Tovuzlular

Tovuzda yaşayıb-yaradan ziyalı, yazıçı-jurnalist, Tovuzun canlı ensiklopediyası Bəhruzər Rüstəmovun "Keçmiş gələcək" silsiləsindən növbəti III "Sayalı yurdlar" kitabı "Elm və təhsil" nəşriyyatı tərəfindən buraxılmışdır. Kitab qədim Tovuz bölgəsindəki ziyarətgahlar, sayalı yerlər, inanc məkanları və məqamları haqqındadır. Kitabı "Tovuz" xeyriyyə cəmiyyəti nəşr etdirmişdir. Bəhruzər müəllimə növbəti uğuruna görə təbriklərimizi çatdırır və qiymətli Kitabdan müəllifin ön sözünü sizə təqdim edirik:

Ön söz əvəzi

İlk insan məskənlərindən olan Tovuzumuz mayalı və sayalı yurdlarımızdandır. Böyük Yaradan öz kərəm əlini bu torpağa geninə -boluna çəkib, heç nədən bizi kəsirdə qoymayıb. Babalardan, ötənlərdən həmişə alxış alan bu xeyir - dualı torpağımız qoynunda bəslədiyi övladlarını amanda qoruyub saxlayırdı. Möcüzələrə şahidlik edən bu diyarımız bütün təbii fəlakətlərdən, vəlvələdən - zəlzələdən qorunub. Hamılıqca sınayıb görmüşük ki, necə deyərlər, dünya qopub dağılır, Tovuzumuz isə o fəlakətlərdən bir qayda olaraq kənarda qalır.
Nədir bunun sirri?! Ağsaqqallarımdan eşitdiyimə görə və zaman - zaman özümün də gəldiyim qənaət belədir ki, biz övliyaların, ənbiyaların (geniş erudisiyalı tədqiqatçı, astroloq alim Firudin Qurbansoya görə Azərbaycana İbrahim Peyğəmbər, Nuh Peyğəmbər, İdris Peyğəmbər, Xızır Peyğəmbər, İlyas Peyğəmbər, Hənzələt ibn Süvfan olmaqla 7 ənbiya-peyğəmbərlər göndərilmişdir), pak ruhlu, halal qanlı, insaflı və ləyaqətli kişilərin, müqəddəslərin yurdunda bərqərar olaraq həmin o Ocaqları şenləyir, həmin yurddan gedənlərin adına layiq olmaqla onları sevindirir, eyni zamanda onların xeyir - dualarını ala bilirik.
Sayalı, müqəddəs yerlərimizlə yanaşı (elmi yanaşmanı götürsək, Kosmosla, kosmik enerji ilə Yerin təki enerjisinin mübadilə olunduğu nöqtələr), elatımızın dönüb - dönüb dəfələrlə sınadığı Peyğəmbər şəcərəsinə mənsub seyid Ocaqları, Pir və Ziyarətgahlarımız da inanıb iman gətirənlərə saya salmağındadır.
Sınayıb görənlərin tapındığı, ümidlə üz tutduğu Haçaqaya, nə xoş tovuzluların halına ki, bizim bəxtimizə yazılıb. Dünyanın nadir nöqtələrindən olan və öz misilsiz aurası ilə bəşər övladına xidmət edən, onu saf diləklərinə qovuşduran bu pak və müqəddəs məkanımız aləmdə məşhurdur. Ömründə tək bircə dəfə oraya yolu düşən, həyatı boyu daim yenidən oraya can atır, o misilsiz halənin təsirində həyat şirəsi və enerji ilə əlavə olaraq yüklənmək - onu doyunca əmmək istəyir.
İlk dəfə 1979 - cu ilin avqustunda getmişəm Haçaqayaya. Rəhmətlik Atam, sən demə, əhd eləyibmiş ki, oğlum Universitetə qəbul olunub (hər ölkənin bir milli universiteti olur. O vaxtkı Azərbaycan Dövlət Universiteti, indilki Bakı Dövlət Universiteti belələrindəndir və elm məbədi kimi qəbul edilir. Orada təkcə elm öyrətmir, həm də vətənpərvər ziyalı, əsl vətəndaş və insan yetişdirilirdi) sağ - salamat diplom alsın, həm universitetə qəbul olması və həm də diplom almasının (Haçaqayanın sayəsindən özüm də bilmədən - atam axı, o avqust günlərinədək ürəyindəkini - niyyətini bir kimsəyə açıb deməmişdi - fərqlənmə diplomu, "qırmızı diplom" almışdım) şərəfinə 2 qurban kəsəcəm. Doğrudan da atam 2 iri qoç aldı, Əsrikdə Fərman əmi sovxoz direktoruydu. Seyid Sabirin QAZ - 66 maşınını bizə verdi. Onun dəmir kuzovunun içinə gəbələr salıb, mütəkkə, döşəkcə ilə döşəyib, anam (nənəm) Xanxanımın ətrafına balınclar düzüb, o ortada, bizim külfət, mamam və əmim uşaqları olmaqla bir maşın adam Haçaqayanı ziyarət edib qurbanlarımızı kəsdik. O vaxt Haçaqayanın o Ziyarətgahında çoxlu, lap ey çoxlu samovarlar (istər təzəsi, istərsə də odluğu yerindən qopmuş, ya qapağı və lüləyi olmayan) vardı. Biz də apardığımız samovarlarımızı qaynadıb, qurbanlıq ətindən çoxlu pörtdəmə, kabab bişitdirib həm özümüz doyunca yedik və həm də orada olanlara payladıq. Seyid Sabirə, digər adamlara da ayrıca qurban tikələri qoyuldu.
Atamdan sonra dəfələrlə Haçaqayayamıza niyyətlər elədim. Bir dəfə də mamamgildə əmanət kimi qoyulan Rasimin əldə - ovucda salamat qalması üçün Haçaqayada o körpənin maması (bibisi) Tamellanın da şahidliyi ilə əhd elədim ki, o uşaq sağ qalsın, zərər yoxdur, dili - ağzı olmasın (onda 3 aylıq idi körpə) 7 yaşında gətirib yeddi qurban kəsəcəm. Dediyim kimi oldu. Rasim Azər oğlunun 7 yaşında (Bakıda bərkgedən mağaza müdiri olan atası Azəri onda şərləyib tutub turməyə salmışdılar-5 il idi ki, içəridə yatırdı) aparıb Haçaqayada 7 qurban kəsdirdim və Rasim də deyilən nişanda qalıb və indi 3 uşaqlı pərli - budaqlı bir kişidir...
Haçaqayamız, Murğuz Ocağımız, Qərib Seyidimiz, Aldədə babamız, "Çinarlı"mız, Seyid Ocaqlarımız, Ziyarətgahlarımız, Pirlərimiz, Tovuz torpağının digər sınaqlı məkanları ailəmiz, övladlarımız, Vətənimiz, Dövlətimiz, Xalqımız üçün qoy xeyirli - uğurlu olsun!
Qoy dünyamız dursun!
Qoy həmişə əmin - amanlıq və ağız şirinliyi olsun!
Tovuzumuzun bu Sayalı yurdları - yerləri Siz oxucuların da həmişə köməyi olsun!

На изображении может находиться: 1 человек

Нет описания фото.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31