Əkbər Qoşalı: “Paşinyanın cavabı Bakıya yox, daxili auditoriyaya hesablanıb” – ÖZƏL

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin xarici diplomatlarla Qandzasar monastırına səfəri və orada Alban irsinə dair nümayiş etdirilən əlyazma Ermənistan parlamentində kəskin müzakirələrə səbəb olub. Opponentləri Hacıyevin addımlarını erməni irsinin təhrifi kimi dəyərləndirərək Baş nazir Nikol Paşinyandan rəsmi mövqe tələb ediblər. Paşinyan responds edərək bildirib ki, Qandzasarın mənşəyi ilə bağlı Matenadaran direktoru artıq rəsmi cavab verib və bu mövzunu Azərbaycana sübut etməyə çalışmaq mənasızdır. Azərbaycan rəsmisinin yanaşmasını "qəbuledilməz və anlaşılmaz" adlandıran Baş nazir, buna baxmayaraq, tərəfləri sülhü qorumağa çağırıb. Müxalifət isə sülhə yalnız Ermənistanın can atdığını, Azərbaycanın isə fərqli iddialarla çıxış etdiyini iddia edib.

Mövzunu Olaylar.az-a şərh edən araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı bildirib ki, Nikol Paşinyanın "Azərbaycana nəsə sübut etmək mənasızdır" fikri ilk növbədə daxili auditoriyaya hesablanmış siyasi ismarıcdır. Çünki sualın özü Ermənistan parlamentində müxalifətdən gəlirdi və Baş nazir bir tərəfdən həmin auditoriyanın həssaslığını nəzərə almalı, digər tərəfdən isə müzakirənin Azərbaycan-Ermənistan münasibətlərində, necə deyərlər, yeni eskalasiya mövzusuna çevrilməsinə imkan verməməli idi. Onun eyni çıxışda həm Azərbaycan rəsmisinin yanaşmasını "qəbuledilməz və anlaşılmaz" adlandırması, həm də "sülhə qayğı göstərmək gərəkdir" deməsi bax, bu ikili siyasi ehtiyacın göstəricisidir. Burada daha önəmli bir məqam var: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması tarix haqqında eyni fikrə gəlmək sayılmır. Dövlətlər sərhəd, təhlükəsizlik, kommunikasiya və diplomatik münasibətlər üzrə razılığa gələ bilər, amma onların tarixi yaddaşları və mədəni irsin mənşəyinə dair yanaşmaları uzun müddət fərqli qala bilər. Mümkün sülhdən sonrakı mərhələnin əsas çağırışlarından biri məhz "yaddaşların toqquşması" olacaq. Qandzasar çevrəsindəki polemika da bunu göstərir. O səbəbdən mən "mədəniyyət savaşı"nın özlüyündə sülh müqaviləsinin qarşısını alan həlledici amilə çevriləcəyini düşünmürəm, lakin tarixi-mədəni mübahisələr siyasi şərtə çevrilərsə, yaxud tərəflərdən biri digərindən öz tarixi yaddaşından imtina etməyi tələb edərsə, o zaman məsələ təhlükəli xarakter ala bilər. Əks halda tarix tarixçilərin, əlyazmalar mətnşünasların, abidələr isə arxeoloq, memar və müvafiq mütəxəssislərin elmi müzakirə predmeti olaraq qalmalıdır. Diqqətçəkən odur ki, Ermənistan parlamentində səslənən sərt fikirlərə baxmayaraq, Paşinyan polemikanı sülh prosesindən ayırmağa çalışır. Hətta Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan da bundan öncə fikir ayrılıqlarının artıq sərhəddə atışma və toqquşma formasında üzə çıxmamasını yeni durumun müsbət cəhəti kimi təqdim etmişdi. Fikir ayrılığı qalır, amma onun ifadə vasitəsi dəyişə bilər. Bax, bu, bölgə üçün önəmli siyasi göstəricidir.

Ekspert qeyd edib ki, Azərbaycanın da öz tarixi-elmi mövqeyini ortaya qoymaq, Qafqaz Albaniyası irsini araşdırmaq və beynəlxalq ictimaiyyətə daha yaxından tanıtmaq hüququ var. Eyni zamanda, mürəkkəb irs məsələlərinin ən sağlam müstəvisi emosional siyasi qarşıdurmadan çox ilkin qaynaqlar, arxeologiya, epiqrafika, memarlıq və müqayisəli tarixşünaslıqdır. Əsl sülh fərqli düşündüklərini məsələləri savaşa çevirməmək bacarığıdır. Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurmanın bitməsi ilə tarixi mübahisələr də tam bitmiş olmayacaq. Məncə, Qandzasar çevrəsindəki son polemikanın bizə göstərdiyi ən önəmli məqam da elə budur. Qarşıdakı mərhələnin sınağı həmin mübahisələri dövlətlərarası sülhün girovuna çevirmədən idarə etmək olacaqdır.

Dövlətimiz zaval görməsin!

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31