Zəfərdən yeni hədəflərə: YAP-ın VIII Qurultayı hansı mesajları verdi?

Emin Hacıyev,
iqtisad elmləri namizədi

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın siyasi inkişafında sadəcə növbəti qurultay deyil, ölkənin bir tarixi mərhələdən digərinə keçidinin siyasi mənzərəsini ortaya qoyan hadisə kimi qiymətləndirilə bilər. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə dövlət qarşısında əvvəlki dövrlərdən mahiyyət etibarilə fərqli vəzifələr meydana çıxıb. Artıq əsas məsələ yalnız əldə edilmiş tarixi nəticəni qorumaq deyil, həmin nəticənin yaratdığı yeni imkanları uzunmüddətli dövlət gücünə, iqtisadi dayanıqlığa və sosial inkişafa çevirməkdir. Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər də məhz bu yeni reallığın siyasi çərçivəsini müəyyənləşdirir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi dövlətçilik yolu ilə qarşıdakı mərhələnin prioritetləri arasında ardıcıl siyasi əlaqə yaradılır. Dövlətçilik ənənələri və Ulu Öndər Heydər Əliyevin siyasi irsi, ərazi bütövlüyünün və suverenliyin bərpası ilə nəticələnən Zəfər, milli maraqlara əsaslanan xarici siyasət, iqtisadi və hərbi gücün möhkəmləndirilməsi, sosial rifah və Böyük Qayıdış eyni strateji xəttin müxtəlif istiqamətləri kimi təqdim olunur.
Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi mürəkkəb siyasi şəraitlə sıx bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP sonrakı dövrdə ölkənin ictimai-siyasi həyatında mühüm yer tutaraq dövlətçilik siyasətinin əsas siyasi dayaqlarından birinə çevrildi. Partiyanın fəaliyyəti ölkədə sabitliyin və davamlı inkişafın təmin olunması, milli maraqların qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətlə sıx vəhdət təşkil etdi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Müstəqil dövlətçilik, milli maraqların qətiyyətlə qorunması, iqtisadi müstəqilliyin gücləndirilməsi və güclü ordunun formalaşdırılması bu siyasi xəttin əsas istiqamətlərini təşkil edir. Bu baxımdan YAP-ın tarixi yalnız bir siyasi partiyanın keçdiyi yol deyil, bu tarix Azərbaycanın müstəqil dövlət kimi formalaşması, möhkəmlənməsi və inkişafı ilə paralel gedən siyasi proseslərin mühüm tərkib hissəsidir.
Prezidentin çıxışında müstəqilliyin ilk illərinə verilən siyasi qiymət mühüm mesaj daşıyırdı. AXC-Müsavat hakimiyyəti dövrü müharibə, ərazi itkiləri, siyasi qarşıdurma və iqtisadi böhranla yadda qaldı. Prezident həmin dövrü "utancverici tarix" adlandıraraq bu səhifələrin gənc nəsil tərəfindən də yaxşı bilinməsinin vacibliyini vurğuladı. Bu fikirlərin siyasi mahiyyəti dövlət idarəçiliyində məsuliyyətin nə qədər həlledici olmasına əsaslanır.  Çünki dövlətçilikdə yol verilən səhvlərin nəticəsi təkcə bir siyasi dövrə deyil, bütöv ölkənin gələcəyinə təsir edir. Məhz buna görə həmin illərin təcrübəsi Azərbaycanın bu gün qazandığı siyasi sabitliyin və güclü dövlət modelinin əhəmiyyətini dərk etmək baxımından xüsusi yer tutur. Müstəqilliyin ilk illərinin ağır təcrübəsi ilə sonrakı dövlətçilik mərhələsi arasındakı fərq Azərbaycanın keçdiyi siyasi yolun nəticələrini aydın göstərir. Bu yol 2020-ci il Vətən müharibəsində Qələbə və 2023-cü ildə suverenliyin tam bərpası ilə Azərbaycanın tarixində yeni mərhələyə çevrildi. 8 Noyabr və 20 Sentyabr tarixləri bu mərhələnin əsas rəmzlərinə çevrildi. Lakin Prezidentin qurultaydakı çıxışında Zəfərlə bağlı ən mühüm mesajlardan biri məhz müharibədən sonrakı siyasi davranışla bağlıdır: "Bizə əbədi müharibə lazım deyil, bu bizim seçimimiz olmayıb. İkinci Qarabağ müharibəsində biz lazımi vaxtda dayandıq və 2023-cü ildə sentyabr ayında da lazımi vaxtda dayandıq. Halbuki müxtəlif variantlar var idi. Amma uzaqgörənlik, strateji düşüncə və xalqımızın əsas maraqlarının nəzərə alınması amilləri bax, bu siyasəti diktə edir. Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı". Bu fikir Zəfərin yalnız hərbi güc məsələsi kimi deyil, siyasi qərarların nəticəsi kimi qiymətləndirilməsinin vacibliyini göstərir. Azərbaycan məqsədinə çatdıqdan sonra müharibənin davam etdirilməsini deyil, əldə olunan nəticələrin qorunmasını və yeni siyasi mərhələyə keçidi seçib. Zəfərin davamı əldə olunmuş nəticələrin siyasi, diplomatik və iqtisadi üstünlüklərə çevrilməsində görünür. Prezidentin çıxışında Zəfər eyni zamanda Azərbaycanın regional mövqeyini dəyişən və yeni geosiyasi reallıq yaradan hadisə kimi təqdim olundu. Bu mərhələnin əsas xüsusiyyəti Azərbaycanın öz milli məqsədlərini müstəqil müəyyənləşdirməsi və onların həyata keçirilməsində öz gücünə arxalanmasıdır. Azərbaycanın xarici siyasətində əsas prinsip müstəqil qərarvermə və milli maraqların qorunmasıdır. Müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq, beynəlxalq təşkilatlarda fəallıq və yeni tərəfdaşlıqlar bu siyasətin əsas istiqamətləridir. Azərbaycan heç bir düşərgəyə qoşulmur və bu yanaşma Azərbaycanın xarici siyasətində çoxvektorlu əməkdaşlıq modelinin əsasını təşkil edir. Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq formatının mövcudluğu ilə yanaşı, Çin və ABŞ-la münasibətlərin ayrıca önə çıxarılması Azərbaycanın diplomatik tərəfdaşlıq coğrafiyasının genişliyini göstərən mühüm nümunədir. Prezident Çin və ABŞ-la münasibətləri belə xarakterizə etdi: "Son müddət ərzində iki tarixi hadisə baş vermişdir. Çin və Amerika ilə strateji tərəfdaşlıq münasibətləri qurduq. Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi imzalanmışdır, Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur. O da həqiqətdir, bu ölkələr arasında təbii ki, məsələlər müzakirə edilir və müəyyən rəqabət də var. Bu ölkələrin vahid anlaşma əsasında qaydaların müəyyən edilməsi bütün dünya üçün çox önəmli amil ola bilər. Bax, bu iki supergüclə Azərbaycan strateji tərəfdaşdır". Burada siyasi baxımdan diqqətçəkən məqam tərəfdaşlığın seçilməsi deyil, Azərbaycanın eyni vaxtda dünyanın iki böyük güc mərkəzi ilə strateji münasibətlər qurmağa çalışmasıdır. Bu siyasətin əsas kapitalı isə qarşılıqlı etimadla əlaqələndirilib: "Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir. Nəyi deyiriksə, onun üstündə dururuq. Heç vaxt ikibaşlı oyun oynamamışıq. Heç vaxt hansısa ölkəyə qarşı ikiüzlülük, riyakarlıq göstərməmişik. Halbuki belə münasibətlərlə dəfələrlə üzləşmişdik, bu gün də üzləşirik. Amma biz heç vaxt onlar kimi ola bilmərik. Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq". Bu fikrin diplomatik mənası kifayət qədər aydındır. Xarici siyasətdə etimad yalnız siyasi bəyanatlarla deyil, verilmiş sözə və imzalanmış sənədə münasibətlə formalaşır. Azərbaycan üçün bu yanaşma xüsusilə vacibdir. Çünki ölkənin coğrafi mövqeyi, enerji və nəqliyyat imkanları onu müxtəlif geosiyasi maraqların kəsişdiyi məkana çevirir. Belə şəraitdə xarici siyasətin əsas məqsədi hansısa düşərgəyə bağlanmaqdan çox, milli maraqların qorunması və manevr imkanlarının saxlanılmasıdır.
Qurultayda təhlükəsizlik məsələsinə geniş yer verilməsi də təsadüfi deyil. Müdafiə və təhlükəsizlik xərclərinin artırılması Azərbaycanın Zəfərdən sonra da hərbi potensialın qorunmasını strateji prioritet hesab etdiyini göstərir. Lakin müasir təhlükəsizlik yalnız silah və ordu ilə ölçülmür. İnformasiya mühiti, kiber təhlükəsizlik, süni intellekt, gənclərin ideoloji hazırlığı, vətənpərvərlik və cəmiyyətin informasiya savadlılığı da dövlət təhlükəsizliyinin mühüm elementlərinə çevrilir. Başqa sözlə, güclü dövlət yalnız güclü ordu deyil. Güclü dövlət həm də informasiya təsirlərinə davamlı, məsuliyyətli və savadlı cəmiyyət deməkdir. 
Çıxışın digər mühüm istiqaməti iqtisadi müstəqilliklə bağlıdır. Xarici borcun ÜDM-ə nisbətinin aşağı səviyyədə saxlanılması, valyuta ehtiyatlarının yüksək həcmdə olması və yeni investisiya layihələrinin cəlb edilməsi iqtisadi dayanıqlığın əsas göstəriciləri kimi önə çıxarılır. "İqtisadi sabitlik və maliyyə sabitliyi bu gün bizim çox ciddi uğur amilimizdir. Baxmayaraq ki, böyük xərclər gedir, - hərbi məsələlərə, ordu quruculuğuna, sərhədlərin mühafizəsinə, Qarabağın bərpasına, - biz öz valyuta rezervlərimizi ildən-ilə artırırıq və artıq bizim valyuta ehtiyatlarımız 90 milyard dollara çatıb, xarici borcumuzdan təxminən 20 dəfə çoxdur. Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim", - deyə Prezident vurğulayıb. Bu göstəricilər iqtisadi dayanıqlığın yalnız cari maliyyə imkanları ilə deyil, ölkənin uzunmüddətli inkişaf, strateji layihələri maliyyələşdirmək və qlobal iqtisadi dəyişikliklərə daha çevik reaksiya vermək imkanları ilə də ölçüldüyünü göstərir. Amma iqtisadi göstəricilərin özü son məqsəd deyil. Əsas sual bu resursların və imkanların vətəndaşa nə qədər real fayda verməsidir. İqtisadi inkişafın növbəti mərhələsində əsas məsələ yalnız makroiqtisadi sabitliyi qorumaq deyil, həmin sabitliyi yeni iş yerlərinə, daha yüksək gəlirlərə, rəqabətqabiliyyətli sahibkarlığa və insanların həyat keyfiyyətinin yüksəlməsinə çevirməkdir. Bu baxımdan neft-qaz sektorunun imkanlarından istifadə etməklə yanaşı, qeyri-neft iqtisadiyyatının genişləndirilməsi strateji əhəmiyyət daşıyır. Qurultayda da sosial siyasət dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi təqdim olunub. Minimum əməkhaqqının, pensiyaların və sosial ödənişlərin artırılması sosial rifahın qorunmasına yönələn addımlar kimi qiymətləndirilir.
Bundan başqa, Azərbaycanın enerji ixracatçısı kimi mövqeyi artıq yeni nəqliyyat və logistika imkanları ilə tamamlanır. Neft və qazla yanaşı elektrik enerjisi, neft-kimya və kimya sənayesi məhsulları, gübrə, alüminium və metallurgiya məhsulları, eləcə də kənd təsərrüfatı və qida məhsullarının ixracının genişləndirilməsi ölkənin ixrac strukturunun şaxələndirilməsinə və iqtisadi imkanlarının artırılmasına xidmət edir. Digər tərəfdən, Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutları Azərbaycanın coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirmək üçün yeni imkanlar yaradır. Tranzit daşımalarının artması Azərbaycanın yalnız enerji deyil, həm də regional logistika mərkəzi kimi rolunu gücləndirə bilər. Burada əsas məsələ tranzitdən gəlir əldə etməklə kifayətlənməmək, logistika, sənaye, xidmət və yeni biznes imkanlarının bu prosesdən maksimum faydalanmasını təmin etməkdir.
Təbii ki, Zəfərdən sonrakı mərhələnin ən böyük layihələrindən biri Böyük Qayıdışdır. Qarabağ və Şərqi Zəngəzurda insanların məskunlaşdırılması artıq yalnız infrastruktur layihəsi deyil. Bu proses Azərbaycanın yeni regional inkişaf modelinin formalaşması deməkdir. Burada tikilən yollar, məktəblər, xəstəxanalar və yaşayış binaları mühüm olsa da, dayanıqlı məskunlaşmanın əsas şərti iqtisadi həyatın formalaşmasıdır. İnsan üçün doğma torpağa qayıtmaq qədər orada işləmək, gəlir əldə etmək, uşağını məktəbə göndərmək, tibbi xidmət almaq və gələcəyini həmin məkanda görmək də vacibdir. Bu baxımdan, Böyük Qayıdışın növbəti mərhələsi aparılan genişmiqyaslı quruculuq işlərinin yeni yaşayış məkanlarının formalaşmasına, insanların burada rahat həyat qurmasına və doğma torpaqlarda davamlı gələcəyin təmin olunmasına çevrilməsi ilə səciyyələnir. Beləliklə, Böyük Qayıdış azad edilmiş ərazilərin bərpası ilə yanaşı, Azərbaycanın öz ərazi bütövlüyünü real inkişaf, təhlükəsizlik və rifah məkanına çevirmək gücünün nümayişidir. Burada qurulan hər bir şəhər, yaradılan hər bir iş yeri və formalaşan hər bir yeni yaşayış məkanı Zəfərin nəticələrinin davamlı dövlət siyasətinə çevrildiyini göstərir. Bu mənada Böyük Qayıdış Azərbaycanın hərbi Zəfərdən iqtisadi, sosial və strateji güc mərhələsinə keçidinin ən mühüm göstəricilərindən biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31