Vaşinqtonun Rusiya planı: Ucuz enerji ticarətini dayandırmaq və Moskva büdcəsini çökdürmək – ÖZƏL
15:05 SiyasətABŞ Nümayəndələr Palatasının Qaydalar Komitəsi Rusiyaya qarşı yeni sanksiyalar qanun layihəsinin palatada müzakirəsinə yol açıb. Səsvermə 7-3 hesabı ilə baş tutub. Layihə Senatda artıq təsdiqlənib və Rusiyanın sanksiyalardan yayınmasına kömək edən, eləcə də Rusiya ilə aktiv ticarət aparan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar nəzərdə tutur. Qanun qəbul edilərsə, Rusiyaya sanksiyalardan yan keçməkdə və ya məhdudiyyətlərə baxmayaraq onunla ticarətdə iştirak etməkdə ittiham olunan üçüncü ölkələr də ABŞ-ın əlavə iqtisadi təzyiqi ilə üzləşə bilər. Layihənin tariflərlə bağlı müddəaları isə daha əvvəl müzakirələrə səbəb olub.
Bəs bu qanunun qəbul edilməsi Rusiya ilə əməkdaşlıq edən üçüncü ölkələr üçün konkret olaraq nə dəyişəcək? İkinci dərəcəli sanksiyalar hansı ölkələri daha çox risk altında qoya bilər?
"Nümayəndələr Palatasında Rusiyaya qarşı qəbul olunacaq bu sanksiya layihəsi, təbii ki, Rusiyanın həm iqtisadi, həm də siyasi gücünün azaldılmasına yönəlib. Burada, ilk növbədə, Rusiya-Ukrayna müharibəsində Rusiyanın gücünün zəiflədilməsi və əldə etdiyi maliyyənin müharibəyə yönəldilməsinin qarşısının alınmasından söhbət gedir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, Rusiya-Ukrayna məsələsində Tramp heç nə edə bilmədi və demək olar ki, əli-qolu bağlandı. Çünki Putinlə Alyaskada danışıqlar aparsa da, tamamilə razılığa gələ bilmədi. Həmçinin Ukraynanı məcbur edə bilmədi ki, onlar öz addımlarından geri çəkilsinlər və Rusiya ilə masaya oturaraq Rusiyanın istədiklərini, ən azı müəyyən müddət üçün, qəbul etsinlər. Yəni nəticə etibarilə, bu gün Rusiya-Ukrayna müharibəsi davam edir və Tramp bu müharibə ilə bağlı heç nə əldə edə bilmədi. Bunu görən Konqres və Nümayəndələr Palatası tərəfindən bu gün səsverməyə çıxarılan layihə, ilk növbədə, Rusiyanın iqtisadi gücünün azaldılmasına yönəlib. Bu sanksiyaların əsas hədəfi isə üçüncü ölkələrdir. Bunlar Çin, Hindistan və Türkiyədir. Çünki Rusiyanın bu gün ən böyük neft-qaz ixracatı məhz bu ölkələrə gedir. Onlar da Rusiya ilə artıq yalnız dollar bazasında deyil, rupi və yaxud yuanla ticarət həyata keçirirlər. Rusiyanın enerji resurslarının ən böyük alıcıları da məhz bu ölkələrdir. Əgər bu ölkələr bu gün sanksiyalara qoşulacaqlarsa və sanksiyalar onlara qarşı da tətbiq olunacaqsa, bu, həmin ölkələrə Amerika bazarında və yaxud digər istiqamətlərdə ciddi təsir göstərə bilər. Yəni burada məsələ, ilk növbədə, bu üç ölkənin və digər Rusiya ilə ticarət edən dövlətlərin qarşısının alınmasından söhbət gedir. Çünki bu ölkələr Rusiyadan enerji almasa və Rusiyanın büdcəsinə pul daxil olmasa, təbii ki, burada əsas məqsəd Rusiyanın zəiflədilməsi olacaq. Təbii ki, bu, həmin ölkələrə də böyük təsir edəcək. Çünki bu ölkələr bu gün Rusiyanın enerji bazarından daha ucuz məhsul alırlar və bundan yararlanırlar. Rusiya ilə münasibətlərini də bu çərçivədə saxlayırlar. Çünki öz ölkələrində enerjinin təmin edilməsi və enerji balansının tənzimlənməsi iqtisadiyyatları baxımından vacibdir.
"Əgər sanksiyalar səbəbindən Rusiyadan enerji almaq mümkün olmayacaqsa, bu, həmin ölkələrin iqtisadiyyatına və enerji resurslarına olan tələbatına böyük təsir göstərəcək. Ancaq biz bunu bir neçə dəfə də görmüşük. Faktiki olaraq belə bir qərar qəbul olunsa, sanksiyalar tətbiq edilsə belə, həm üçüncü ölkələr, həm Rusiya, həm də digər Qərb ölkələri tərəfindən bu sanksiyaların müəyyən yollarla yan keçilməsi və yenə də Rusiyadan ucuz enerji alınması məsələsi gündəmdə qalır. Bununla da Rusiya-Ukrayna müharibəsində Rusiyanın iqtisadi baxımdan çökdürülməsi məsələsində ciddi çətinliklər yaranır", - deyə siyasi şərhçi vurğulayıb.
Səidə Ramazanova