QİDA sədri Qoşqar Təhməzlinin menyusuna: 500 cücə, üç uşaq və cavabsız qalan suallar
20:27 SosialBərdədə baytarlıq nəzarəti haradadır?
QİDA sədri Qoşqar Təhməzlinin diqqətinə çatdırmaq istəyirəm: bu ilin fevral ayında 500 ədəd cücə aldım. Məqsədim sadə idi - aylarla zəhmət çəkib onları böyüdəcək, sentyabrda məktəblər açılanda sataraq üç övladımın məktəb xərclərini qarşılayacaqdım. Bu, mənim üçün biznes layihəsi yox, ailəmin dolanışığına kiçik bir ümid idi.
Lakin sentyabrın əvvəlində cücələr arasında qəfil xəstəlik yayıldı. Baytar axtarmağa başladım. Araşdırdıqca daha böyük bir problem qarşıma çıxdı: cücələrin vaxtında peyvənd olunmadığı bildirildi. Əgər bu doğrudursa, sual yaranır: dövlətin baytarlıq və peyvəndləmə sistemi haradadır? Dövlət vəsaiti ayrılırsa, bu vəsaitin real nəticəsi niyə vətəndaşın təsərrüfatında görünmür?
Baytar həkim axtarışında isə Bərdədə vəziyyət heç də ürəkaçan olmadı. İddialara görə, rayon üzrə ayrılan baytarların sayının azlığı və onların əlçatan olmaması vətəndaşı çarəsiz vəziyyətdə qoyur. Mən də çıxış yolu kimi baytarlıq apteklərinə üz tutdum. Hər gün baha qiymətə müxtəlif preparatlar aldım. Amma nəticə nə oldu? 500 cücənin hamısı tələf oldu.
Bundan sonra Bərdədə fəaliyyət göstərən baytarlıq aptekləri ilə bağlı özüm araşdırma aparmağa başladım. Qarşıma çox ciddi suallar çıxdı. Bəzi preparatların üzərində istifadə qaydası və son istifadə tarixinin göstərilmədiyi, satış zamanı kassa çekinin verilmədiyi, bəzi apteklərdə isə çalışan şəxslərin müvafiq ixtisasa malik olmadığı barədə iddialar var. Əgər bunlar doğrudursa, belə məhsullar necə satışa çıxarılır?
Daha bir ciddi sual: Bərdədə baytarlıq apteklərinə kim nəzarət edir? AQTA-nın regional strukturları bu obyektlərdə sonuncu dəfə nə vaxt yoxlama aparıb? Hansı preparatlar laborator müayinədən keçirilib? İstifadə müddəti, tərkibi və mənşəyi şübhə doğuran dərmanlarla bağlı neçə protokol tərtib olunub? Yoxsa vətəndaşın heyvanları kütləvi şəkildə tələf olduqdan sonra məsələ heç kimin marağında deyil?
AQTA - nın Qarabağ regional bölməsinin rəhbərliyi də bu suallara cavab verməlidir. Regional rəhbər Vüqar Zeynalovun rəhbərlik etdiyi strukturun Bərdədə baytarlıq apteklərinə nəzarəti hansı səviyyədə həyata keçirdiyi ictimaiyyət üçün maraqlıdır. Əgər nəzarət aparılıbsa, nəticələr niyə açıqlanmır? Əgər aparılmayıbsa, səbəb nədir?
Qoşqar müəllim, məsələ artıq mənim 500 cücədən ibarət şəxsi zərərimdən çıxıb. Burada insanların sağlamlığına gedən yolun başlanğıcında duran baytarlıq nəzarətindən söhbət gedir. Bu gün keyfiyyətsiz və mənşəyi bəlli olmayan preparat heyvanı tələf edirsə, sabah həmin nəzarətsizliyin nəticəsi insan sağlamlığı üçün daha ciddi problem yarada bilər.
Mən şəhid qardaşıyam. Himayəmdə 78 yaşlı anam, üç övladım var və onlardan biri anadangəlmə xəstədir. Mən həmin 500 cücəni böyüdərkən heç kimdən yardım istəmirdim. Öz zəhmətimlə övladlarımın məktəb xərclərini ödəmək istəyirdim. Amma bu gün nəticədə üç övladım məktəbə məyus halda gedə bilmədi. Onların gözündə isə bir sual var: "Ata, indi nə edəcəyik?"
Mən də həmin sualı bu gün QİDA sədrinə ünvanlayıram: Qoşqar müəllim, indi biz nə edək? 500 cücənin tələf olması ilə bağlı kim cavab verəcək? Baytarlıq apteklərində satılan preparatlara kim nəzarət edir? Peyvəndləmə ilə bağlı ayrılan dövlət vəsaitinin taleyini kim araşdıracaq? Mən kompensasiya dilənmirəm. Mən araşdırma, nəzarət və məsuliyyət tələb edirəm.
QİDA bu məsələyə münasibət bildirməlidir. Bərdədə baytarlıq aptekləri yoxlanılmalıdır, preparatların mənşəyi və keyfiyyəti araşdırılmalıdır, peyvəndləmə ilə bağlı iddialara aydınlıq gətirilməlidir. Əgər mənim dediklərim əsassızdırsa, bunu da rəsmi şəkildə ortaya qoysunlar. Əgər doğrudursa, məsul şəxslər barədə tədbir görülsün.
Çünki məsələ artıq 500 cücə məsələsi deyil. Məsələ bir atanın üç övladının məktəbə gedə bilməməsi, dövlət nəzarətinin işləyib-işləməməsi və vətəndaşın haqqının yerdə qalıb-qalmamasıdır.
Xəyyam Salmanzadə