Xocalı-XX əsrin ən dəhşətli soyqırımı
Bu günlərdə Azərbaycan xalqı XX əsrdə üzləşdiyi daha bir faciənin, soyqırımın ildönümünü qeyd edir. 1992-ci il, fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Xocalıda Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı.
25 Fevral 2021 12:16 SosialBu günlərdə Azərbaycan xalqı XX əsrdə üzləşdiyi daha bir faciənin, soyqırımın ildönümünü qeyd edir. 1992-ci il, fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Xocalıda Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı.
29 il əvvəl, fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərini işğal edərək azərbaycanlıları XX əsrdə növbəti dəfə soyqırıma məruz qoydular. İnsanlıq əleyhinə yönəlmiş bu soyqırım zamanı 613 mülki vətəndaş ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi ki, onlardan da 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca və ahıl şəxslər idi. Həmçinin 8 ailə erməni vəhşiliyinin qurbanı olaraq tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Xocalı soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilənlərlə yanaşı 76-sı uşaq olmaqla, 487 nəfər düşmən gülləsinə tuş gələrək yaralandı. Erməni silahlı birləşmələri Xocalıda XX əsrin ən ağır cinayətini törədib azərbaycanlıları kütləvi şəkildə soyqırıma məruz qoyduqdan sonra şəhərin sağ qalan 1275 nəfər sakinini isə əsir götürərək Ermənistana aparırlar. 29 il əvvəl ermənilər tərəfindən əsir götürülən 1275 Xocalı sakininin 150 nəfərinin taleyi bu günə qədər də naməlum olaraq qalır ki, onlardan da 68 nəfəri qadın, 26 nəfəri isə uşaq olub.
Təsadüfi deyil ki, ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri insanlıq əleyhinə cinayəti XX əsrin ən dəşhətli soyqırımı kimi də xarakterizə edirlər. Soyqırımı həyata keçirənlər, onun iştirakçılarının Xocalı hadisəsindən sonra müxtəlif illərdə mətbuata verdikləri açıqlamalar da bunu təsdiqləyir. Hətta Ermənistanın sabiq prezidenti Serj Sərkisyan belə Xocalıda azərbaycanlılara qarşı amansız qətliam həyata keçirdiklərini açıq şəkildə ifadə edib. Keçmiş Ermənistan prezidenti mətbuata verdiyi açıqlamda bildirib ki, Xocalıdan əvvəl azərbaycanlılar ermənilərin mülki əhaliyə qarşı əl qaldırmayacağını fikirləşirdi: "Biz bu stereotipi qıra bildik. Mən Xocalıda baş verənlərdən heç bir təəssüf hissi keçirmirəm. Hətta minlərlə əhali ölərsə belə bu cür sərt gedişlər zəruridir". Məlumat üçün qeyd edək ki, Serj Sərkisyan həmin vaxt Xocalıya hücum edən separatçı Dağlıq Qarabağın erməni özünümüdafiə qüvvələri komitəsinin rəhbəri idi və azərbaycanlılara qarşı soyqırımı həyata keçirən canilərdən olub.
Ermınilərin 1918-ci ilin martında azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı kimi Xocalı soyqırımı da təkcə fevralın 26-sı tarixi ilə yekunlaşmayıb və sonrakı günlərdə də azğınlaşmış erməni hərbiçiləri onların təqibindən qaçıb meşələrdə, dağlarda gizlənən azərbaycanlılara qarşı ən qəddar vasitələrdən istifadə ediblər. Erməni yazıçı-jurnalist David Xerdiyanın "Xaç uğrunda" kitabında bu açıq şəkildə ifadə olunur. David Xerdiyan yazır ki, martın 2-də "Qaflan" erməni qrupu meyitləri yandırmaqla məşğul idi: "Qrup azərbaycanlıların cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında başından və qollarından yaralanmış təxminən 10 yaşlı qız gördüm. O, yavaş-yavaş nəfəs alırdı. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, hələ də sağ idi. Ancaq Tiqranyan familiyalı əsgər onun qulaqlarından tutub üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi".
David Xerdiyan daha sonra bunları qeyd edir: "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi".
Digər erməni yazıçı Zori Balayan isə Xocalıda törətdikləri vəhşiliyi belə ifadə edir: "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı türk uşağını pəncərəyə mismarlamışdılar. Daha sonra onun başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik". Erməni canilərin bu etirafları Xocalıda azərbaycanlılara qarşı XX əsrin ən dəhşətli soyqırımının həyata keçirildiyini deməyə əsas verir.
Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırım dünyanın bir sıra ölkələri tərəfindən qəti şəkildə pislənilib, ayrı-ayrı dövlətlərin parlamentləri bu soyqırımı pisləyən bəyanatlar qəbul ediblər. Pakistan və Sudan Xocalıda baş verənləri tam səviyyədə soyqırım, Meksika, Kolumbiya, Çexiya, İordaniya, Peru, eləcə də digər ölkələrin parlamentləri isə qətliam və onu pisləyən qərarlar qəbul ediblər. Bu sıraya Amerikanın 20-dən artıq ştatı da daxildir.
Xocalıda azərbaycanlılara qarşı həyata keçirilən soyqırımın dünyada tanınmasında 2008-ci ildən etibarən həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq kampaniyasının rolunu xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlamış olduğu bu beynəlxalq kampaniyanın uğurla həyata keçirilməsinin nəticəsidir ki, qısa zaman ərzində dünyanın bir çox ölkələri Xocalıda baş verənləri soyqırım kimi tanıyıb. Hazırda da sözügedən kampaniya uğurla davam edir və hər ötən il soyqırımın daha geniş arealda tanınması istiqamətində müsbət nəticələr əldə edilir.
Azərbaycan xalqı arzulayır, eyni zamanda beynəlxalq təşkilatlardan, məhkəmələrdən tələb edir ki, 29 il əvvəl Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirmiş erməni caniləri törətdikləri insanlıq əleyhinə cinayətlərə, soyqırıma görə məsuliyyətə cəlb edilsinlər.
Süleyman
Olaylar.az