Hərbi büdcənin artırılması Azərbaycana hansı imkanları yaradır?- Ekspertdən açıqlama-ÖZƏL

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxışı zamanı qarşıda duran əsas vəzifələr sırasında milli təhlükəsizlik və inkişaf məsələlərini xüsusi qeyd edib. Dövlət başçısı Azərbaycanın güc amilini, xüsusilə hərbi potensialını artırmasının vacibliyini vurğulayaraq, ölkənin bir daha təhlükələrlə üzləşməməsi üçün daim güclü olmalı olduğunu bildirib. O, dünyada artan müharibə risklərinə diqqət çəkərək, Azərbaycanın gələn ilin büdcəsində təhlükəsizlik və müdafiə məqsədləri üçün 9 milyard manata yaxın vəsait nəzərdə tutulduğunu deyib.
Azərbaycanın müdafiə və təhlükəsizlik xərclərinin artırılması ölkənin hərbi potensialının gücləndirilməsi baxımından hansı imkanları yarada bilər?
Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli Olaylar.az-a açıqlama verib:

" Bugünkü dünya, təəssüflər olsun ki, hərbiləşdirilmiş dünyadır. Ölkələr hər il hərbi büdcələrini artırırlar və yeni risklər yaranır. Vaxtilə Ukrayna o qədər arxayın oldu ki, qərbində Avropa, şərqində qardaş Rusiyası və sonunda bu boyda müharibə ilə üzləşdi. Biz özümüz 80-ci illərin sonunda hazırlıqsız bir vəziyyətdə yaxalandıq.
Ermənilər daim hazırlaşırdı və sonra titullu rəhbərləri, sonra da Rusiya Federasiyasının rəhbəri onlara dəstək olurdu, bütün dünya. Ona görə də sülh istəyirsənsə, hərbə hazır olmalısan. Hər il texnologiya dəyişir, yeni silahlar olur.
Necə ki, bizim istifadə etdiyimiz mobil telefonlar, kompüterlər tez-tez dəyişir, texnologiya dəyişir, bu, hərbdə də daha sürətlidir, daha sürətli dəyişir. Ona görə də Azərbaycan dövləti də çalışır ki, hər il hərbi büdcəsini artırsın və hərbi hazırlığı yüksək səviyyədə olsun ki, qarşıya qoyulan məqsədlərə nail olsun.
Prezident orada eyni zamanda dedi ki, bizə qarşı olan zərbələrə artıqlaması ilə cavab veririk. Siyasi baxımdan təzyiqlərin haradan gəlməyinin fərqi yoxdur-qərbdən, şimaldan, cənubdan. Azərbaycan dövləti layiqincə cavab verir və bu, Azərbaycan dövlətinin apardığı müstəqil siyasətin nümunəsidir.
Keçən dövrü təhlil edəndə dəfələrlə biz Amerika Birləşmiş Ştatlarının təzyiqlərinə davam gətirmişik. Eyni zamanda Rusiyanın təzyiqləri, İranın təzyiqləri, Avropanın, xüsusən Fransanın təzyiqləri, müxtəlif ölkələrin təzyiqləri olur və bu təzyiqlərə Azərbaycan dövləti daim duruş gətirir. Cənab Prezident ən yüksək səviyyədə bu məsələlərə öz münasibətini bildirib, Azərbaycanın müstəqil siyasət apardığını bəyan edib.
Azərbaycan hər zaman milli maraqlara, dövlət maraqlarına uyğun siyasət aparır, dünya ölkələri ilə normal münasibətlər qurur və bu ölkələr də Azərbaycana hörmətlə yanaşmalıdır. Beynəlxalq hüquqa hörmət etməli və Azərbaycanın dövlət müstəqilliyinə hörmət etməlidirlər.
Hörmət edən ölkələr qarşılıqlı hörmət görür. Azərbaycan çox yaxşı, etibarlı tərəfdaşdır. Hörmət etməyən dövlətlər isə layiqli cavabını alır. Bu belə də olacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31