Tarixi reallıqlar Azərbaycanın Türk dünyası ilə Qafqaz arasında mühüm həlqəsi olduğunu göstərir- ÖZƏL

"Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın mühüm cəhətlərindən biri onun geniş coğrafiyanı əhatə etməsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib: "Türk dövlətlərinin dini rəhbərləri ilə yanaşı, Gürcüstan və Suriyadan, Şimali Qafqazdan olan dini liderlərin də tədbirdə iştirakı Azərbaycanın Türk dünyası, Qafqaz və İslam aləmi arasında əlaqələndirici mövqeyini nümayiş etdirir. Azərbaycan isə həm Türk dünyasının bir parçası, həm də Qafqaz ölkəsi kimi nüfuzunu daha da möhkəmləndirib.

Dövlət başçımızın Qafqaz Albaniyası və Atabəylər dövlətinin tarixinə toxunması da bu kontekstdə diqqətəlayiqdir. Cənab Prezidentin qeyd etdiyi kimi, qədim Qafqaz Albaniyası məhz Azərbaycanın ərazilərində mövcud olub, Albaniyanın paytaxtı Qəbələ, Atabəylər dövlətinin paytaxtı isə Naxçıvan olub. Bu tarixi reallıqlar Azərbaycanın Türk dünyası ilə Qafqaz arasında əlaqələrin mühüm həlqəsi olduğunu göstərir.

Prezident İlham Əliyevin çıxışında ən mühüm tezislərdən biri Türk və İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsinin zəruriliyidir. İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində Bakıda keçirilən tədbirlər, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda təşkili və qarşıdakı dövrdə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi bu siyasətin mühüm nümunələridir.

"Bizim dinimizə, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir" deyən Prezident İlham Əliyev müsəlman dünyasının gözdən salınmasını, İslamın terrorla eyniləşdirilməsini və Qurana qarşı təhqiramiz hərəkətləri təsadüfi deyil, "hədəflənmiş siyasət" kimi xarakterizə etdi. Buna cavab olaraq müsəlman dünyasının birliyini vurğuladı. Azərbaycan haqlı olaraq birliyi, həmrəyliyi  regional təhlükəsizliyin əsas qarantlarından biri hesab edir. Dövlət başçımızın da söylədiyi kimi,  "bizim birliyimiz hər birimizi gücləndirəcək. Türk dünyası, Qafqaz və İslam aləmi arasında əməkdaşlığın güclənməsi regionda sabitliyin qorunmasına da töhfə verə bilər"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31