Məsafənin saxlanması, maskadan istifadə, gigiyenik qaydalara əməl olunması kimi qaydalar önəmlidir
9 İyun 2020 11:38 SosialAnar Məmmədov: "Bu gün hər bir vətəndaşımız cənab Prezident İlham Əliyevin qoruyucu maskadan istifadə etməsini özünə nümunə götürməli, sosial izolyasiya tədbirlərinə və Operativ Qərargahın digər tələb və tövsiyələrinə riayət etməlidir"
Azərbaycanda koronavirus pandemiyası ilə uğurlu mübarizə aparılsa da, lakin bəzi vətəndaşlarımızın məsuliyyətsiz davranışları və arxayınlıq hissləri bu bəlanın bizdən tamamilə uzaqlaşmasını mümkün edir. Nəticə etibarilə hökumət bir qədər sərt tədbirlərə qərar verəndə isə, vətəndaş narazı qalır, ona etiraz edir. Ancaq cəmiyyətin ayrı-ayrı fərdləri düşünmək istəmirlər ki, atılan hər bir addım, verilən hər bir sərt qərar sırf Azərbaycan vətəndaşının sağlamlığı, təhlükəsizliyi üçündür. Ona görə də hər bir vətəndaşın başlıca vəzifəsi həm özünü, həm də ətrafındakıları qorumaq üçün bu qərarlara qeyd şərtsiz əməl etməsidir. Yalnız bu halda dövlət, xalq olaraq pandemiya bəlasından xilas ola bilərik. Təsadüfi deyil ki, əksəriyyət məhz belə düşünür, belə qərar verir. Milli Məclisin deputatı Anar Məmmədov da hesab edir ki, vətəndaşlar Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul ediyi qaydalara əməl etməli, virusa yoluxmaq riskini azaltmaq üçün qoruyucu maskalardan istifadə etməli, sosial məsafəni gözləməlidir. Millət vəkili qeyd edib ki, 2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından ölkəmizdə də yayılmağa başlayan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət və hökumət tərəfindən ilk günlərdən təxirəsalınmaz, qətiyyətli tədbirlər görülüb, karantin rejimi tətbiq olunub, bu dövr ərzində epidemiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının tapşırıqlarına uyğun olaraq bütün sahələr və istiqamətlər üzrə lazımi tədbirlər həyata keçirilib: "Artıq aylardır ki, ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə, dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkələr üçün səciyyəvi hal alıb. Vətəndaşların sağlam həyat şəraitinin, təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün də ən vacib və prioritet məsələdir. Ölkəmiz öz vətəndaşlarının bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. DST-nin ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir".
Anar Məmmədov qeyd edib ki, Azərbaycan hökuməti DST-nin tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir: "Fevralın əvvəlindən reallaşdırılan tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşıyır. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən Operativ Qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar, eyni zamanda 2 gün bundan öncə ölkədə sərt karantin rejiminin tətbiqi hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verir. Bildiyimiz kimi, 2 gün idi ki, ölkəmizdə bütün hərəkət tam məhdudlaşdı. Bu gündən isə normal rejim bərpa olunub. Buna baxmayaraq vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi yenə də vacib amillərdən biridir. Məsafənin saxlanması, maskadan istifadə, gigiyenik qaydalara əməl olunması kimi qaydalar önəmlidir. Bu gündən etibarən mollara və digər mağazalara yenə insan axını olacaq. Təəssüf ki, vətəndaşlar arasında maskasız olanlar da çoxdur, ara məsafəsini gözləməyənlər də. Bütün bunlara əməl etmək ilk növbədə onların özləri, ailələri və ətrafdakıların təhlükəsizliyi üçün vacibdir. Bu gün hər bir vətəndaşımız cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtər rayonun Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən qoruyucu maskadan istifadə etməsini özünə nümunə götürməli, öz şəxsi məsuliyyətini hiss etməli, sosial izolyasiya tədbirlərinə və Operativ Qərargahın digər tələb və tövsiyələrinə riayət etməlidir. Çünki tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur".
Süleyman İsmayılbəyli
Olaylar.az