120 dollarlıq neft: Azərbaycan üçün böyük fürsət, yoxsa risk? – ÖZƏL
12:23 Siyasət""Azeri Light"ın qiymətinin 120 dolları keçməsi, ilk növbədə, Azərbaycan üçün neft ixracından daxilolmaların artması baxımından müsbət amildir. Çünki neftin satış qiyməti yüksəldikcə, hasilat və ixrac həcmi sabit qaldığı halda, hər barrel üzrə əldə olunan gəlir artır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Bella Bəşirova deyib. İqtisadçı bildirib ki, lakin burada bir məqamı xüsusi qeyd etmək lazımdır: yüksək neft qiyməti avtomatik olaraq dövlət gəlirlərinin eyni nisbətdə artması demək deyil. Çünki Azərbaycanın neft hasilatı əvvəlki illərlə müqayisədə azalma tendensiyasındadır. Buna görə qiymət artımının müsbət effekti müəyyən qədər hasilatın azalması ilə kompensasiya olunur. Bununla belə, neftin qiymətinin uzun müddət yüksək qalması Dövlət Neft Fondunun neft-qaz gəlirlərinə, dövlət büdcəsinə transfert imkanlarına və ölkənin valyuta ehtiyatlarının qorunmasına müsbət təsir göstərə bilər. Neft Azərbaycanın əsas ixrac məhsullarından biri olduğuna görə qiymətin yüksəlməsi ölkəyə daha çox valyuta daxil olması deməkdir. Bu isə xarici valyuta təklifini artıraraq manatın məzənnəsinin sabitliyini dəstəkləyə bilər.
Azərbaycanın kifayət qədər böyük valyuta ehtiyatlarının olması da bu baxımdan mühüm təhlükəsizlik yastığıdır. Ona görə də neft qiymətlərinin yüksək olması manat üçün, ümumilikdə, sabitləşdirici amil hesab edilə bilər. Amma mən burada ehtiyatlı yanaşmanın tərəfdarıyam. Manatın uzunmüddətli sabitliyini yalnız neftin qiyməti ilə izah etmək düzgün olmaz. Qeyri-neft ixracı, idxalın həcmi, inflyasiya, dövlət xərcləri, tədiyə balansı və Mərkəzi Bankın valyuta siyasəti də mühüm rol oynayır. Ən böyük fürsət yüksək neft qiymətindən yaranan əlavə gəlirləri gələcəyin iqtisadiyyatına çevirməkdir. Azərbaycan bu vəsaitləri qeyri-neft sənayesinin, kənd təsərrüfatının, logistikanın, rəqəmsal iqtisadiyyatın, İKT və süni intellekt layihələrinin, turizmin və ixracyönümlü istehsalın inkişafına yönəldə bilər. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi reinteqrasiyası baxımından da investisiyalar böyük əhəmiyyət daşıyır. Burada yaradılan yeni infrastruktur gələcəkdə qeyri-neft sektorunun inkişafı üçün ciddi baza formalaşdıra bilər
Ekspert qeyd edib ki, ilk baxışda neftin 120 dollar olması yalnız müsbət hadisə kimi görünür. Lakin uzunmüddətli perspektivdə neft gəlirlərinin həddindən artıq artması iqtisadiyyat üçün müəyyən risklər də yarada bilər. Əsas risk neftdən asılılığın yenidən güclənməsidir. Yüksək neft gəlirləri dövlət xərclərinin artmasına və iqtisadiyyatın neft sektorundan gələn vəsaitlərə daha çox bağlanmasına səbəb ola bilər. Bundan başqa, ölkəyə böyük həcmdə valyuta daxil olması daxili tələbi artıraraq inflyasiya təzyiqi yarada bilər. Dövlət xərclərinin sürətli genişlənməsi də qiymət artımlarını gücləndirə bilər. Ona görə də yüksək neft qiymətindən əldə olunan əlavə gəlirlər istehlaka deyil, mümkün qədər strateji investisiyalara, qeyri-neft sektorunun inkişafına, insan kapitalına, texnologiyalara və ixrac potensialının artırılmasına yönəldilməlidir. Mən bunu "gəlirdən çox, fürsət" kimi qiymətləndirərdim. 120 dollar səviyyəsində neft Azərbaycanın maliyyə imkanlarını gücləndirə, valyuta ehtiyatlarının dayanıqlığını dəstəkləyə və büdcə gəlirlərinə müsbət təsir göstərə bilər. Amma neft hasilatının azaldığını nəzərə alsaq, bu yüksək qiymətləri daimi gəlir mənbəyi kimi qəbul etmək düzgün olmaz. Azərbaycan üçün ən düzgün strategiya yüksək neft qiymətlərindən yaranan əlavə gəlirləri qorumaq və onları iqtisadiyyatın şaxələndirilməsinə yönəltməkdir. Çünki neftin qiymətinin yüksək olması müvəqqəti üstünlükdür, güclü və şaxələndirilmiş iqtisadiyyat isə uzunmüddətli təminatdır.
Səidə Ramazanova