Mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri Azərbaycan gənclərində milli mənlik şüurunun formalaşdırılmasıdır
Cavid Şahverdiyev: “Vətənpərvərlik və vətəndaşlıq hisslərinin təbliğ edilməsi işində mətbuatın gücündən maksimum istifadə edilməlidir”
18 Fevral 2021 16:15 SosialCavid Şahverdiyev: "Vətənpərvərlik və vətəndaşlıq hisslərinin təbliğ edilməsi işində mətbuatın gücündən maksimum istifadə edilməlidir"
Gənclərin milli mənlik şüurunun formalaşdırılması, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlərlə bağlı Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyevin "OLAYLAR"-a müsahibəsi
-Cavid bəy, hazırda gənclər arasında mövcud olan vətənpərvərlik hisslərini qaneedici səviyyədə hesab edirsinizmi?
-Hər bir xalqın, millətin inkişafında, təşəkkül tapmasında sağlam ruhlu, vətənpərvər gənclik mühüm rol oynayır. Dövlət və dövlətçiliyin möhkəmlənməsi, qüdrətlənməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli gənclərin avanqard qüvvəyə çevrilməsindən çox asılıdır. Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı torpağa, vətəninə vətəndaşı olduğu ölkəyə sevgidən, etibardan, inamdan qaynaqlanır. Onu da qeyd edim ki, vətənpərvərlik yalnız vətəni sevmək deyil. Vətənpərvərlik böyük məfhumdur. Vətənpərvərlik vətənini, torpağını, xalqını, elini, obasını sevməklə yanaşı tarixini bilmək, milli və mənəvi dəyərlərini, dilini, dinini qorumaq, onları yaşatmaqdır. Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, onda inam hissini gücləndirir, onu qələbəyə ruhlandırır. Bu gün Azərbaycan gəncində yüksək vətənpərvərlik hissi var. Müstəqil dövlət quruculuğu yolunda gənclərimizin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Etiraf edək ki, gənclərimiz vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə yerinə yetirirlər. Danılmaz faktdır ki, gənclərin bir vətəndaş kimi yetişməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Gənclər bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır, cəmiyyətdə formalaşdırırlar. Gənclərimizin vətənpərvər ruhda böyüməsi üçün hökumətimizin düzgün siyasəti mövcuddur. Ölkəmizdə gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər, qəbul olunan qərarlar Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Bir sözlə, gənclərimiz milli ruhda silahlanıb. Ümummili liderimiz Heydər Əliyev deyib: "Gənclər Azərbaycanın bu günü və gələcəyidir. Gənclərin üzərinə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır". Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan ulu öndər, gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verib. Heydər Əliyev nitqlərinin birində bu barədə deyib: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidirlər. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik". Bu gün bu xüsusiyyətləri gənclərimizdə açıq görmək mümkündür.

-44 günlük Vətən müharibəsi gənclərin vətənpərvərlik hisslərinin daha da artırılmasına nə dərəcədə müsbət təsir göstərdi?
-Azərbaycanın müstəqil bir dövlət kimi mövcud olmasında milli birlik, milli həmrəylik böyük rol oynayıb. Həmişə milli birlik, həmrəylik ən çətin anlarımızda bizi mübarizləşdirib, gücləndirib. Xalqımızın birliyi olmasaydı, yəqin ki, dövlətimiz də suveren olmazdı, mübariz olmazdı, bütün sahələrdə inkişaf etməzdik, qələbələrə imza atmazdıq. İkinci Qarabağ müharibəsində əldə edilən qələbə də məhz birliyin, həmrəyliyin təzahürüdür. Ümumiyyətlə, Azərbaycan xalqı tarixən milli birliyə böyük önəm verib. Azərbaycan gənci 44 günlük müharibədə tarix yazmaqla vətənpərvərliyini, mərdliyini, kişiliyini, qorxmazlığını sübut etdi. Bu müharibə əsil vətənpərvərlik meydanına çevrildi. Xatırlayırsızsa, Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində olarkən Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəslin yetişdiyini vurğuladı: "On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü".
Bu bir həqiqətdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı müdrik siyasət, xüsusilə gənclər siyasəti gənclərimizdə vətənpərvərlik ruhunu gücləndirib, vətənə, torpağa sevgini, məhəbbəti artırıb. Dünyanın bütün ölkələrində gənclərimiz ordumuza dəstək nümayiş etdirdilər. İkinci Vətən müharibəsi dönəmində minlərlə gənc könüllü olaraq döyüşə yazıldılar. Ordumuzda və gənclərimiz arasında yüksək vətənpərvərlik hissləri, xalq-hakimiyyət-ordu birliyi, həmrəyliyi 30 illik Qarabağ həsrətimizə son qoydu. Azərbaycan gənci şəhidliyi, qəhrəmanlığı, fədakarlığı ilə böyüməkdə olan nəslə nümunə oldu.
-Siz bir QHT olaraq dəfələrlə regionlarda qeyd edilən istiqamətlərdə layihələr həyata keçirmisiniz. Ümumiyyətlə regionlarda bu istiqamətdə vəziyyət hansı səviyyədədir?
-Bilirsiz, vətənpərvərlik təkcə vətənini sevməklə bitmir. Bu gün gənclər arasında kütləvi sorğu keçirsək, hər biri vətənini sevdiyini deyəcək. Düzdür, Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti və başqa təşkilatlarla birgə məktəblilər arasında "Cəsurlar", "Şahin", "Sərhəd" kimi hərbi-idman oyunları keçirir. Müsbət nəticələr də əldə olunur. Amma bununla iş bitmir. Rəhbərlik etdiyim QHT bölgələrdə dəfələrlə bu mövzuda layihələr həyata keçirib. Nəticə qaneedici deyil. Gənclərimiz, şagirdlərimizin əksəriyyəti tariximizi bilmir, kimliyimizi, kökümüzü, haradan gəldiyimizdən xəbərsizdir, milli, mənəvi dəyərlərimiz, adət-ənənlərimizdən məlumatlı deyillər. Açığı bu istiqamətdə bölgələrdə maarifləndirmə işləri çox zəif aparılır. Daha çox maarifləndirmə işi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirildiyi layihələr çərçivəsində aparılır. Düzdür, bir neçə dövlət strukturu da bu prosesə cəlb olunur, amma istənilən effekti əldə etmək olmur. Çünki proses mütəmadı həyata keçirilmir. Vətənpərvərlik hissini yeniyetmələrimizə, gənclərimizə kim aşılamalıdır - ailədə valideynlər, məktəbdə müəllimlər. Ola bilsin ki, valideynin vaxtı olmasın, ailə problemləri və s. Bundan başqa intellektual, dünyagörüşü və s. amillərdə burada əsas rol oynayır. Amma məktəbdə bu proses mütləq həyata keçirilməlidir. Çünki auditoriyaya ali savadlı müəllim, pedaqoq daxil olur. Şagirdlə ünsiyyətdə olan müəllim 45 dəqiqənin 5 dəqiqəsini vətənpərvərlik tərbiyəsi işinə ayırsaydı, bu gün nəticəsini də görərdik. Çox ehtimal ki, heç bir məktəbdə bu metoddan istifadə edilmir. Əgər o gəncdə vətənpərvərlik hissi yoxdursa, savadı, intellekti ilə cəmiyyətimizə, vətənimizə, xalqımıza fayda verə bilməz. Bir sinfin şagirdlərinin heç də hamısı fizik, riyaziyyatçı, kimyaçı, bioloq və s. ixtisas sahibləri olmaya bilər. Çünki bu iş könüllüdür. Ali savad ala da bilər, almaya da. Amma hər biri vətənpərvər olmalıdır, dövlətini, xalqını sevməlidir, müstəqilliyimizin qorunmasında, ölkəmizə əl uzadanlara qarşı mübariz olmalıdır. Tariximizi, milli, mənəvi dəyərlərimizi öyrənməlidir, dilimizi, dinimizi, kimliyimizi, kökümüzü, keçmişimizi bilməlidir. Bunlarsız vətənpərvər olmaq olmaz. Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Gənclərimiz bu dövlətin vətəndaşı olmalıdırlar.
-Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin daha da artırılması istiqamətində daha hansı addımlar atmaq zəruridir?
-Ancaq və ancaq maarifləndirici işlər aparmaq. Bu gün mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri Azərbaycan gənclərində milli mənlik şüurunun formalaşdırılmasıdır. Azərbaycan gəncləri öz kökünə müraciət edərək xalqın tarixi irsini, tariximizin görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənməli, milli özünüdərkin, bütün əlamətlərini aşkar etməyə çalışmalıdır. Vətənpərvərlik və vətəndaşlıq hisslərinin təbliğ edilməsi işində mətbuatın gücündən maksimum istifadə edilməlidir. Maarifləndirmə işi internet resursları vasitəsilə aparıldıqda daha effektli olur. Bu gün hər birimiz internet resursdan istifadə edirik. Gənclərimizin internet təhlükəsizliyini təmin etməliyik. Hər bir məktəb ilk növbədə şagirdlərin yüksək vətənpərvər kimi böyüməsi üçün bütün imkanlardan istifadə etməlidir. Bunun üçün məktəblilər ölkənin tarixilə yanaşı, onun hər bir bölgəsini yaxşı öyrənməlidirlər. Çünki vətəni yaxşı tanımadan onu sevmək çətindir. Fikrimcə, təlim-tərbiyə, orta, ali təhsil müəssisələrində vətənpərvərlik hissləri aşılayan milli ruhlu müsabiqələr keçirmək, Azərbaycanın xarici əlaqələri, beynəlxalq aləmdə nüfuzunun artırılması, gücləndirilməsi işində gənclərin tutduğu mövqeyi əks etdirən materialların verilməsi, bütün regionlarda vətənpərvərlik hisslərinin yüksəldilməsinə kömək edən reklamların hazırlanması vacibdir.
-Bu günkü gənclərin vətənpərvər, Vətən uğrunda canından keçməyə hazır olmasının bir səbəbi də dövlət başçısının Azərbaycan Ordusuna, onun əsgər və zabit heyətinə, həmçinin torpaqlarımız uğrunda şəhid olanlara, qazilərə yüksək diqqət və qayğı göstərməsindən irəli gəlmirmi?
-Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərə həmişə diqqət və qayğı göstərilib. Hökumətin bu sahədəki siyasəti düzgün və ədalətlidir. Vətənpərvər Azərbaycan gənci Prezidentinə, Ali Baş Komandanına inanır və etibar edir. Bu inam 44 günlük müharibədə qələbə ilə nəticələndi.
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir