“Tarixi İpək Yolunun bərpası Azərbaycanın siyasi və iqtisadi mövqeyini gücləndirəcək” – ÖZƏL

Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb. Dövlət başçısı müraciətində konqresin regionun gələcək inkişaf perspektivləri və İpək Yolunun bərpası imkanlarının müzakirəsi baxımından mühüm platforma olacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev həmçinin tədbirin bölgədə sülh, sabitlik, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və dayanıqlı inkişafın təmin edilməsinə töhfə verəcəyini vurğulayıb.

Maraqlıdır, tarixi İpək yolunun bərpasının Azərbaycanla əlaqədar daha hansı imkanlar ola bilər?

"Azərbaycan Prezidenti Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına ünvanladığı müraciətdə regionumuzun gələcək inkişafı ilə bağlı fikirlər söyləyib. Prezident tarixi İpək Yolunun bərpasının regionda sabitliyin, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və dayanıqlı inkişafın təmin olunmasına töhfə verəcəyini bildirib".

Bu fikirləri sözügedən mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi təhlilçi Şakir Ağayev deyib. Ekspert bildirib ki, tarixi İpək Yolunun bərpası Azərbaycan üçün yeni siyasi, iqtisadi, investisiya və ticarət imkanları yaradacaq. Bu layihə Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Şimal-Cənub nəqliyyat-logistika əlaqələrinin inkişafına da mühüm töhfə verəcək. Bununla Azərbaycanın iqtisadi potensialı və beynəlxalq nəqliyyat qovşağı kimi mövqeyi daha da güclənəcək. Layihənin əhəmiyyəti yalnız iqtisadi üstünlüklərlə məhdudlaşmır. Azərbaycanın artan iqtisadi imkanları onun beynəlxalq siyasi nüfuzuna və regional mövqeyinə də müsbət təsir göstərəcək. Tarixi İpək Yolunun tam fəaliyyətə başlaması üçün isə region dövlətləri arasında münasibətlərin yaxşılaşdırılması, nəqliyyat yollarının açılması və əməkdaşlığın genişləndirilməsi vacibdir. Azərbaycanın yaratdığı yeni reallıqlar və Cənubi Qafqazın sülh və sabitlik məkanına çevrilməsi bu imkanların reallaşması üçün əlverişli zəmin yaradır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00