə yanaşı vicdan sahibi olmaqdır.
Və bəzən heç bir kitabda yazılmayan bir qanunu- insan olmağı öyrənməkdir.
Müəllimin əsl gücü də buradadır.
Müəllim olmaq şagirdinə yalnız bir fənnin qaydalarını öyrətmək deyil, onun dünyaya necə baxacağına, insanlara necə münasibət göstərəcəyinə, uğur qarşısında necə davranacağına, məğlubiyyət zamanı necə ayaqda qalacağına da təsir edir.
Ona görə müəllimin yetişdirdiyi insanın həyatında öz adını görmək onun ən böyük əsəri -qarşısında oturan uşağın illər sonra necə bir insana çevrilməsini görməkdir.
Bir müəllimin əməyini illər sonra anlayırıq. Həyatın dəyişməyən təzadlarındandır bu qanunauyğunsuzluq. Uşaqlıqda müəllimin tələb etdiyi bəzi şeyləri anlamayan, niyə bu qədər çalışmalı ,səhvimizi düzəltməli, məsuliyyətli olmalı olduğumuzu dərk etməyən, o zaman bunların bizə sadəcə tələb kimi göründüyünü sayan bizlər
illər keçdikcə, həyat bizi böyütdükcə anlayırıq ki, müəllim əslində bizi həyata hazırlayırmış.
Səhv edəndə yenidən başlamağı, çətinlik qarşısında geri çəkilməməyi, başqasının uğuruna həsəd aparmaq əvəzinə öz yolumuzu qurmağı, bildiyimizi düşünmədən qəbul etmək əvəzinə sual verməyi öyrədirmiş.
Cəmiyyət müəllimə verdiyi dəyər qədər gələcəyə dəyər verir.
Bir cəmiyyətin inkişafını yalnız binaları, yolları, texnologiyası və iqtisadi göstəriciləri ilə ölçmək olmaz. Əsl inkişaf insanın düşüncəsində başlayır.
Düşünən insan, sual verən insan, məsuliyyət daşıyan , ədaləti anlayan, öz azadlığının yanında başqasının haqqını da tanıyan insanın formalaşdığı ilk məkanlardan biri məktəbdir.
Məktəbin isə ən böyük dayağı, öyrədəni müəllimdir.
Ona görə müəllimə münasibət əslində təhsilə münasibətdir. Təhsilə münasibət isə biıavasitə yox, birbaşa gələcəyə münasibətdir.
Bu baxımdan müəllimin əməyinə hörmət yalnız 5 Oktyabrda bitməməlidir.
Müəllimə verilən dəyər cəmiyyətin ona nə qədər güvəndiyində, əməyini nə qədər qiymətləndirdiyində və təhsili nə qədər prioritet hesab etdiyində görünməlidir.
Gələcəyə açılan sabahımızda hansı cəmiyyətdə yaşayacağımızın cavabı bu gün hansı insanları yetişdirdiyimizdə gizlidir.
Hər kəsin həyatında bir müəllim var...
Hər kəsin yaddaşında canlanan, adını çəkəndə üzündə təbəssüm yaranan, sərtliyi ilə yanaşı qayğısı ilə yadda qalan bir müəllim.
Heç vaxt unutmadığınız bir cümləni söyləyən müəllim...
Böyüsək də, zaman dəyişsə, həyatımız dəyişsə də yaddaşımızda heç vaxt qocalmayan, taleyimizin memarı müəllimlər.
İnsan həyatına sehirli davranışları ilə toxunan və illər əvvəl verdiyi bir məsləhəti bu gün bir insanın qərarında yaşayan, şagirdinin həyatında açdığı kiçik bir pəncərə ilə onun bütün dünyasını dəyişən müəllimlər, gününüz mübarək.
Sizin öyrətdiyiniz insanlardan biri sabah başqa bir insanın həyatını yaxşılığa doğru dəyişirsə, deməli, sizin dərsiniz hələ də davam edir.
5 Oktyabr - yalnız müəllimlərin deyil, həyatımızda müəllim olmuş bütün insanların günüdür.
Bu gün bizi böyüdən, düşündürən, özümüzə inanmağı öyrədən, bəzən sərtliyi ilə, bəzən bir təbəssümü ilə, bəzən isə sadəcə varlığı ilə həyatımıza toxunan bütün müəllimləri ehtiramla xatırlayırıq.
Həyatın özünü oxumağı öyrədənlər-Beynəlxalq Müəllimlər Gününüz mübarək olsun!