Əkbər Qoşalı: Sülh gələcək haqqında sağlam düşünmək, keçmiş qarşısında dürüst olmaq bacarığıdır – ÖZƏL

"Ermənistanın BMT tribunasından Azərbaycanda saxlanılan 19 erməni ilə bağlı məsələ qaldırması özlüyündə beynəlxalq diplomatiyanın imkan verdiyi bir davranışdır. Ancaq burada prinsipial bir fərqi unutmaq olmaz: humanitar məsələ ilə cinayət məsuliyyəti eyni anlayış sayıla bilməz. Azərbaycan ərazisində törədildiyi iddia olunan ağır cinayətlər üzrə məhkəmə araşdırmasına və çıxarılmış hökmlərə siyasi məzmun vermək hüquqi prosesi avtomatik olaraq "humanitar problem"ə çevirmir".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, Ermənistanın BMT-dəki daimi nümayəndəsi Paruyr Ovannisyan 19 nəfərin saxlanılmasını, itkin şəxsləri və "məcburi yoxaçıxmaları" sülh və güvən quruculuğu kontekstində təqdim edib. Əgər məqsəd həqiqətən güvən yaratmaqdırsa, belə məsələlər qarşılıqlı, bütöv yanaşma ilə müzakirə edilməlidir. Azərbaycanın minlərlə itkin vətəndaşının taleyi, keçmiş işğal ərazilərində aşkar edilmiş məzarlar, otuz il boyunca mövcud olmuş humanitar fəlakətlər də həmin yaddaşın ayrılmaz hissəsidir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının 1993-cü ilə aid dörd qətnaməsi xüsusi önəm daşıyır. 822 saylı qətnamə Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edirdi; 853 saylı qətnamə Ağdamın və Azərbaycanın digər ərazilərinin ələ keçirilməsini pisləyərək qüvvələrin dərhal və tam çıxarılmasını tələb etmişdi. 874 və 884 saylı qətnamələr də öncəki tələblərin icrasını, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasını və sülh prosesinin davam etdirilməsini nəzərdə tuturdu. Burada ortaya sadə, lakin prinsipial sual çıxır: BMT tribunasına istinad edilirsə, BMT-nin institusional yaddaşına da bütövlükdə sayğı duyulmalıdır. Beynəlxalq hüquq yalnız bugünkü siyasi ehtiyaca uyğun gələn müddəaların seçilib xatırlanması ilə bitmir.
Məncə, indiki mərhələdə əsas məsələ keçmişin bütün mübahisələrini yeni adlarla gələcəyə daşımaq yox, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin yeni hüquqi-siyasi mədəniyyətini yaratmaqdır. Sülh müqaviləsi sülh dili, sülh davranışı və qarşı tərəfin suveren hüquqlarına sayğı mədəniyyətidir. Erməni hökuməti bunu dərindən anlamalıdır. Bir tərəfdən qonşuluq və güvəndən danışıb, digər tərəfdən məhkəmə predmetinə çevrilmiş konkret cinayət işlərini beynəlxalq siyasi gündəliyin daimi alətinə çevirmək həmin güvənin yaranmasını çətinləşdirə bilər. Biz də, onlar da itkinlər, humanitar məsələlər və savaşın ağır mirası barədə danışmalıyıq, danışırıq. Lakin bu, qarşılıqlı məsuliyyət prinsipi ilə aparılmalıdır. Sülh keçmişdən gələcəyə qarşı silah kimi istifadə etməməkdir.

Dövlətimiz zaval görməsin!

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31