Sabiqlərin korrupsiya əməlləri ifşa olunur

Daha kimlərin sorğu-suala cəlb olunacağı gözlənir?

Daha kimlərin sorğu-suala cəlb olunacağı gözlənilir?

Korrupsiya müasir dünyada bir çox dövlətlərin daxili probleminə çevrilməklə yanaşı, həm də beynəlxalq səviyyədə müşahidə edilən, paralel olaraq beynəlxalq səviyyədə mübarizənin aparılmasını tələb edən fenomendir. Güman etmək olar ki, bu sosial bəlanın tarixi bəlkə də insanın dünyaya ilk addım atmasından başlayır. Belə gümanlara əsas verən insan təbiətindəki  uyğun özünügörmə instinktləridir ki, o, digərləri ilə mübarizədə qələbə əzminə arxalanır və əslində heç də mənfi olmayan bu keyfiyyətlər insanın daxilindən uyğun etik normalarla tənzimlənmirsə, nəticədə hansısa digər insan hüquqları pozulur, yaxud cəmiyyətə ziyan dəyir. Bu gün müxtəlif mənbələrdə korrupsiya fenomeninə dair müxtəlif mülahizələr söylənilir. Bunların sırasında daha tez-tez səslənəni ondan ibarətdir ki, korrupsiyadan tam azad olan ölkə yoxdur. Əsas məsələ isə ona qarşı mütəmadi olaraq  mübarizənin aparılmasıdır. Sirr deyil ki, Azərbaycanda da korrupsiyaya qarşı mübarizə aparılır və etiraf edilməlidir ki, ciddi nəticələr əldə edilib.

Lakin buna baxmayaraq, hələ də ölkədə özünün, yaxid təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə meyilli vəzifəli şəxslər mövcuddur. Bu kateqoriyadan olan məmurlar ən müxtəlif səviyyəli fiziki və hüquqi şəxslərdən maddi və sair nemətlərin əldə edilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışırlar. Əksər hallarda isə bu istəklərini reallaşdırılar. Bununla kifayətlənməyərək dövlət büdcəsindən ayrılan vəsaiti təyanatından kənar məqsədlərə yönəldərək milyonlar səltənətinə sahib olurlar. Etiraf edilməlidir ki, bu işdə bir sıra sabiq dövlət məmurları daha səriştəli görünürlər. Görüntü ondan ibarətdir ki, sanki dövlətin hər hansı qurumunda çalışmış sabiq vəzifəli şəxs ona etibar edilərək verilmiş səlahiyyətdən yalnız şəxsi mənfəəti üçün istifadə etməklə səltənətini artırıb. Amma düşünməyiblər ki, dövlətin, xalqın malını yeyənlər gec-tez qanun qarşısında cavab verməli olacaqlar. Məsələ orasındadır ki, bir çox hallarda korrupsiyaya qurşanmış vəzifəli şəxs şəbəkəsini daha da genişləndirmək məqsədilə özünə "şərik" axtarır ki, bu halda ən çox qohumluq əlaqələri əsas rol oynayır. Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsindən sonra Azərbaycanda dövlət vəsaitlərinin mənimsənilməsində iştirak edən digər eks-məmurların cəzalandırılacağına ümidlər artıb. Artıq media və sosial şəbəkələrdə külli miqdarda dövlət vəsaitini mənimsəyən keçmiş dövlət məmurlarının mülk və varidatları barədə məlumatlar yer almaqdadır. Belə sabiqlər sırasında nəqliyyat naziri olmuş Ziya Məmmədov və  keçmiş baş prokuror Zakir Qaralovun adı daha çox hallanır. Məlumata görə, sabiq nəqliyyat naziri ilə baş prokurorun işbirliyi dövlətə 1 milyard manatdan yuxarı zərər vurub. Bu iki şəxsin qanusuz yollarla əldə etdikləri gəlirlər, dövlət büdcəsindən, eləcə də dövlət zəmanətilə alınmış kreditlərdən "qazandıqları" vəsaitlərin həcmi onların sirğu-suala cəlb edilməsinə əsas yaradır.  Həyata keçirilən "yol layihələrinin" araşdırılması heç şübhəsiz ki, həbs məsələsinin də gündəmə gətirə bilər.  

İqtisadçı-alim Qubad İbadoğlu  Ziya Məmmədovun nəqliyyat naziri olduğu dövrdə yolların tikintisi və təmirinə 10,5 milyard manat xərcləndiyini bildirir: "Bu yol layihələrindən biri Zığ-Hövsan-Aeroport istiqamətində uzunluğu 13,2 kilometr olan yolun çəkilməsi layihəsidir. Onun icrasına 360,6 milyon manat (460 milyon dollar) vəsait xəclənib. Metronun "Gənclik" stansiyasında tunel tikintisinə 2010-cu ildə 225 milyon, 2011-ci ildə 80 milyon manat, cəmi 305 milyon manat (388 milyon dollar, bu məbləğə 2013-cü ilin rəqəmi daxil deyil) ayrılıb. Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yol qovşağının tikintisinə 2008-ci ildə 87,6 milyon, 2009-cu ildə 41,3 milyon, 2010-cu ildə isə 18,3 milyon manat, cəmi 147,2 milyon manat (187,4 milyon dollar) "sərf edilib". İqtisadçı-alim deyir ki, Dünya Bankının 40-a yaxın ölkədə apardığı hesablamalara görə, hər kilometr yeni yolun salınması xərcləri 142 min dollarla 1 milyon 832 min dollar arasında dəyişir. Mövcud olan hər kilometr yolun yenidən qurulmasına isə 62 min dollardan 609 min dollara qədər vəsait xərclənr. Azərbaycanda 2006-2015-ci illərdə tikilən yollar bundan qat-qat baha başa gəlib. Cəmiyyəti indi düşündürən məqamlardan biri də budur ki, yol layihələrinə dəyərindən qat-qat artıq vəsaitin ayrıldığı dövrdə bu israfçılıq müvafiq qurumların diqqətini niyə cəlb etməyib? "Azpolitikainfo" bunun səbəbi ilə bağlı maraqlı faktları qeyd edib: "Təbii ki, bu talançılığı bütünlüklə Ziya Məmmədovun ayağına yazmaq insafsızlıq olar. Nəzərə alın ki, qeyd etdiyimiz bu milyardlarla vəsait Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə ayrılıb. Bəs haradaydı o zaman bu soyğunçuluğu görməli və bunun qarşısını almalı olan dövlət qurumları - Nazirlər Kabineti, Baş Prokurorluq, Hesablama Palatası, Vergilər Nazirliyi və sair? Axı bu vəsaitlərin hara və necə xərcləndiyini ən dəqiq Nazirlər Kabineti və Hesablama Palatası izləyə bilirdi... Buradakı mənimsəməni, talançılığı isə Baş Prokurorluq, Hesablama Palatası, Vergilər Nazirliyi və s. üzə çıxarmalıydı. Çıxardımı? Əlbəttə ki, yox. Niyə? Bunun çoxlu sayda səbəbləri var. Məsələn, indi məşhurlaşan "Gənclik"dəki tunelin tikintisində həmin dövrün baş prokuroru Zakir Qaralovun olduğu iddia edilən "Akkord" şirkəti də iştirak edib! Belə çıxır ki, bu tunelin tikintisində onun da "şərikliyi" var. İkinci səbəb: Hesablama Palatasının o vaxtkı sədri Heydər Əsədov Ziya Məmmədovun qudasıdır! Üçüncü səbəb: O illərdəki vergilər naziri Fazil Məmmədov da elə Ziya Məmmədovun tayıdır və sair. Bu səbəblər siyahısını uzatdıqca uzatmaq olar. Prokuror "şərik", Hesablama Palatasının sədri quda, qalanlar da yenə "özününkülər" - Ziya Məmmədov "qaz vurub qazan doldurmasın", varlanmasın, bəs neyləsin"? ( "Yenu Musavat" qəzetinin 18 fevral sayı). Belə məlum olur ki, indiyə qədər ölkədə həyata keçirilmiş çoxsaylı yol layihələrinin araşdırılması Ziya Məmməduvun həbsi üçün əsas ola bilər.  Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirləri deməyə əsas verir ki, hər kəs tutduğu statusundan, daşıdığı vəzifəsindən asılı olmayaraq əməlinə görə cavab verməli olacaq. Prezident İlham Əliyevin dediyi kimi: "Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıb. Korrupsiyaya və rüşvətxorluğa qarşı dözümlülük "sıfır səviyyəsində olmalıdır".

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31