İNAM-AZƏRBAYCAN POLİSİNİN ADINA... Züleyxa NADİR YAZIR

Züleyxa NADİR

İNAM

Bir gün Konfutsidən soruşurlar:

- Görəsən, dövlət nələrdən məhrum olunarsa süqut edər?

Konfutsi belə cavab verir:

- Çörəkdən, ordudan və inamdan.

-Elə isə bu üçlüklər arasında hansılardan imtina etmək olar?

- Ordudan... bəlkə, çörəkdən də. Amma inam olmadan nə dövlət, nə də cəmiyyət yaşaya bilər.

***

Bu gün Azərbaycan özünün keşməkeşli məqamlarından birini yaşayır, bəlkə də taleyinin sınaq dövrundədi. Aylardı dünya koronovirusla mübarizəyə qalxıb. Azərbaycan da bu mübarizədən geri qalmayıb. Dövlət başçısından tutmuş sıravi vətəndaşa kimi - hər kəs bu işdə öhdəsinə düşən işi yerinə yetirməyə çalışır. Əslində "virulsa mübarizə yox,  müharibə gedir" desəm daha  doğru olar. Bəli, bəli... bu, məhz belədi. Ökədə hər kəsin səfərbər olduğu bu müharibənin özünün qəhrəmanları var. Həmin qəhrəmanlardan biri də Azərbaycan polisidi.

Polislər bu günlərdə gerçəkdən də "döyüşürlər" - virusla, hava şəraiti ilə, xarici qüvvələrlə, fitnəkarlarla  və digər yaramazlıqlarla. Məlumdur ki, ölkədə  illərdi böyük çətinliklər, eləcə də itkilər hesabına yaradılan ictimai sabitlik və təhlükəsizlik mövcuddu. Təhlükəsizliyin və sabitliyin qarantı  təbii ki, dövlət başçısıdır. Heç kim dana bilməz ki, sabitliyin yaradılmasında Azərbaycan polisinin də rolu danılmazdı. Amma nə yazıqlar ki, son günlər  onun fəaliyyətinə kölgə salmağa çalışanlar var. Daha doğrusu, polislə xalqı üz-üzə qoymağa cəhd edənlər hər cür böhtan, ləkə və şantajdan çəkinmirər. Xalqın içindən çıxan sıravi polis əməkdaşını dövlətin və xalqın gözündən salmağa hazır olanlar pusquda dayanan hiyləgər xislətli canlılar kimidir. Halbuki polis də bu xalqın övladıdı. O, müqəvva deyil. Çiynində polis mundiri daşıyan sıravi əməkdaşlar yüksək rütbəli, yüksək çinli vəzifəlilərlə bərabər gecəli-gündüzlü çalışırlar. Bu, hər zaman belə olub. Son 30 ildə isə Azərbaycan polisi müstəqlil Azərbaycanın şərəfini çox böyük fədakarlıqla qoruyur, ölkə vətəndaşlarının təhlükəsizliyinə xidmət edir.

Zaman-zaman Azərbaycan dövlətçiliyinə zərbə vurmağa  hazır olan xarici qüvvələrlə yanaşı daxildə də onlara dəstək verənlər tapılıb. Amma polis bu zərbənin  önündə birinci dayanıb, sinəsini qabağa verib, hər cür ağrıya dözüb. Ki... ölkənin başı üzərini alan təhlükəni sovuşdura bilsin. Məlumdur ki, bu gün  bəzi dairələr və qüvvələr Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasında maraqlıdırlar. Onlar demək olar ki, rəngarəndir, fəaliyyət göstərdikləri məkanlar və ortamlar da fərqlidir. Bu rəngarəngliyin önündə dayanan polis sabitliyin pozulmaması üçün məcburdu ki, hər  cür fitnəkarlığı aradan qaldırsın. Bunun üçün o, müxtəlif təsirli tədbirlər görməli olur.

Cinayətkar aləm dünyanın hər yerində var və onlar öz "qanunları" ilə yaşayırlar. Əlbəttə bu "qanunlar" Azərbaycanda hər yana şaxələnə bilməz. Bu ölkənin sahibi var, xalqını sevən, dövlətin və dövlətçiliyin daim var olması üçün calışan başçısı var. Azərbaycan adlı məmləkətin  dünya çapında tanınması, öz yerini daim qoruyub saxlaması üçün xalqına arxalanan prezidenti var. Və prezidentin də inandığı, etibar etdiyi polis  bu xalqın ən etibarlı nümayəndəsidi. O heç vaxt xalqına arxa  çevirməz. Polisin son aylardakı gecəli-gündüzlü fəaliyyəti dediklərimə sübutdu.  Karantin günlərində  biz evimizdə rahat yatıb, rahat  nəfəs aldığımız saatlarda polis ayıq-sayıq olub. Səssiz küçələrin sükutunu polis "pozub". O, ətrafda heç bir təhlükənin olmaması üçün diqqətini bir an olsun yayındırmayıb, yatmayıb, piyada bu küçədən vurub, o küçədən çıxıb.  Məmləkət əhli evində rahat oturub süfrə arxasında çörək yeyən  saatlarda polis dizinin üstündə nahar edib. Çox hallarda bir bulka, ya da bir parça  pendir - çörəyini yeməyə  fürsəti olmayıb. Elə vaxtlar olub ki, ayaqüstə içmək istədiyi bir sətakan çayı sona qədər bitirməyib, hansısa həyəcan siqnalına doğru qaçıb...

Azərbaycan polisi, sözün həqiqi mənasında, fədakardı. Amma nə yazıqlar ki, onun bu fədakarlığını gözü götürməyən qüvvələr hər zaman baş qaldırırlar. Onlar heç vaxt yatmırlar, həmişə oyaqdırlar, fürsət gözləyirlər, polislə bərabər "ayaq üstədirlər". Polis xalqın, dövlətin keşiyini cəkir, fitnəkarlar isə polisi ləkələmək üçün yollar arayırlar. Polisin yuxusu xidməti vəzifəsindən dolayı olmur, fitnəkarların yuxusu cızdıqları planı necə həyata keçirəcəklərindən dolayı qaçır. Polis gözünü yumarsa ölkədə sabitlik pozular. Fitnəkar gözünü yumarsa ürəyi yatar, beyni fəaliyyətdən dayanar. Polis yatarsa ölkədə cinayət baş alıb gedər. Fitnəkar yatarsa polisdə nöqsan axtarmağa imkanı olmaz.

Kimin nə deməsindən asılı olmyaraq Azərbaycanda dayanıqlı sabitlik var, asayiş  qorunur, cinayətkarlığa qarşı ciddi mübarizə aparılır, kriminogen duruma nəzarət ən üst səviyyədə həyata keçirilir. Bunu fitnəkar qüvvələr də bilir, yaramaz insanlar da görür. Sadəcə adama ağır gələn odur ki, dünya düzəninin pozulduğu bir zamanda Azərbaycandakı sabit, dayanıqlı  düzəni pozmağa  calışanlar elə bu millətin içindən çıxanlardı, bu xalqın övladlarıdı. Xaricdəki satqınlara, fitnəkarlara,  kriminal qüvvələrə dəstək  verən belələri dövlətə və dövlətçiliyə zərbə vurmağa hər an, hər saat amadə dayanıblar. Amma əbəs yerə vaxt və qüvvə xərclədiklərini anlamırlar. Bu dövlətin güc strukturlarının  bir qolu olan polis onların planlarının həyata keirilməsinə imkan verməz, verməyəcək də...

Məşhur bir deyim var: "Cəzalandırılmış cinayətkar bütün yaramazlar üçün nümunədir. Günahsız cəzalandırılmış insanlar bütün namuslu insanların vicdan məsələsidir".  Bu deyimin kökündə haqqın, ədalətin zəfər çalmasının labüdlüyü durur. Azərbaycan polisinin məhz bu prinsip əsasında fəaliyyət göstərməsi dövlət başçısının bir nömrəli tələbidir. Bu tələbi sözsüz yerinə yetirən polis xalqın inam, etibar, güvənc yeridi. Həmin etibarı, inamı itirməyə  cəhd edənlər bu gün olmasa da, sabah peşman olacaqlar. Son peşmançılıq isə heç bir fayda vermir.  

***

Qayıdıram əvvəldə yazdığım inam məsələsinə. Normal düşünən hər bir Azərbaycan vətəndaşının dünənlə bu günü müqayisə edib aradakı fərqi görərək,  gələcəyi düşünmək  imkanı var.  Azərbaycanda gələcəyə inam var: dövlətinə, təhlükəsizliyinə, bu təhlükəsizliyin əsas təminatçısı Azərbaycan polisinə inam var. Bu inamdan məhrum olanlar ya kordular, kardılar, ya da canlı ölüdürlər.

Və... bu gün Azərbaycan dövləti yaşayırsa, deməli  İNAM var...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31