Gəncəsər müzakirələri: “Ermənistan Azərbaycanın suverenliyinə hörmət nümayiş etdirməlidir”- ÖZƏL
15:01 Siyasət" Paşinyanın Gəncəsərlə bağlı açıqlaması Ermənistan hakimiyyətinin Azərbaycanın daxili məsələlərinə münasibətdə hələ də özünü müəyyən hüquq sahibi kimi təqdim etməyə çalışdığını göstərir. Azərbaycan öz ərazisində yerləşən tarixi-mədəni irslə bağlı mövqeyini müəyyənləşdirərkən Ermənistan rəhbərliyindən icazə almaq məcburiyyətində deyil. Hikmət Hacıyevin xarici diplomatlarla Gəncəsərə səfəri Azərbaycanın öz ərazisində həyata keçirdiyi diplomatik və ictimai fəaliyyətdir və bunun Ermənistan parlamentində müzakirə predmetinə çevrilməsi yersizdir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
" Paşinyanın "Azərbaycana nəsə sübut etmək mənasızdır" deməsi isə Ermənistan hakimiyyətinin Qarabağ məsələsində köhnə yanaşmadan tam uzaqlaşmadığını göstərir. Əgər Ermənistan sülh prosesindən danışırsa, ilk növbədə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət nümayiş etdirməlidir. Azərbaycanın Qarabağdakı tarixi irslə bağlı təqdim etdiyi mövqeyə Ermənistanın siyasi rəhbərliyinin qiymət verməsi nə diplomatik baxımdan əsaslandırılmış, nə də sülh prosesinə xidmət edən yanaşmadır.
Burada Azərbaycanın mövqeyi kifayət qədər aydındır: Qarabağ Azərbaycanın ərazisidir və bu ərazidəki tarixi-mədəni irsin təqdimatı ilə bağlı qərar vermək hüququ da Azərbaycana məxsusdur. Ermənistan hakimiyyətinin hər dəfə bu məsələyə müdaxilə etməsi keçmişdən qalan siyasi yanaşmanın davamı təsiri bağışlayır. Gəncəsər ətrafında yaranmış müzakirə də göstərir ki, İrəvan hələ də Azərbaycanın Qarabağ üzərində suverenliyinin yaratdığı yeni reallığı tam siyasi düşüncə ilə qəbul etməkdə çətinlik çəkir.
Sülh müqaviləsinin davamlılığı üçün əsas şərtlərdən biri qarşı tərəfin daxili və suverenlik məsələlərinə müdaxilə etməməsidir. Ermənistan hakimiyyəti Azərbaycanda hansı tarixi irsin necə təqdim olunacağına münasibət bildirmək əvəzinə, öz üzərinə götürdüyü öhdəliklərə diqqət yetirməlidir. Qarabağ məsələsinin siyasi gündəmdən çıxarılması ilə bağlı real nəticə əldə olunması üçün də İrəvanın bu cür yanaşmalardan uzaqlaşması vacibdir.
Azərbaycan tərəfinin diplomatları Gəncəsərə aparması Qarabağın tarixinin və mədəni irsinin beynəlxalq auditoriyaya təqdim edilməsi baxımından mühüm addımdır. Bu, Azərbaycanın öz ərazisində həyata keçirdiyi legitim fəaliyyətdir. Ermənistan hakimiyyətinin buna etiraz etməsi isə sülh ritorikası ilə praktiki siyasi davranış arasında ziddiyyət yaradır. Əgər İrəvan həqiqətən yeni münasibətlər qurmaq istəyirsə, bunun ilk şərti Azərbaycanın daxili və suverenlik məsələlərinə müdaxilə etməməkdir".
Zeynəb Mustafazadə