Ermənistanın növbəti ikiüzlülüyü və sülhü əngəlləyən addımları- ÖZƏL

"Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura reallaşan növbəti səfəri Ermənistanda yenidən isterik dalğa yaradıb. Ermənistanda, xüsusən rəsmi şəxslər tərəfindən bu səfərin hədəfə alınması onların hələ də Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdinin göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu "Cumhuriyyət" qəzetinin baş redaktoru Rafail Becanov deyib: "Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, belə faktlar onun hökumətinin və erməni cəmiyyətinin sülh prosesində qeyri-səmimi olduğunu, hələ də revanşizm xəstəliyindən xilas ola bilmədiyini bir daha təsdiqləyir. Bununla da Paşinyanın "Real Ermənistan" konsepsiyası sözlə əməlin uyğun gəlmədiyi bir ideyaya çevrilir və bu da sülhlə bağlı xeyli suallar doğurur.
Azərbaycan sülh tərəfdarıdır və bunu bütün addımları ilə sübut edib. Lakin Ermənistan tərəfi bu prosesdə qeyri-səmimi siyasət yürütməkdə davam edir. Ermənistan həqiqi sülh üçün konstitusiyasını dəyişməli və Azərbaycana qarşı bütün iddialarından geri durmalıdır. 
Real sülh və regionda davamlı sabitlik yalnız bu əsaslarla mümkündür. Təəssüf ki, Ermənistan revanşizm xəstəliyindən hələ də xilas ola bilmir.İstər Gəncəsər və Xudavəng monastır kompleksləri, istərsə də Qarabağ və Şərqi Zəngəzurdakı digər abidələr Azərbaycanın mülkiyyətidir və dövlət tərəfindən qorunur. 
Onların bu abidələrdən "erməni irsi" kimi dəm vurması növbəti dəfə tarixi saxtalaşdırmaq cəhdidir.
Ermənistan tərəfi mövcud reallıqları qəbul etməlidir. İrəvan rəhbərliyi anlamalıdır ki, bu ölkə bütövlükdə tarixi Azərbaycan torpaqlarında yerləşir. 
Bu gün Paşinyanın "Real Ermənistan" ideyasına etiraz etməməklə, Azərbaycan regionda sülh və sabitliyə töhfə vermək, dinc qonşuluq prinsiplərinə yeni nəfəs gətirmək istəyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31