“Yeni qanun Rusiyanın əsas gəlir damarlarını hədəfə alır”- ÖZƏL

"Rusiya və İrana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi artıq tamamilə təsdiqlənib və sənəd imzalanması üçün Prezident Donald Trampın masasına göndərilib. Bu qanunun qəbulu Rusiya ilə iqtisadi əlaqələrini davam etdirən üçüncü ölkələr üçün geosiyasi və iqtisadi mənzərəni kökündən dəyişməyi nəzərdə tutur. Qanunun yaradacağı konkret dəyişikliklər, risk altında olan ölkələr və gözlənilən təsirlər müxtəlif ola bilər. Bu qanun ABŞ prezidentinə Rusiya ilə ticarət edən üçüncü ölkələrə qarşı birbaşa iqtisadi cəza xarakteri daşıyır. İkinci dərəcəli sanksiyalartətbiq etmək üçün misilsiz geniş səlahiyyətlər verir".

Bu fikirləri politoloq Tural İrfan Olaylar.az-a açıqlamasında söyləyib:

" ABŞ prezidenti Rusiyadan xam neft və təbii qaz idxal edən əsas ölkələrin ABŞ-yə ixrac etdiyi bütün mallara 100 faizədək gömrük rüsumu, bir növü tariflər tətbiq edə biləcək. Rusiyanın sanksiyalardan yayınmasına yardım edən və ya Rusiya bankları ilə irimiqyaslı əməliyyatlar aparan üçüncü ölkələrin şirkətləri və bankları ABŞ-nin maliyyə sistemindən tamamilə təcrid olunmaq riski ilə üzləşəcək. ABŞ Ticarət Nümayəndəliyi hər 180 gündən bir Rusiya ilə əməkdaşlıq edən ölkələrin siyahısını yeniləyəcək və sanksiya siyahısını genişləndirə biləcək. Beləcə bir çox ölkələr risk altına düşəcək. Qanun xüsusi olaraq Rusiyadan ən çox enerji daşıyıcıları alan və ya onun sanksiyalardan yayınmasına şərait yaradan ilk 5 ölkəni birbaşa hədəf alır. Qanunvericilik müzakirələrində və düzəlişlərdə əsas risk qrupuna daxil edilən ölkələr əsasən Çin və Hindistandır. Rusiyanın neft və qazının ən böyük alıcıları olduqları üçün rüsum təhlükəsi ilə ən çox üz-üzə qalan məhz bu ölkələrdir. Bu iki ölkənin ABŞ-yə ixracatı bu tariflər ucbatından ağır zərbə ala bilər. Artıq Hindistan hökuməti bu addımın ABŞ ilə əlaqələrə mənfi təsir edəcəyi barədə xəbərdarlıq edib. Rusiya ilə maliyyə əməliyyatlarının və paralel idxalın aktiv keçdiyi qovşaqlar da risk altındadırlar. Avropa İttifaqı daxilində hələ də Rusiya qazından asılı olan bəzi ölkələr də hədəf qrupundadır. Lakin qanunda qaz asılılığı 15%-dən az olan və idxalı azaltmaq üçün real addımlar atan ölkələrə istisnalar nəzərdə tutulur.
Qanun qüvvəyə mindikdən sonra ilkin mərhələdə Rusiya tərəfdaşlarının iqtisadiyyatında böyük bir qeyri-müəyyənlik və ABŞ-la ticarət müharibəsi qorxusu yaradacaq. Lakin uzunmüddətli dövrdə bu sanksiyalar Rusiyanın əsas gəlir damarlarını kəsəcəyi üçün ən ölümcül təsirini məhz Rusiya iqtisadiyyatına vuracaq və Moskvanı Ukrayna ilə bağlı danışıqlar masasına oturmağa məcbur edəcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31