Dalan -Züleyxa Nadir yazır

Züleyxa NADİR

Koronovirusun  "hədiyyəsi"

Aylardı ürəyimiz əvvəlki ritmlə döyünmür, qəlbimiz sevgidən aşıb-daşmır, başımız dincəlmir. Koronovirus  "atamıza elə od vurub" ki, bəlkə də gələcək nəsillər üçün əməlli-başlı tədqiqat mövzusu olmusuq. Virus bütün sahələrə yoluxdu, iqtisadiyyatı demək olar ki, yerlə-yeksan etdi. Bəzi dəyərlər yerini dəyişdi, bəzi davranışlar "özünü itirdi",  bəzi münasibətlər kökündən yoxa çıxdı, yenisi peyda oldu, gələcəyə baxış zəiflədi, sabaha inam öləzidi. Amma bütövlükdə insanlıq ölmədi, ona güc gələ bilmədi. Bu, çox yaxşıdı! Yaxşı olmayan çox şeylər isə hər gün, hər saat düşüncələrimizi "işğal edir",  "necə olacaq?" sualı beynimizi deşir. Nədi bizi narahat edən? Daha doğrusu, fikirlərimizi, əməllərimizi qarışdıran hansı faktorlardı? Nədən problemlər bizi "tupikə dirəyib"?  Bu yazıda "tupikə dirənsək"də ordan çıxmağın yollarını tapdığımız təhsildən söz açacam.

***

Təhsil toplumun var olması, sabaha sağlam çıxması deməkdi. Bir millətin təhsili yoxsa, o millət ölümə məhkumdu. Çox şükür ki, Azərbaycan təhsildən dolayı yoxsulluqla üzləşməyib. Bəzi xoşagəlməz nüansları nəzərə almasaq Azərbaycan təhsilinin uğurları hər zaman diqqət çəkən olub. Amma koronovirus pandemiyası başlayanada  ölkədə narahatlıq artdı, təhsilin gələcəyi, elmin sabahı şübhə altına alındı. Ali və orta məktəblər bağlandı. Üç ay dərslər onlayn  keçirildi. Bu sistemin hələ ki, bəzi çatışmazlıqları olsa da,  bütövlükdə Azərbaycan təhsili "virtual məktəb" layihəsində gözlənilən effekti demək olar ki, verməyə başladı.  Onlayn təhsilə hazır olmayan Azərbaycan məktəblərində bu layihəni reallaşdırmaq elə də  çox vaxt aparmadı.  Televiziyanın "Mədəniyyət" kanalında  ardıcıl olaraq  aparılan teledərslərdə  müəllimlər öhdələrinə düşən işi vicdanla yerinə yetirməyə çalışdılar. Məsafədən tədrisi genişləndirmək məqsədilə keçirilən bu dərslərdə şagirdlər bilik öyrəndilərmi? Məncə, yüz faiz olmasa da, hər zamankı yaxşı oxuyanlar, dərslərində nümunəvi olanlar, fərqlənənlər bu virtual məktəbdə də müəllimlərini və valideynlərini sevindirdilər.

***

Onlayn dərslər şagirdlərin bilik əldə etməsində az rol oynamadı, üstəlik də fərqli yaşam tərzi ortaya çıxdı. Hə gün obaşdan oyanıb kitab dolu ağır çanta ilə məktəbə gedən uşaqlar bu dəfə həmin yükdən azad oldular. Məktəblilər bəzi lazımsız, artıq dərs yükü olan kitab və proqramlardan istifadə etmədilər. Doğrudu, müəllim-şagird münasibətlərində canlı davranışları virtual görüntü  əvəz etdi. Deyək ki, ibtidai sinif müəllimi oturuşunda, duruşunda narahat olan məktəblinin başına sığal çəkmədi, çox sevdiyi şagirdini verdiyi əla cavaba görə qucaqlaya bilmədi, sinif otağındakı  xoş aura, dərs ləvazimatları ekran arxasından sərgiləndi. Amma  uzaq kənddə böyüyən şagirdlər, kompüter  texnologiyalarından gen-boluna istifadə edilməyən məktəblər müasir dövrün tələblərinə uyğun  dərs sisteminə keçməyə məcbur oldular. Bəzi  valideynlər uşaqlarına kompüter almırdılar, amma indi ailələr övladlarının gələcəyi üçün bunu etməyin yolların axtarıb tapdılar ki, təhsildən qalmasınlar. Hələ onu demirəm ki, elə valideynlər var ki, müasir texnologiyalardan, kompüter sistemindən, internet resurslarından  anlamırdılar. Lakin son  4-5 ayda bu valideynlər övladları ilə birlikdə  müasir texnikanı "idarə etməyi" öyrəndilər. Məsafəli təhsil demək olar ki, bütün ailələrin məişət qayğılarını alt-üst etdi. Şagird və tələbələr  var gücləri ilə bu sistemin  üstünlüklərindən yararlanmağa  calışdılar.

Beş aylıq zaman kəsiyində Azərbaycan təhsili  üzləşdiyi fors-major halından "özünü itirmədi". Ölkənin təhsil müəssisələrində qısa müddətdə peşəkar müəllim heyəti müəyyənləşdirildi, texniki məsələlər həll edildi, teledərslər çəkilib lentə alındı. Zaman göstərdi ki, pandemiya başlayanda təhsil müəssisələrində tədrisin və təlimin dayandırılması vaxtında verilən qərar idi.  Əks halda nə təhsil  olar, nə də pedoqoji kollektiv ayaq üstə dayana bilərdi. 1,6 milyon şagirdin cəlb olunduğu teledərslər, həm də sərbəst istifadə üçün Təhsil Nazirliyinin www.video.edu.az elektron portalında və facebook səhifəsində yerləşdirilirdi. Ölkə məktəblilərinə 2500-dən artıq teledərs təqdim edildi ki, bu rəqəm də kifayət qədər ürəkaçandı. İyunun ortalarından abituriyentlərin qəbul imtahanına hazırlığı üçün xüsusi buraxılışlar yayımlandı.  Ən xoşagələn və qürur verən hal odur ki, Azərbaycanın teledərs təcrübəsi Gürcüstan, Türkiyə, Ukrayna, Böyük Britaniyada da tətbiq edildi.

"Virtual məktəb" layihəsi uğurlu nəticələrlə özünü göstərdi. Bir milyondan çox müəllim və şagird onlayn platformada qeydiyyatdan keçdi. Platforma üzərindən hər həftə şagirdlər arasında "Virtual əlaçı" müsabiqələri keçirildi ki, bu da onlarda motivasiya və sağlam rəqabət yaratdı, 100-dən artıq qalib oldu. Aprel ayında virtual formatda qızlar arasında keçirilən  "Avropa" riyaziyyat olimpiadasında Azərbaycan məktəbliləri 3 bürünc medal qazandılar. Əslində Avropa ölkələrində onlayn dərslər pandemiyadan əvvəlki vaxtlarda da keçirilirdi. Amma virtual təcrübəsi omayan, hələ ilk addımlarını atan Azərbaycan  üçün bu, çox böyük qələbə idi.

***

Bu ilki tədris ili virtual olaraq onlayn imtahanlarla  başa vuruldu. Ali və orta məktəb məzunları ötən illərdə olduğu kimi buraxılış gecələri təşkil edə bilmədilər. Universiteti başa vuran tələbələr müəllimləri ilə canlı olaraq  vidalaşmadılar. Hər şey virtual oldu. Hər şey COVİD - 19 virusuna qurban  getdi. İndi yay tətilində olan təhsil işçilərini, şagirdləri, tələbələri, eləcə də valideynləri  yeni tədris ilinin nə vaxt başlanacağı sualı  maraqlandırır.  Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində qeyd olundu ki, ölkənin təhsil və tibb mütəxəssisləri ilə birlikdə məktəblərin yeni tədris ilindən açılması ilə bağlı müzakirələr gedir.  Azərbaycan Respublikası prezidentinin köməkçisi,  Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev belə söylədi: "Birgə müzakirələrdən sonra verilən təkliflər, qeydlər hazırlanaraq nəzərdən keçirmək üçün təqdim olunacaq. Burada digər ölkələrin də təcrübələrinə müraciət edilir. Beynəlxalq əməkdaşlıq çərçivəsində digər ölkələrin də qənaətləri nəzərə alınmaqla irəli sürüləcək təkliflərə baxılacaq".

Məsələ aydındı. Deməli, təhsil müəssisələri öz işinə hər zamankı vaxtda başlamayacaq. Sentyabrın 15-i elm ocaqlarının qapısı açılmayacaq, sinif otaqları məktəblilərlə dolmayacaq, zəng çalınmayacaq. Yenə də virtual dərslər, onlayn tapşırıqlar fəaliyyət göstərəcək.. Ötən 3-4 ayda  onlayn təcrübə toplayan pedodoji kollektiv və orta  məktəb şagirdləri  üçün məcburiyyətdən  doğan bu variant təbii ki, o qədər də çətin olmayacaq. Amma ilk dəfə məktəbə gedən birincilər üçün bu, necə olacaq? Məktəb partasında oturmayan,  tənəffüsdə dəhlizlərdə qaçmayan, səs-küyləri həyəti başına götürməyən, lövhə qarşında dərs danışmayan  6 yaşlı uşaq  pandemiya bitəndən sonra onlayn dərslərə "əlvida" deyəcək. Müəyyən müddətdən  sonra canlı olaraq müəllimlə ünsiyyət qurmaq onlar üçün qəribə olmayacaqmı? Olacaq, əlbəttə. Ona görə də ibtidai sinif müəllimlərinin boynuna daha  böyük yük düşür. Bu, virtual dərslərdə balacaları canlı məktəbə hazılamaq olacaq. Canlı dərs keçməyin elementlərini uşaqlara başa salmalıdırlar ki, onlar məktəb həyətinə ayaq basanda, sinif otağına  girəndə çaş-baş qalmasınlar, hazırlıqlı olsunlar. Əslində bu məsələ psixoloqlara həvalə olunsa daha yaxşı olar. Onlar uşaq psixologiyası ilə tədris metodunu birləşdirib on bir illik məktəb həyatına qədəm qoymağın yollarını göstərsinlər.

Universitet tələbələri üçün də virtual dərslər sərfəli olacaq. Əvvəllər də mövcud olan xarici universitetlərdə təhsil almaq imkanı qazanacaqlar, sərbəst olacaqlar, müəllim-tələbə münasibətləri zədələnməyəcək. Onlayn dərslər bütün  tələbələrə, daha doğrusu, işləmək istəyən, amma universitetdə vaxt keçirtməklərindən dolayı bunu reallaşdıra bilməyənlər üçün  imkan yaradacaq. Tələbə işləyəcək və paralel olaraq iş yerində, işdən sonra, yaxud da asudə vaxtlarında, evdə, avtobusda, metroda, qatarda, təyyarədə, səyahətdə olarkən oxuyacaq, öyrənəcək. Əsas üstünlüklərdən  biri də odur ki, tələbənin və müəllimin nəqliyyat xərcləri azalacaq, yaxud tamamilə silinəcık. Təhsil haqqı kreditlə ödəniləcək. Bu sadaladıqlarımdan dolayı hazırlanan təhsil proqramı tələbələrə verilmiş bir fürsətdi. Onlara qalan bu fürsəti əldən verməməkdi. Məsafəli təhsil onlara bilik verməklə yanaşı, vaxt itkisini aradan qaldıracaq, maddi qazanc əldə etməyin yollarını göstərəcək. Tələbə və müəllim bir-birindən zaman və məsafə baxımından ayrı düşsələr də, telekommunikasiya vasitələri  onları birləşdirəcək.

Son illər dünyada məsafəli təhsilə üstünlük verilir. Onların təcrübəsinə söykənərək Azərbaycanda da müsbət effekt əldə etmək mümkündü. Bu, COVİD -19 pandemiyasının 2020-ci ildə Azərbaycan təhsilinə verdiyi  "hədiyyə" olacaq.

Ki... bununla da təhsilimiz "dalandan" cıxa biləcək...
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31