İnsanlar polisə qarşı anti-təbliğat aparan “beşinci kolon”un yalanlarına, onların təxribatlarına uymamalıdır
9 İyun 2020 09:23 SosialTəəssüflər olsun ki, bəzi təxribatçı qüvvələr, ölkədə xaos anarxiya yaratmaq istəyində olan maraqlı qruplar pandemiya dövründə də bu məkirli, çirkin əməllərindən geri çəkilmədi, asayiş keşikçiləri ilə vətəndaşlar arasında qarşıdurma yaradılmasına cəhd göstərdilər. Hər halda sərt karantin günlərində polisə bəzi vətəndaşlar tərəfindən göstərilən neqativ davranış belə deməyə əsas verir. Sonrakı mərhələdə təxribat, xaos tərəfdarları polis, asayiş keşikçiləri barədə mənfi rəy formalaşdırmağa çalışdılar ki, bu da cəmiyyətin əksəriyyəti tərəfindən qəbul edilmədi, dəstək qazanmadı. Əksinə, vətəndaşlar öz peşəsini layiqincə həyata keçirən asayiş keşikçilərinə dəstək nümayiş etdirdi. Elə əksəriyyət millət vəkilləri də bu qənaətdədirlər. Millət vəkili Sədaqət Vəliyeva deyib ki, polisin xidmətinə mane olmaq, ona xəsarət yetirmək məqsədilə əşyalar atmaq yolverilməzdir. Onun sözlərinə görə, polis gecə-gündüz xalqımızın və dövlətimizin keşiyindədir: "Ölkəmizin ictimai-siyasi sabitliyini, insanlarımızın təhlükəsizliyini təmin edir. Vətəndaşlarımız gecə evində rahat yatanda, körpələrimiz beşiyində rahat uyuyanda polis əməkdaşları keşik çəkirlər, cinayətkarlığın qarşısını alırlar. Cinayət olan yerə polis gəlir, yanğın baş verərkən öz həyatlarını təhlükəyə atıb insanları xilas edir, köməyə ehtiyacı olanların qapısına ilk gedən polislər olur, yeməyini, cibinin pulunu belə küçədəki ehtiyacı olanlarla bölüşən də polis olur. Axı, necə polisi təhqir etmək, ona əşya atmaq olar? Polisi təhqir etmək, xidmətinə mane olmaq, ona xəsarət yetirmək məqsədilə əşyalar atmaq yolverilməzdir, qanunaziddir".
Millət vəkili deyib ki, polislərimiz milli müstəqilliyimizin qazanılması və qorunması, torpaqlarımızın düşmən hücumundan müdafiəsi sahəsində əzmkarlıq nümayiş etdiriblər: "Ermənistanın hərbi təcavüzünə milli müqaviməti də ilk olaraq məhz polis orqanları təşkil ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə 1695 polis şəhid olub, 1710 polis isə yaralanıb. Ümumilikdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdikləri fədakarlığa, dinc əhalinin təhlükəsizliyinin təminatında, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən cəsarət göstərdiklərinə görə polis əməkdaşlarına Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adı verilib, onlar "Azərbaycan Bayrağı" ordeni, müxtəlif orden və medallarla təltif ediliblər. Polislərimizin Vətən və xalq qarşısında xidmətlərini heç zaman unutmaq olmaz.
Dəfələrlə olub ki, polislər öz həyatlarını qurban verməklə terrorun, kütləvi cinayətkarlıqların qarşısını alıblar. Gəncədə baş verən hadisələr zamanı polis əməkdaşlarının qətlə yetirilməsi heç kəsin yaddaşından silinməyib". Sədaqət Vəliyeva hesab edir ki, insanlar polisə qarşı anti-təbliğat aparan "beşinci kolon"un yalanlarına, onların təxribatlarına uymamalıdır: "Hər kəs bilsin ki, "beşinci kolon", xüsusilə də AXCP və Milli Şura cinayətkarlığı, separatizmi, ekstremizmi təbliğ edən yuvadır. Baxın, Əli Kərimlinin sürücüsü Paşa Umudov narkotik satışına görə həbs olunub. Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayev soyğunçuluğa görə həbs olunub. Əli Kərimlinin ən yaxın adamlarından olan Təzəxan Mirələmlinin atası narkotik qaçaqmalçılığına görə həbs olunub. Əli Kərimliyə hər ay Rusiyadan 30 min dollar göndərən Saleh Rüstəmli, eyni zamanda, Tofiq Yaqublu xuliqanlıq əməllərinə görə həbs olunublar. Görürsünüz ki, sanki cinayətkarlardan ibarət olan bu qruplar polis əleyhinə ictimai rəydə mənfi imic yaratmağa cəhd edirlər. Təbii ki, bütün bunlar onlara erməni dairələri tərəfindən verilmiş siyasi sifarişdir. Azərbaycan polisi hər zaman qanunun aliliyinin təmin olunmasına çalışıb, heç bir vətəndaşa qarşı vəhşilik, kobudluq etməyib. İddia edirlər ki, guya Azərbaycan polisi vəhşilik edir. Birincisi, vəhşilikdən danışırıqsa, niyə Əli Kərimli, Sevinc Osmanqızı, Cəmil Həsənli, Qənimət Zahid bu gün bəzi ölkələrdə insan ölümü ilə nəticələnən polis vəhşiliklərindən söz açmırlar? İkincisi, Azərbaycan polisi karantin qaydalarına riayət etmək üçün xidmət aparır. Qanunları pozanları saxlayır, cərimələyir. Məgər bu vəhşilikdirmi? "Beşinci kolon"un məntiqilə çıxış etsək, o zaman polis işləməməlidir və cinayətkarlıq baş alıb getməlidir? Bunun harasındadır sağlam məntiq?. Hər kəsi qanunlara riayət etməyə və polislərə diqqət, qayğı göstərməyə, onlara hörmət etməyə səsləyirəm".
Millət vəkili Sahib Alıyev isə deyib ki, biz koronavirus(COVİD-19)un tüğyan etdiyi bu günlərdə Azərbaycan polisini kifayət qədər vətəndaşa qarşı nəvazişlə davranan biri kimi gördük: "Karantin rejimini pozmaları azmış kimi hələ onun üzünə də qabaranlara təmkinlə, nəzakətlə bu cür davranışlarıyla həm özlərini, həm də doğmalarını virusa yoluxdura biləcəklərini başa saldı. Çoxumuzun bir neçə dəqiqə gəzdirməyə səbrimiz çatmadığı halda saatlarla maskalarını çıxarmadan al günün altında təkcə təhlükəsizliyimizi deyil, sağlamlığımızı da qorumağa çalışdı. Mənim özümə etdikləri iki xeyirxahlığı heç vaxt unutmayacağam. Rayonlara heç bir nəqliyyatın işləmədiyi günlərdə Bakıda karantindən çıxan iki tərtərli tələbəmizi gecə vaxtı məhz onların köməyilə evlərinə çatdırdıq. Çox uzağa getməyək, keçən cümə bizim çoxumuz mağazalardan üç günlük ehtiyac üçün lazım olduğundan dəfələrlə artıq çörək alıb, sonra da zibil yeşiklərinə atdıq. Heç düşünmək belə istəmədik ki, qonşumuzdan kimsə çörəksz qalacaq axı. Və qalanlar da oldu. Onlar kimə ağız açdılar? Evlərində çörəkləri kiflədənlərə yox, Azərbaycan polisinə. Azərbaycan polisi nə etdi? Sosial şəbəkələrdə baxanlar olub yəqin, ağız açanların mənzillərinə əli dolu getdi. Mən demirəm ki, polislərimizin hamısı peyğəmbər övladlarıdır və karantin rejimi dönəmində hamısı eyni cür davranıblar. Xeyr. Ancaq bütövlükdə götürdükdə Azərbaycan polisləri bu günlərdə özlərinin ləyaqətli, səbrli, insansevər və yetkin davranışlarıyla diqqət çəkirlər ki, bu baxımdan da əksər ölkələrdən olan həmkarlarına örnək göstərilə bilərlər. Bunu görməmək korluq, görüb onları aşağılamaq və aşağılayanlara haqq qazandırmaq isə nankorluqdur. Ona görə nankorluqdur ki, bir daha vurğulayıram, onlar gecələrini gündüzlərinə qatıb bu günlərdə təkcə bizim təhlükəsizliymizin deyil, həm də sağlamlığımızın keşiyində dururlar".
Millət vəkili Sevinc Fətəliyeva isə məsələyə münasibət bildirərkən deyib ki, hər bir ölkə vətəndaşlarını böhrandan az itki ilə çıxartmaq üçün öz strategiyasını, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və metodlarını tətbiq edir. Millət vəkilinin sözlərinə görə, hökümətimiz də pandemiyanın ilk günlərində qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamağa nail oldu: "Əhalinin sağlamlığının qorunması istiqamətində qabaqlayıcı tədbirlərin müsbət nəticə verməsi ilə aprelin 27-dən Azərbaycanda da karantin rejiminin yumşaldılmasına, rejimdən mərhələli şəkildə çıxmağa başlanıldı. Biz özümüzlə, öz birliyimizlə qürur duyduq! Lakin, bəzi insanların məsuliyyətsizliyi və məsələni ciddiyə almaması bu gün rejimin sərtləşməsi ilə nəticələndi. Dəfələrlə müraciət olunmağına baxmayaraq, kimlərsə bu məsələyə səthi yanaşdı və qaydalara əməl etmək məsələsini unutdu. Son nəticə günün reallığıdır. Unutmaq lazım deyil ki, bizlərin hər birimizin məsuliyyətli olması olduqca vacibdir, çünki insan itkisinə səbəb olan hərəklərə yol vermək qəbuledilməzdir və acı sonluqdur. Hər bir vətəndaş şəxsi məsuliyyətini hiss etməli, Operativ qərargahın tələb və tövsiyələrinə riayət etməlidir. Çox təəssüf edirəm ki, bəzi insanlar tərəfindən dünən hər birimizə məlum olan məsələlər baş verdi və ədalətsiz münasibətin şahidi olduq".
Sevinc Fətəliyeva deyib ki, respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır: "Danılmaz həqiqətdir ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu vardır. Azərbaycan polisi hüquqi, fiziki şəxslərin qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır və dünən biz bunu onların fəaliyyətində, insanlara olan münasibətində bir daha şahid olduq. Onlar vəzifə borclarını yerinə yetirməkdən əlavə hər bir kəsə övlad, qardaş münasibəti sərgilədilər".
Millət vəkili hesab edir ki, indi Azərbaycan polisinin işi təkcə insanları cinayətkardan yox, həm də öz məsuliyyətsizliyindən qorumaqdır: "Xüsusi karantin rejimi ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyən polislərimiz təmkinlə, səbrlə insanları maarifləndirmə işləri aparırılar. Qanun qarşısında hər kəs eynilik daşıyır və bu qaydalara əməl etməyən, buna ciddi yanaşmayan kəslər sözsüz ki, etdiyi əməlin qanuni cavabdehliyini daşımalıdır. Baş verənlər, öz vəzifəsini icara edənlərə qarşı sərt münasibət və qeyri-etik davranış sərgiləmək heçdə xoşagələn deyil və ürəkacan mənzərə yaratmır. Vətəndaşlarımız həyata keçirilən tədbirləri anlayışla qarşılamalıdır. Məqsəd yalnız və yalnız vətəndaşlarımızı, insanlarımızı qorumaqdır. Bunu başqa məcraya yönəltmək, mənasız mülahizələr yürtmək zamanı deyil ! Birlik nümayiş etdirməliyik, həm maddi, həm mənəvi müstəvidə. Tövsiyələrə sözsüz əməl edilməlidir . Azərbaycan bu imtahandan üzüağ çıxmalıdır, virusa həmrəyliyimiz, birliyimizlə qalib gəlməliyik. Bunun üçün isə koronavirusun təhlükəli bir epidemiya olduğunu qəbul etmək və lazımi tədbirlərin həyata keçməsində bir-birimizə dəstək durmalıyıq".
Süleyman
Olaylar.az