Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
20:13 Sosial"Nəsimi Bağları" kompleksi ümumilikdə 120 hektar ərazini əhatə edir və turizm baxımından mühüm əhəmiyyət daşıyır.
Olaylar xəbər verir ki, bunu "Nəsimi bağları" kompleksinin layihə koordinatoru Zəhra Tağıyeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, burada çox sayda obyekt fəaliyyət göstərir və bir sıra maraqlı layihələr həyata keçirilir:
"Onlardan biri "Magic Village"dir. Burada dünyada məşhur olan hobbit evləri yerləşir. Uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş "Capybara Cafe" də burada fəaliyyət göstərir. Bundan başqa, Azərbaycanda ilk və yeganə ixtisaslaşmış kapibara ferması olan "Capybara Land" yerləşir. Burada heyvanları yaxından görmək, onlara toxunmaq və yemləmək mümkündür.
"Nəsimi Bağları"nda 150 mindən çox ağac və bitki əkilib. Burada Azərbaycan və xarici rəssam və heykəltəraşların yaratdığı 100-dən çox əsər və instalyasiya nümayiş etdirilir. Həmçinin Şamaxının qədim və müasir tarixini, mədəni irsini əks etdirən zəngin ekspozisiyaya malik muzey yaradılıb".

İmadəddin Nəsiminin Şamaxı rayonunda ucaldılmış abidəsinin müəllifi, Əməkdar rəssam Rəşad Ələkbərov bildirib ki, abidənin hazırlanması beş il çəkib.
O, heykəlin hazırlanmasında 30 nəfərə yaxın şəxsin iştirak etdiyini bildirib:
"Nəsiminin heykəlinin hazırlanmasına beş il sərf olunub. Müasir üslubda ərsəyə gətirilən heykəlin hazırlanmasında 30 nəfərə yaxın peşəkar komanda işləyib. Bu, belə bir üslubda hazırlanmış ilk heykəldir".

"Nəsimi Bağları" kompleksində ucaldılmış "Hər şeyə rəğmən sevgi" gül kompozisiyasının həmmüəllifi Sabit Zamanov bildirib ki, kompozisiya həyatı və insanın daxili aləmini assosiasiya edir.
Onun sözlərinə görə, layihənin əsas ideyası sevginin daimiliyinin təlqin olunmasıdır:
"Bu kompozisiya üzərində üç heykəltəraş çalışıb. 11 metrlik gül kompozisiyası sevgini, həyatı və insanın daxili aləmini assosiasiya edir. Qızılgüldən ayrılan tumurcuq yeni həyatı, gələcəyin başlanğıcını göstərir. Yarpaqlar üzərindəki iki mələkdən biri sevgini, həyatı, gözəlliyi, digəri isə şıltaqlığı, azad ruhu və ziddiyyətləri göstərir. Layihənin əsas ideyası sevginin daimiliyinin təlqin olunmasıdır".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar.
"Nəsimi Bağları" kompleksi Şamaxı rayonunda yeni istifadəyə verilən, sakinlərin və qonaqların asudə vaxtlarını səmərəli keçirilmələri üçün yaradılmış növbəti bir məkandır.
Kompleks Şamaxı rayonunda turizmin inkişafına töhfə vermək, bölgənin turizm potensialını artırmaq, ərazinin təbii xüsusiyyətlərini qorumaq, həmçinin ailəvi istirahətin və asudə vaxtın səmərəli təşkili üçün rahat mühit yaratmaq prinsipləri əsasında qurulub.
Çoxfunksiyalı turizm, mədəniyyət və rekreasiya layihəsi kimi fəaliyyət göstərən "Nəsimi Bağları" kompleksinin ərazisində müxtəlif istirahət obyektləri, ailəvi əyləncə infrastrukturu, fərqli mövzularda incəsənət nümunələri, iaşə obyektləri yerləşir.