“Mənim gözüm 7/24 sənin üzərindədir” yox, "Sən mənim üçün önəmlisən"

“Mənim gözüm 7/24 sənin üzərindədir” yox, "Sən mənim üçün önəmlisən"

Son həftədə tez- tez intihar xəbərləri oxuyuruq. Artıq bu cür  xəbərləri oxumaq həm bizi narahat edir,  həm də yorur. Məsələ ilə  bağlı psixoloqları dinləyir və bu hadisələrin nəyə görə  "dəb" almasını araşdırmağa çalışırıq. Budəfəki müsahibimiz uzman psixoloq Gülnarə Muxtarovadır. Müsahibimizlə söhbətimiz intihar yox,  intihara qədərki münasibətlər, xüsusilə də ailədaxili ünsiyyət barədə  olacaq.

Müsahibim  söhbətinə  valideyn-övlad münasibətlərinin önəmindən danışmaqla başladı:

-Övladla ünsiyyət önəmli rol  oyanyır. Ailədaxili münasibətlər və valideyn- övlad münasibətləri düzgün qurulmayanda böyük problemlər yaranır.  Bu gün toplumumuzdakı  valideynlər övladlarına qarşı necə  davranacaqlarını, ünsiyyətdə hansı  dili istifadə edəcəklərini bilmirlər. Və ya bilsələr belə, bunun tətbiqinin tərəfdarı olmurlar. Təcrübələrimə əsasən deyə bilərəm ki, valideynlər övladlarının onlara tabe olması  üçün çalışırlar. Bu da əmredici  xüsusiyyətdir. Yeniyetməlik sərbəstliyə, azadlığa meyilli bir dövrdür.  Valideynlər tərəfindən düzgün ünsiyyətin olmaması da övladlarını daha əsəbləşdirir.

İntihar mövzusuna toxunan uzman psixoloq intihara yol açan əsas səbəbləri göstərdi:

-Mövzumuz intihar olmasa da intiharla bağlı demək istədiklərim var.  İntihar bir insanın müxtəlif səbəblərdən həyatına son qoymasıdır. Bu da bir seçim olsa da, bunun qarşısını almaq olar. İntihara yol açan səbəblər sırasına psixiatrik,  psixioloji, sosial səbəbləri göstərə bilərik. Son zamanlarda ən çox intihar yaş  qrupu yeniyetmələrdir. Buna səbəb ailədaxili münasibətlər, valideyn- övlad münasibətlərinin çatışmazlıqlarıdır. Yeniyetməlik dövrü həm yeniyetmələr,  həm də  valideynlər  üçün çox çətin dönəmdir.  Bu zaman valideyn  ünsiyyətə və  davranış qaydalarına riayət etməlidir.

-Bəs valideyn övladında intihara meyilliyi hiss edə bilərmi?

-Əgər  valideyn övladının davranışlarına,  nitqinə diqqət edirsə, övladında intihara meyillik hiss olunur. Elə yetişkin insanlar var ki, intihara çox ciddi hazırlaşırlar,  bunu heç kəsə hiss etdirmirlər.  Əgər bir yeniyetmədə  intihara meyillilik varsa bu, özünü büruzə  verə  bilər. Əgər valideyn diqqətlidirsə bunu hiss edəcək. Yox basqıcı valideyndirsə, bunu hiss edə  bilməyəcək.

-Gülnarə xanım, valideyn övladının səhvini  ona necə deməlidir?

-Əlbəttə ki, valideyn övladında gördüyü səhvi onlara bildirməlidir. Amma bunun üçün hansı  yöntəmlər lazımdırsa,  onlardan mütləq xəbərdar olmalıdır. Qeyd etdiyim kimi, yeniyetməlik  riskli  bir dövr olduğu üçün onlar hər sözü qəbul etmir, özləri azadlıq tərəfdarı olduqlarına görə də valideynin iradını yox,  ətrafındakı insanların dediklərinə önəm verirlər.

-Bildiyimiz kimi yeniyetməlik dövrü hər kəsdə eyni olmur. Bəs, ailədə yeniyetmələr varsa, bu zaman hansı psixoloji yardım yaranacaq?

-Hər yeniyetmə  asosial və yaxud sosial ola bilməz. Hər kəsdə  bu müddət fərqlidir. Elələri var ki,  valideynlərinin və özlərinin təəccübünə  səbəb ola biləcək  bir dövrdən keçirlər. Əlbəttə ki, bu dövrdə  valideyn və övlad  arasında müəyyən konfliktlər, fiziki  və emosional şiddət ola bilir. Əgər, bir ailədə  yeniyetmə  varsa, ailədəki psixoloji auraya nəzarət edilməlidir. Təcrübəli  valideynlər özləri nəzarət etməlidir, əgər yoxdursa, psixoloji yardım almalıdırlar.

Valideyndə düzgün yanaşma tərzi olmadığı zaman yeniyetmələrin gözündə onların dili ilə desək, basqıcı və avtoritar ana və  ata modeli canlanır.  Bu zaman yeniyetmə  onlara qarşı çıxmaq üçün  hər cür təhlükəli yola əl ata bilər, aqressiv davranışlar göstərə bilərlər. Bu təkcə  ailə daxilində  yox,  çevrələrindəki  insanlara qarşı  da ola bilər. Bu dediklərimi yeniyetməlik  dövrünü daha ağır keçirənlər üçün nəzərdə tuturam.

-Gənclik və yeniyetməlik dövründə valideynin övladına qoyduğu qadağalar onları üsyana məcbur edir. Belə  hallarda iki tərəf bir- birilə necə davranmalıdır?

-İstər gənclik, istərsə də yeniteməlik dövründə  valideyn övladına qadağalar qoyur. Bu da onlar tərəfindən üsyana səbəb olur. Bu zaman valideyn övladı, övlad valideyni günahlandırır. Bu da ailədə  tez- tez konfliktlərə yol açır. Özünüz düşünün, belə bir ortamda sağlam və yetişkin insan necə  ola bilər?

Qadağa deyəndə  valideyn basqıcı olduğu üçün övladlarının onlara tabe olmasını istəyirlər. Bu da övlad üçün çox çətindir. Çünki bu dövrlərdə  gənclər özlərini daha yetişkin hiss edir, valideyn icazəsinə və ya hər hansı bir məsləhətinə  ehtiyac olmadığını düşünürlər. Bunu görən valideyn daha da sərt qadağalar qoyur və ya mənfi rəylər bildirir ki,  bu da övladda valideynə qarşı aqressiya, kin yaradır.

 Gülnarə Muxtarova bu probemlemin həlli yolundan da danışdı:

Bu konfliktləri yaşamamaq üçün öncəliklə ünsiyyəti düzgün seçmək lazımdır. Xüsusilə  də xitablara diqqət etmək vacibdir. Ünsiyyətdə mən  və sən dili var. Amma çox valideynlər "sən"ə daha çox üstünlük verir: sən etdin,  sənə görə oldu, sənin günahındı,  sən həmişə  beləsən. Bu, yeniyetmə  və  gənc üçün çox böyük psoxoloji  şiddətdir. 

Düzgün ünsiyyət seçilsə belə bəzən övladın aqressiyası yenə davam edə bilər. Amma bu bir müddət sonra müsbət nəticə verəcəkdir. Ona görə də, valideynlər düzgün ünsiyyətə mütləq önəm verməlidirlər.

-Son olaraq, valideyn necə etməlidir ki, övladının psixoloqu olsun?

Ən mühüm və əhəmiyyətli nöqtə: Valideynlər necə  etsinlər ki,  öz övladlarının psixoloqu olsunlar. Əgər valideyndə övladlarına qarşı bir psixoloq olma kimi  yanaşma olsa, toplumda daha sağlam və  daha yetişkin gənclər olacaq,  intiharların sayı da azalacaq. Çox təəssüf ki, bu belə deyil.

Əlbəttə ki, valideynin övladı üçün müəyyən bir intizam  qaydası  olmalıdır, bu bir valideynin valideynlik haqqıdır. Müəyyən nəzarət olmalıdır, amma "mənim gözüm 7/24 sənin üzərindədir" şəklində yox. Bunun əvəzində "sən mənim nəzarətimdəsən, sən mənim üçün önəmlisən, sənin üçün hər şey etməyə hazıram" şəklində ifadələr işlədilməlidir.  Yeniyetməlik dövründə  hər bir övladın  anası və atasından istədiyi sevgi, diqqət və xüsusilə  vurğulamaq istədiyim anlaşılmaq istəyidir. Biz əgər bir yeniyetməyə "sənin ailənlə olan bu konfliktinin səbəbi nədir" sualını versək, ilkin cavab "onlar məni anlamır, onlar məni başa düşmür" olacaq. Düzdür, valideynlərin də öz haqqlı səbəbləri var. Bir yeniyetmə psixloqun yanında özünü rahat hiss edir və  deyir ki, kaş ki, mənim atam və  anam da sizin kimi olaydı. Çünki psixoloq onu mühakimə  etmədən,  cəzalandırmadan  dinləyir. Bir çox valideynlər isə  dinləməyi nəinki bacarmır, yeniyetmənin özünü tam ifadə etməsinə şərait yaratmırlar.  Bu da mövcud problemləri daha da qabardır. Və ya günümüzün "dəbi" olan intihar kimi hadisələrə gətirib çıxarır.

Gülər  Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31