Xocalı faciəsi-yandırılan körpələr, gözləri çıxarılan cavanlar.....

Xocalının yastı  yolu

Qar yağdı, basdı  yolu.

İstədik qaçaq

Ermənilər kəsdi yolu.

1992-ci  il  fevralın  25-dən   26-na keçən gecə baş  verən erməni vəhşiliyinin şahidi və qurbanlarının yaxınları danışır:

Surxay Quliyev: Xocalıda elə  bir adam yoxdur ki, bu faciədən zərbə  almasın. Qardaşım, iki oğlu, həyat yoldaşı, 4 nəvəsi, iki yeznəsi, bir qızı - hamısı şəhid oldu. Biz meyit tapanda da sevinirdik. O qədər xoşbəxt olurduq ki... Mən oğlumla meşədə bir- birimizi itirmişdik. Oğlum insitut tələbəsi idi. Eşitmişdi ki, mənə güllə dəyib, qaçıb gəlmişdi.

Sevda Kərimova: Qardaşım dedi ki, Sevda, özüm səni öldürəcəyəm. Sən erməniyə girov düşmə. Mən  atamgili  gətirəcəm, get sən. Mən onlardan ayrıldım, ayrı bir dəstəyə düşdüm. Anamın əmisi gəlini və  əmisi nəvəsi ilə keçəndə gördük ki, meşədə onları öldürüblər. Martın 21-də atamın, anamın və böyük qardaşımın meyidini gətirdilər. Amma əsir düşən qardaşımdan xəbər ala bilmədim.

Dürdanə Ağayeva: O günlər çox çətin idi. Əsl müharibə  yaşadıq. Xocalı blokadada olduğuna görə, əlaqələr kəsilmişdi. Aclıq idi, çörək tapa bilmirdik. Erməni imkan vermirdi bizlərə. Helikopter un  torbalarını atıb gedirdi. Həmin unu da çörəkbişirmə sexində xəmir edirdilər, ailədəkilərin sayına görə verirdilər.

613 nəfər bir gecədə öldürüldü. Bu 613 nəfərin içində diri- diri yandırılan da oldu, başı  kəsilənlər də oldu. Erməni qəbirlərinin üstündə başı kəsilən oğlanlar oldu. Hamısı bir gecənin içində. Meşədə uşaqlar donub öldü.

Mənə çox işgəncə verdilər. Həyəcandan huşumu itirmişdim. Gözlərimi aça bilmirdim, özümdə deyildim. Bir onu bilirdim ki, əsir düşmüşük.  Mən ağzımın suyu ilə kipriklərimi açdım. Qışqırdım ki, kim var orda. Bir qoca kişi  uzun hörüklü saçlarımdan tutdu, məni sürüdü. 8 gün erməni əsirliyində qaldım.  Qadının əsir düşməyi başqadır. Məni səhv anlamayın. Bir qadın əsirlikdən danışanda acizləşir, cılızlaşır. Axı,  mən niyə əsir düşdüm?

Mehriban Əliyeva: Həmin vaxtı 150 nəfər qız-gəlini yoldan keçirmək istəyərkən arxadan səs gəlib ki,  biz ağdamlıyıq, sizə  kömək edəcəyik. Yoldaşım başa düşüb ki, bunlar ağdamlılar deyil. Sonra başlayıblar atəş atmağa. İnsanların toplaşdığı yerə snayperlə atəş açmışdılar. Yoldaşımın dizlərini qırıb, cəsədinə zülm ediblər.

Nazim Hüseynov ( döyüşçü) : 27 il üstündən keçib, dəhşət... İnsanların qışqırtısı, qadınların, körpələrin qışqırtısı... Həmişə düşünürəm, düşündükcə yüz dəfə ölürəm. Nədən oldu,  niyə oldu,  niyə biz ermənilərlə təkbətək qaldıq. Uşaqlarımız, analarımız, qadınlarımız , qocalarımız, analarımız işgəncəyə məruz qaldı.

Soyqırım ərazisində şəhidlərin meyitlərinin gətirilməsində  4 nəfər qrup vardısa, o qrupun içində mən də var idim. Mən orda nələr gördüm...  Oğul var idi burnu kəsilmişdi, gözlərini çıxartmışdılar. Təvəkkül adlı bir kişi var idi, çoban idi. Onun 8 yaşlı qızını gözü qabağında yandırmışdılar...

"Mixaylo" ləqəbli Milli Qəhrəman Tofiq Hüseynovun qızı və soyqırımın canlı şahidi Yasəmən Həsənova həmin dəhşətli gecəni danışır:

Biz gecələr evdə  yatmırdıq, işıq yandıra bilmirdik. Aclıq idi. Çox çətin bir vəziyyət yaranmışdı. Mənim o vaxt 12 yaşım vardı. Atam Xocalı məktəbində hərbi hazırlıq müəllimi işləyirdi.

Həmin gün atam postda idi. Evimizin qapısına "UAZ" markalı bir maşın gəlib,  anam elə  bilib ki,  atamdı. Amma onlar ermənilər idi. Anam babamgilin həyətinə  tərəf qaçanda, xalamın iki övladını və anamını  öldürmüşdülər.

16 ildən sonra rus jurnalistinin çəkdiyi kadrlarda anamın öldüyünü gördüm. Mən anamı 16 il əsir bildim,  elə  bilirdim ki, o, gələcək. Həm ağladım,  həm sevindim ki, anam əsir olmayıb.

Bibim var idi,  ailə qurmamışdı. Ermənilərə  əsir düşüb. Əsirlikdən qayıdanlar dedi ki,  ermənilər onu vurmaq istəyəndə o,  erməniləri söyüb,  ermənilər də onu ağzından güllələyiblər.

Atam isə  fevralın 29-da meşədə  ermənilərə  əsir düşməmək üçün özünü öldürüb.

Ana var idi ki, oturub kamerada balasının işgəncələrinə  qulaq asırdı. Ana deyir  "eşitdim ki, balamını dişini çəkdilər".

Elə əzizlərim var idi ki, əsirlikdə onların dərisi soyuldu. Atamın əmisi oğlu Mehman  əminin dili kəsiblər, boğazına zəncir bağlayıb  qapıya bağlayıblar. Anası buna dözə bilmədi, ürəyi partladı.

Dayımın iki ay sonra ürəyi partladı, öldü.

Özüm də xərçəng tapdım.

Ermənilər bir tərəfdən bizi qırdı, bir tərəfdən də soyuq və  qar. Qocalar zirzəmilərdə  qaldı,  övladlarına yalvarırdılar ki,  gedin siz. Qarın üstü elə bil ki,  qırmızı lalə  idi. Hər yer qan içində  idi.

Qohumlarımdan əmim sağ qaldı. Bizi öz 3 övladı ilə  böyütdü. O qədər əzizlərimdən təkcə  atamın qəbri var.

Həmişə yetim sözünə nifrət edərdim,  amma bilməzdim ki,  bir gün mən də  belə yetim qalacağam.

Səlimova Zənurə

Bizim oğlanlarımız, həyat yoldaşlarımız postda idi. Yoldaşım qaynım ilə növbələşirdi. Həmin gecə də yoldaşım postda idi. Saat 11- 12 olardı ki, yoldaşım qardaşını səslədi: "Faiq ermənilər bizi 4 tərəfdən əhatəyə alıb". 

Həmin gecə də ermənilər qazımızı, işığımızı kəsilmişdilər. Təkcə mənim gəlinlik lampam yanırdı. 4-5 ayın gəlini idim. Yoldaşım qardaşıma dedi ki, anamızı çıxardaq evdən. Həmin vaxt ayaqyalın baldızım gəldi. Qaynanam xəstə olduğuna görə kök idi. Biz onu 4 nəfər evdən çıxartdıq.

Həmin gecə  atəş səsləri,  alovun işıqları... Hamı  qışqırırdı, uşaq qocaya,  ata anaya, qardaş bacıya qarışmışdı. Kim necə gəldisə çıxdıq kənddən. 1 gün meşədə qaldıq. Beşmətəbə adlanan yerə  gəldik.  Həmin gecə yoldaşımla anam necə ağlayaraq aldı. Qaynanam  ağlayaraq dedi ki, " Bala, məni  qoyub gedirsiniz".  Biz ayrıldıq onlardan ki, 1 saatlıq ara sakitləşsin gələcəyik. Amma qayıda bilmədik. Yoldaşım üzünü elə cırmışdı ki, 1 ay çölə çıxa bilmədi.

Kənd tüstü içində idi. Yolda gedərkən Vaqif Məmmədov adlı biri var idi, diki qalxanda ürəyi  tutdu. Meşəyə girdik, hər yer qar idi, ağacları yara-yara keçdik. Meşənin ortasında hamı ağlayırdı.

Yaşlı  bir nənənin çiyinində  8 aylıq körpə  dayanmadan ağlayırdı. Atasını diri- diri yandırıb, anasını da öldürmüşdülər. Birdən bir "UAZ" maşını keçəndə Əlif Hacıyev qışqırdı ki,  "tez olun, yolu keçin". Keçən keçdi, arxamızda qalan insanların hamısı öldü.

Mən meyitlərin içində  öz əzizlərimi axtarırdım. Biz öz yaşlı qaynanamızı qoyub getdik. Onların taleyi məlum deyil. Mən də anamı itirdim.

Səadət Zeynalova : Mən  qardaşımla 5 gün meşədə qalmışıq. Yolu fırlanırdıq, amma tapa bilmirdik. Ancaq qar yeyirdik. Ramin adında oğlan var idi. Uşaq ancaq su istəyirdi. 5 gün qardaşım uşağa təsəlli verdi ki,  bu dağı keçək su içəcəyik.

Əsli Məmmədova

Biz gözləmirdik ki, erməni birdən belə baş qaldırar. Bizdə oxudular, bizdə  savadlandılar, bizlə  yedilər axırda da bizim başımıza oyun gətirdilər.  27-i günü axşamtərəfi bizdə Buzdağı  adlanan yerə tanklar gedirdi. Bir də meşənin düzlərində  çoxlu maşınlar yığılmışdı.

Meşədən necə atırdılarsa kənddəki evləri yandırırdılar. Gecə saat 11-in yarısı... Göydən buz tökülür,  yer su,  buz, soyuq.  Yığılıb qalxdıq meşəyə. Meşədə də gedirdin bir də  gördün yanındakı yoxdur. Ya güll dəyirdi,  ya da ki, xəndəyə zada düşüb ölürdü. Hamilə qızıma güllə dəydi,  az yaşlı nəvəmə güllə dəydi bir gün yaşadı sonra da öldü. Hamımız bir - birimizdən aralı  düşdük.

Böyük qardaşım,yoldaşı və qızıyla həlak oldu. Bacımın ailəsindən xəbər ala bilmədim. Kiçik qardaşım da Xocalının müdafiəsi zamanı həlak oldu, heç meyitini  götürə  bimədim.

Nəsildə  təkcə mən qalmışam.

Ofelya Məmmədova

Heç ağlımıza gəlməzdi ki,  başımıza belə bir faciə gələr. 1992-ci  ildən hər gün atırdılar. 25-i saat 10 dan hər yandan atırdılar. Artıq hmı  evlərdən çıxıb qaçmağa başladılar. Oğlum məni çiynində apardı. Bizi atəşə tutanda dağıldıq. Çoxumuz itirdik bir - birimizi. Mən iki oğlumu itirdim həmin vaxt. 25 nəfər bir tərəfdə  yerə  uzandıq. Yanımda bir oğlan var idi. Ailəsini itirmişdi özünü öldürmək sitəyirdi. Qoymadım,  dedim bəlkə  meşədədilər gəl,  gedək. Elə  qalxıb gedirdik ki, güllə  məndən ötdü ona dəydi.

Birdən kimsə  bizləri səslədi, elə bildik ermənilərdi. Çünki  ermənilər azərbaycan dilin  yaxşçı  bildikləri  üçün eləcə  səsləyərək soydaşlarımızı  öldürürdülər. Sonra bizi Ağdamın Gülablı kəndindən  maşına qoyub apardılar . Bir müddətdən sonra  meyitlər və  girovları  gətirdilər. Hamı  qışqırır, ağlayırdı. Balaca qız var idi,  indi də  sağdı .Qorxudan dəli olmuşdu. Bunları  heç vaxt  unutmayacam. Bizim bircə düşmənimiz var, o da ermənidir. Mən yeznəmi, qardaşımı itirdim, qardaşımın ailəsindən xəbər ala bilmədim.

Gülər Seymurqızı

Qeyd: Xocalı şahidlərinin nitqi müxtəlif multimedia vasitələrində gedən süjetlərdən götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31