Avropa Parlamentinə yönələn sərt ittiham- ÖZƏL

"Prezident İlham Əliyevin çıxışında Avropa Parlamentinin fəaliyyətinə dair səsləndirilən "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır" fikri xüsusi diqqət çəkən siyasi tezislərdən biridir. Bu ifadə Azərbaycan dövlət başçısının Avropa Parlamentinin Azərbaycana və bütövlükdə regiona münasibətinə dair kəskin tənqidi mövqeyini əks etdirir". "Olaylar" xəbər verir ki,  bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Bu yanaşmanın arxasında dayanan əsas arqumentlərdən biri beynəlxalq siyasi institutların Azərbaycan məsələsinə münasibətdə obyektivlik və ədalət prinsiplərinə əməl edib-etməməsi ilə bağlıdır. Azərbaycan hakimiyyəti uzun müddətdir Avropa Parlamentinin bir sıra qətnamə və bəyanatlarını qərəzli yanaşmanın nümunəsi kimi qiymətləndirir və həmin qurumun Azərbaycanın ərazi bütövlüyü və işğal faktı ilə bağlı mövqeyini də tənqid edib.

Prezidentin sərt ifadəsi bununla yanaşı, beynəlxalq təşkilatların qərar qəbuletmə prosesində şəffaflıq məsələsini də gündəmə gətirir. Azərbaycanın mövqeyinə görə, 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması dövründə beynəlxalq institutların adekvat və nəticəyönümlü mövqe ortaya qoymaması ciddi ədalətsizlik olub.

Bu kontekstdə Avropa Parlamentinə yönələn ittiham yalnız ayrı-ayrı sənədlərin tənqidi deyil, daha geniş siyasi narazılığın ifadəsidir. Azərbaycan Prezidentinin mövqeyinə əsasən, beynəlxalq təşkilatlar öz fəaliyyətlərində ikili standartlardan uzaq durmalı, dövlətlərə münasibətdə vahid hüquqi və siyasi meyarlar tətbiq etməlidirlər.

Beləliklə, çıxışda Avropa Parlamentinə dair sərgilənən cəsarətli mövqe və səsləndirilən sərt fikir Azərbaycanın beynəlxalq münasibətlərdə ədalət, obyektivlik və bərabər yanaşma tələbinin bir hissəsi kimi səciyyələnir. Bu tezis Prezidentin çıxışının digər istiqamətləri-Azərbaycanın suverenliyinin bərpası, beynəlxalq hüquqa istinad, İslam dünyasına münasibətdə ikili standartların tənqidi və sülh gündəliyinin müdafiəsi ilə birbaşa əlaqəlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31