Silah qoxusu- Züleyxa NADİR Yazır

ZÜLEYXA  NADİR

Vətən Müharibəsindən əvvəl müharibə istəmirdim, savaşın qan-qada qoxusunu oğullarımıza yaxın buraxmamaq hissindən yaxa qurtara bilmirdim. Anayam, axı! Analar müharibə istəmir.  Analar övlad itkisinə dözə bilmir. Oğul yolu gözləməkdən bağrı çatlayan, ürəyi dayanan analar olub. İkinci dünya müharibəsindən dönməyən 90-100 yaşlı ana var ki, hələ də qulağı səsdədi.

Müharibə istəməməyimin ikinci bir səbəbi də var idi. Bəzən söz düşəndə, yaxud  müharibə haqqında soruşanda bir şübhəmi ortaya qoyurdum. Deyirdim ki, müharibə başlasa döyüşə kasıb balaları gedəcək, varlı-imkanlı ailələrin övladları kənarda qalacaq, öz keflərində olacaqlar.Əlbəttə  bu, mənim kəşfim deyildi. Ölkədə əksəriyyət belə düşünürdü, hələ də eyni fikrin üstündə qalanlar var. Amma indi - bu sətirləri yazarkən -bir az səhv düşündüyümü etiraf edirəm. Ötən 44 günün savaşı göstərdi ki,  Vətənhəm də imkanlı ailələrdə böyüyən övladlar üçün də əziz, doğma imiş. Savaş günlərində bunu sübut edən xeyli fakt sadalaya bilərəm. Hələliksə onlardan  biri ilə bağlı düşüncələrimi, hörmətli və diqqətli oxucu, səninlə bölüşmək istyirəm.

***

Şükür Səfərli... Bu oğlanın 24 yaşı var, ali təhsillidir.  İmkanlı, varlı ailədə doğulub. Evin əzizi, ailənin kiçiyidi. Ananın gözünün işığı, atanın arxa-dayaq saydığı bir oğuldu. Manqal kimi ürəyi, möhkəm, əyilməz biləyi var. Məhz həmin ürək onu Vətən  Müharibəsi başlayanda cəbhənin ən odlu nöqtəsinə apardı.

Atası Allahverdi Səfərov prokurporluq orqanlarında müxtəlif  vəzifələrdə çalışıb, bir neçə rayonun prokuroru olub. Hazırda respublika prokurorluğunda məsul vəzifə daşıyır, baş ədliyyə müşaviridi. Kənardan baxanda adama elə gəlir ki, prokuror oğludu, harın tərbiyə alıb, böyük-kiçik yeri bilməyən ərkəsöyün uşaqlar kimi  ayağını yerə çırpanda atası-anası qabağında mil dayanır.  Amma belə deyil, sadaladıqlarımı Şükürə aid etmək, ən azı, insafsızlıq olar. O, adında daşıdığı şükranlıq borcunun haqqını  hər nəfəsində verən oğlandı.

Heç kim ailəsini seçmir. Hərə bir ailədə dünyayagöz açır və onun sonrakı taleyi aldığı tərbiyəyə, təhsilə, ətraf mühitə bağlıdı. Şükürün ailəsi bu Vətənin, bu torpağın hər qarışını sevən, canını, qanını Vətənə qurban verməyə hazır olan övladlar tərbiyə edib. "Şükür həmin  tərbiyənin meyvəsidi" desəm, səhv etmərəm. Hələ Tovuz döyüşləri zamanı çox həyəcanlı, evə-eşiyə sığmayan düşüncələrlə gününü başa vururdu, döyüşə can atırdı. Məhz o günlərdə ürəyi ilə gözünün arasındakı məsafədə yuva quran Vətən sevgisi dahada böyüdü. Düşmənə nifrət hissi alovlandı. Azərbaycanlı gənclər müharibəyə getmək üçün "yarışa" durdular. Hərbi komissarlıqların qarşısında hətta gecələyən oğlanlar vardı. Hər kəs düşməni diz çökdürməyin həzzini yaşamaq istəyirdi. Bir gün Şükürün atası sözarası ondan cəbhəyə getməkhaqqında müraciət edib-etmədiyini soruşur.  "Əlbəttə, kimdən əskiyəm?" deyə zarafatqarışıq cavab alan atanın ürəyi dağa dönür, oğlundan dolayı qürur hissi keçirir. Əmin olur ki, əgər müharibə başlayarsa oğlunu kimsə yolundan döndərə bilməyəcək. Bu əminlik qəlbinin bir guşəsində ən qiymətli sirr kimi gizlənir.

Ata bilirdi... bilirdi ki, bir gün müharibə başlayacaq. Bir gün bu xalq ayağa qalxıb torpaqlarını geri alacaq, qoyub gəldiyi yuvasına dönəcək. Şükür də tərəddüd etmədən əlinə silah alıb döyüşə yollanacaq.Çox şükür ki, onun Şükür balası həyatın ən ağır sınağından üzüağ, alnıaçıq çıxdı. Müharibə meydanınında  zenit - raket artilleriya  batareyasının tərkibində cəsarətlə, qorxmadan döyüşdü, düşmən üzərinə yeridi. Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd rayonlarının düşməndən azad edilməsində  bu igid oğlanın da payı var. Əslən qarabağlı olmayan,  hətta o tərəflərdə heç bir qohum-əqrəbası yaşamayan Şükür üçün  Ali Baş Komandanımızın "Qarabağ Azərbaycandı!" deyimi Vətən şüarı idi. Beynində, zehnində kök atan bu sözlər onu döyüşdən döyüşə apardı, qələbədən qələbəyə ruhlandırdı. Bu gün böyükdən kiçiyə - hər kəsin dilində əzbər olan bu şüardakı "Qarabağ" və  "Azərbaycan" sözlərindən qiymətli, sevimli, gözəl bir söz varmı? Məncə, yoxdu. Dünyanın bütün nöqtələrində yaşayan  soydaşlarımız belə həmin günlərdə  bu iki kəlmənin sehrində idilər.  Nə qədər möcüzəli, cazibəli sözlərdi, deyilmi?! Şükür də bu sözlərin  cazibəsi, Vətən sevgisi və düşmənə nifrət hissindən doğan bir gücün təsiri ilə qorxmaz, cəsarətli, döyüşkən ruhlu Azərbaycan oğlu olaraq mənfur düşməni torpaqlarımızdan "iti qovan kimi" qovanlardan biri oldu. Müzəffər Azərbaycan Ordusunun əsgəri olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən, cəsarətindən və mərdliyindən ilhamlanan Şükür Səfərli öz adını Vətən Müharibəsi tarixinə yazan minlərlə Azərbaycan oğlundan biridi.

Torpaqlarımız işğal olunanda Şükür anadan olmamışdı. İşğal tarixindən kiçik olan bu oğlanın çox böyük ürəyi və ruhu, canı Vətən sevdasına, Azərbaycan eşqinə bağlıdı. Elə olmasaydı döyüşə yollananda yataq xəstəsi olan  anasına müqəddəs yalan söyləməzdi: "Ana, dövlət qulluqçusu olmaq üçün təlimlərə gedirəm, sən narahat olma". Zatən ananın  ağır xəstəliyi imkan vermirdi ki, ətrafda baş verən hadisələrin nə olduğunu anlaya bilsin. Bəlkə də uzunmüddətli müalicələrin, ağır dərmanların təsiri ilə oğlunun nə dərəcədə doğru dediyini, nə söylədiyini dəqiqliyi ilə anlaya bilməmişdi. Yoxsa ana ürəyi 44 gündə oğlundan dolayı nigarançılığın həsrətində itib - batmazdımı? 

Müharibə varlı-kasıb tanımır. Avtomat gülləsi, top mərmisi, əl bombası, ən müasir silahlar prokuror oğlu, ya da fəhlə,  əkinçi oğlu tanımır. Savaşdan sağ çıxmaq  Allahın lütfüdü. Şəhid, ya da qazi olmaq isə bir başqa duyğudu. Çox şükür ki, Şükür savaşda ağır yaralanmadı,  ağır texnika ondan yan keçdi. Yüngül yara ilə "kifayətləndi", xəsarət aldı. Qürur hissi, fəxr duyğusu ilə "yüklənərək" qalib ordunun qalib əsgəri kimi evə döndü, yolunu gözləyən ailənin həsrətinə son qoydu. Atası onu küçədə  hərbi salamla qarşıladı, qarşısında diz çökdü. Kritik vəziyyətdən çıxaraq xeyli sağalmış anası sevinc göz yaşları içində oğlunu bağrına basdı, silah qoxusu verən ətrini içinə çəkdi...

Bu qoxunu daşıyan Şükür və onun kimi oğullar çox xoşbəxtdirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31