Deputat: “Hazırda ölkədə iki ağır problem var”

"Hazırda ölkədə iki sahədə daha çox, təsəvvür etdiyiniz dərəcədən də ağır problem var. Bunun biri suvarma suyu, digəri isə içməli su ilə bağlı olan problemlərdir". Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Razi Nurullayevin sözlərinə görə, hazırda bu sahəyə illər ərzində ayrılan vəsaitlərin əldə olunması, konkret sahələrə və idarələrə yönəlik vəsaitlərin aşkara çıxarılması və xərclənməsi üzərində işləyirəm: "Bizim millət vəkili olaraq ölkə və seçicilərimiz qarşısında öhdəliklərimiz var və bu öhdəlikləri yerinə yetirmək üçün heç kim və heç nə bizə mane olmamalıdır və mənə mane ola bilməz. Bunu birmənalı deyirəm. İnanıram ki, millət vəkilləri də bu məsələdə daha sərt mövqe sərgiləyəcəklər. Keçən plenar iclasda bunun şahidi olduq, onlarla millət vəkili bu məsələləri dedi və çağrırış etdi. İndi isə məsələ demək və çağırış etməklə bitməməlidir və mənim üçün bu mərhələ bitib. Meliorasiya və Su Təsərrüfatı və "Azərsu" Açıq Səhmdar Cəmiyyətlərinin rəhbərlərinin Milli Məclisə dəvət olunmasını istəyirəm və hörmətli həmkarlarımdan da bu məsələdə dəstək gözləyirəm. Mən hazır qovluq ilə gəlmək və məni narahat edən suallara açıq olaraq cavab almaq istəyirəm. Elə təmsil etdiyim İmişli rayonunun suvarma və içməli su sahəsində olan çox ciddi mənfi halları da açıq olaraq səsləndirmək zamanıdır. İllərlə yığılıb qalan problemlər var. İndiyə qədər də bu məsələlərin həll olunmaması və prioritet olaraq önə çəkilməməsi qaranlıq məqamlardan xəbər verir. Ümumiyyətlə, bəzi yüksək vəzifəlilər işlərini elə qururlar ki, müəyyən sahədə olan problemlərin həlli zamanı daha çox vəsait silmək mümkün olsun. Əgər bir problemin həlli daha vacibdirsə, amma oradan az büdcə vəsaiti silmək mümkün olacaqsa, onu qovluqların lap alt hisəsinə qoyurlar və ya cənab Prezidentə təqdim etmirlər. Bir dəfə plenar iclasda səsləndirmişəm, buradan yenə də təkrar edirəm. Milli Məclisin deputatlarıdan ibarət nəzarət mexanizmi yaradılmasına ciddi ehtiyac var. 5-6 nəfərlik deputat korpusundan yaradılan bu komissiyalar təhkim olunduqları dövlət qurumlarına nəzarət funksiyasını yerinə yetirsin və ehtiyac duyulduğu təqdirdə həmin qurumun fəaliyyətini Milli Məclisin müzakirəsinə çıxarsın, həm də o qurumun şəffaf fəaliyyətinə görə məsuliyyət daşısın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31