Əlilliyi olan uşaqların hüquqlarının müdafiəsinə dair onlayn görüş keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə elan olunmuş İnsan Hüquqları Aylığı ilə əlaqədar Gənclər və İdman Nazirliyi ilə birgə onlayn formada keçirilən "Gənclərin hüquqları" adlı silsilə maarifləndirmə tədbirləri çərçivəsində Ombudsman Aparatı, Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə gənclərlə növbəti görüş keçirilib. Onlayn tədbirdə, həmçinin Binəqədi, Xətai, Nizami rayon Gənclər və İdman İdarələrinin nümayəndələri təmsil olunublar. "Olaylar" xəbər verir ki, "Əlilliyi olan uşaq və gənclərin hüquqlarının müdafiəsi və təşviqində Ombudsmanın rolu" mövzusunda keçirilən görüşdə Ombudsman Aparatının əməkdaşları Müqalib Mahmudov, Lamiyə Zeynalova və Aydan Talıbova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və bir sıra ictimai fəal gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi N.Tarverdiyev iştirakçıları salamlayıb, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının icrasına uyğun olaraq dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin cəmiyyətə inteqrasiyasının təmin olunması, onların informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsinin təşviq edilməsi sahəsində görülən işlərin aktual bir məsələ kimi daim diqqətdə saxlanıldığını bildirib. 

Ombudsman Aparatının sektor müdiri M.Mahmudov tədbir iştirakçılarını Müvəkkil Səbinə Əliyevanın adından salamlayaraq, qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü və 18 iyun - İnsan Hüquqları Günü münasibətilə təbriklərini, xoş arzularını çatdırıb. O, Ombudsmanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, mayın 18-dən iyunun 18-dək respublikamızda elan olunan İnsan Hüquqları Aylığı çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarında insan hüquqları baxımından aktuallıq kəsb edən mövzularda hüquqi maarifləndirmə tədbirlərinin təşkil olunduğunu, lakin cari ildə yeni növ koronavirus (COVID -19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunması nəzərə alınaraq, həmin tədbirlərin heç bir canlı təmas olmadan onlayn formada keçirildiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31