Trampın Körfəz ölkələri ilə görüşü: İran məsələsi və təhlükəsizlik gündəmi- ÖZƏL

ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyası çərçivəsində Fars körfəzi ölkələrinin liderləri və xarici işlər nazirləri ilə İran məsələsini müzakirə etmək üçün görüş keçirəcəyi gözlənilir. "Axios"un məlumatına görə, sentyabrın 22-də keçirilməsi planlaşdırılan görüşdə ABŞ-ın İranla bağlı müharibədən sonrakı strategiyası müzakirə edilə bilər.

Donald Trampın Fars körfəzi ölkələrinin nümayəndələri ilə İran məsələsini müzakirə etmək təşəbbüsünü necə qiymətləndirirsiniz və bu görüşün əsas məqsədi nə ola bilər? ABŞ-ın İranla bağlı müharibədən sonrakı strategiyasının müzakirəsi Yaxın Şərqdə siyasi və təhlükəsizlik vəziyyətinə hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:

"
ABŞ prezidentinin BMT Baş Assambleyası çərçivəsində Körfəz ölkələrinin liderləri ilə görüşmək istəyi, əlbəttə ki, anlaşılandır. Çünki artıq altı aydır ki, Yaxın Şərqdə hərbi eskalasiya davam etməkdədir və bu, Amerika-İran savaşından ən çox zərər çəkən məhz Körfəz ölkələri oldu. Körfəz ölkələri bu savaşda onların təhlükəsizliyinə təminat vermiş ABŞ tərəfindən təhlükəsizliyin heç də yüksək səviyyədə təmin olunmadığının şahidi oldular və bu problemi yaşadılar. Bu baxımdan, bu ölkələrin liderləri özlərinin təhlükəsizlik siyasətini şaxələndirmək qərarına gəliblər və ABŞ-la bərabər digər formatlarda və digər ölkələrlə də münasibətlər qurulur, əməkdaşlıq formatları axtarılır.
ABŞ liderinin bu ölkələrin rəhbərləri ilə görüşünə gəldikdə isə, bu, təbii qarşılanmalıdır. Çünki ABŞ-ın özünün də Yaxın Şərqə maraqları var və yeni dünya nizamının qurulması prosesinin əsas mərkəzlərindən biri də Yaxın Şərq regionudur. Bu baxımdan, bu görüş tərəflər arasında münasibətlərin aydınlaşması baxımından vacibdir.
Çünki nəzərə alsaq ki, hazırda Hörmüz boğazının bağlanması Körfəz ölkələrinə kifayət qədər zərər verir. Üstəlik, bunun üzərinə hələ Bab-əl-Məndəb boğazında və Qırmızı dənizdə gəmiçiliklə bağlı problemlərin yaşanması və Səudiyyə Ərəbistanı kimi ABŞ-ın Yaxın Şərqdə əsas tərəfdaşlarının öz enerji resurslarını ixrac etməkdə problemlər yaşaması, əlbəttə ki, bu görüşdə müzakirə olunmalıdır və ondan da gözlənilir. Körfəz ölkələri də, ABŞ prezidenti də bu prosesdən, bu problemlərin həllinin yollarını müzakirə etməli və bu prosesdən necə çıxacaqlarını müəyyən etməlidirlər. Ona görə bu görüş, əgər baş tutacaqsa, şübhəsiz ki, Yaxın Şərq regionunun gələcəyi ilə bağlı bir çox məsələlərə aydınlıq gətirə bilər.
Və şübhəsiz ki, Körfəz ölkələri Amerika Birləşmiş Ştatlarından təhlükəsizliklə bağlı təminatların artırılmasını çox cür təkidlə tələb edə bilərlər. ABŞ prezidentinin buna cavabı isə maraqlı olacaq. Çünki görünən odur ki, ABŞ prezidenti siyasətində get-gedə dəyişikliklər etmək istəyir və Amerika Birləşmiş Ştatları təhlükəsizlik təminatlarını birbaşa deyil, dolayı yolla təmin etmək istəyindədir. Həm Körfəz ölkələri ilə bağlı biz bu məqamı da görməkdəyik".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31