2027-ci ilin dövlət büdcəsi: İqtisadi fəaliyyət xərcləri niyə artırılır?- ÖZƏL

2027-ci ilin dövlət büdcəsində əsas xərclərin iqtisadi fəaliyyət, müdafiə və milli təhlükəsizlik istiqamətlərinə yönəldilməsi nəzərdə tutulur. Maliyyə Nazirliyinin açıqlamasına görə, iqtisadi fəaliyyətə 8 milyard 891 milyon manat, müdafiə və milli təhlükəsizliyə isə 8 milyard 816,4 milyon manat ayrılması planlaşdırılır. Sosial müdafiə, dövlət xidmətləri və digər sahələr üzrə də əhəmiyyətli vəsaitlərin ayrılması proqnozlaşdırılır.

2027-ci il dövlət büdcəsində iqtisadi fəaliyyət və müdafiə-milli təhlükəsizlik xərclərinin yüksək paya malik olması iqtisadi siyasətin hansı prioritetlərini göstərir? İqtisadi fəaliyyətə ayrılması nəzərdə tutulan 8,9 milyard manata yaxın vəsaitin iqtisadi artıma və biznes mühitinə hansı təsirləri ola bilər?
Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Olaylar.az-a açıqlama verib:
" 2027-ci ilin dövlət büdcəsinin ilkin göstəriciləri açıqlanıb. Hələlik söhbət təsdiqlənmiş büdcədən yox, ilkin proqnozdan gedir. Amma rəqəmlər gələn il dövlət maliyyəsində hansı istiqamətlərə daha çox, hansılara isə daha az vəsait ayrılmasının nəzərdə tutulduğunu görməyə imkan verir.
Beləliklə, 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38,6 mlrd. manatdır. 2027-ci ildə bu rəqəmin 39,2 mlrd. manata çatması gözlənilir. Artım 625 mln. manat və ya 1,6% olacaq.
Xərclər isə 41,7 mlrd. manatdan 42,4 mlrd. manata yüksəlir. Burada artım 696,4 mln. manat və ya 1,7% təşkil edir.
Beləliklə, xərclər gəlirlərdən bir qədər sürətlə artır. Nəticədə büdcə kəsiri də 3,095 mlrd. manatdan 3,166 mlrd. manata yüksəlir. Artım 71,4 mln. manat və ya 2,3% olacaq.
Ən böyük artım iqtisadi fəaliyyət xərclərində gözlənilir. Bu istiqamətə ayrılan vəsait 7,86 mlrd. manatdan 8,89 mlrd. manata yüksəlir. Bir il ərzində artım 1,03 mlrd. manat və ya 13,2% deməkdir. Faktiki olaraq, 2027-ci ildə büdcə xərclərinin artımında əsas istiqamət iqtisadi fəaliyyət olacaq. Həm də bu istiqamət büdcədən ən çox vəsait ayrılan istiqamət olacaq. İkinci ən çox vəsaitin ayrıldığı istiqamət isə müdafiə və milli təhlükəsizlik xərcləridir. Bu istiqamətdə xərclər təxminən 8,72 mlrd. manatdan 8,82 mlrd. manata yüksəlir. Artım təxminən 99 mln. manat və ya 1,1% olacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31