"Bu praktika Türkiyədə tətbiq edilib və müsbət nəticəsini verib"

"Bu praktika Azərbaycandan əvvəl qardaş ölkə olan Türkiyədə də tətbiq olunmuşdu və onun müsbət nəticəsi artıq ortadadır. Türkiyədə yoluxma və ölüm halları xeyli azalıb". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov Azərbaycanda həftə sonu tətbiq olunan sərt karantin qaydalarının dünya praktikasında verdiyi nəticələrdən danışarkən deyib.

Onun sözlərinə görə, pandemiyanın ilk dövrlərindən etibarən Azərbaycanda tətbiq edilən qaydalar, Prezident İlham Əliyev və hökumət tərəfindən qəbul edilmiş qərarlar nəticəsində ölkəmiz çox az itki ilə üzləşirdi və yoluxma halları ikirəqəmli ilə ifadə olunurdu:

"Bu da görülmüş tədbirlərin nəticəsi idi, lakin, karantin qaydaları yumşaldıqdan sonra birinci tələb bu idi ki, sosial məsafə gözlənilsin, təhlükəsizlik qaydalarına riayət olunsun və sanitar-gigiyenik qaydalara əməl edilsin. Təəssüflər olsun ki, biz bunun yalnız əksini gördük. Digər tərəfdən xaricdən Azərbaycana qayıdan vətəndaşlarımızın da içərisində virusa yoluxanlar var idi. Həm bu faktlar, həm də vətəndaş məsuliyyətsizliyi yoluxma hallarının artması ilə müşahidə olundu. Bu iki günlük tətbiq olunan sərt karantin qaydaları, eyni zamanda qoruyucu maskalardan istifadə etməməyə görə təyin olunmuş cərimələr pandemiya ilə mübarizədə müsbət addımlardır. Əgər vətəndaş qaydalara riayət etmək istəmirsə və qanunlara hörmət qoymursa, bu hərəkəti ilə də digər vətəndaşlara hörmətsizlik edirsə, burada qanun öz sözünü deməlidir və sərt addımlar atılmalıdır".

Anar Xəlilov vurğulayıb ki, bu praktika Azərbaycandan əvvəl qardaş ölkə olan Türkiyədə də tətbiq olunmuşdu və onun müsbət nəticəsi artıq ortadadır:

"Artıq, Türkiyədə yoluxma və ölüm halları azalmışdır və Türkiyə sərt karantin rejimindən tədricən çıxmaqdadır. Burada iqtisadi sahələr də yenidən öz fəaliyyətinə başlayır. Mən hesab edirəm ki, Azərbaycanda tətbiq olunan bu praktika çərçivəsində vətəndaşlarımız sərt karantin qaydalarına tabe olmalıdır. Çox təəssüf olsun ki, biz sosial şəbəkədə istisna hallara, vətəndaş məsuliyyətsizliyinə şahid olduq və öz davranışlarını mühakimə etmək əvəzinə polisi günühlandıran şəxsləri də gördük. Mən, Azərbaycan polisinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Azərbaycan polisi bu gün öz vəzifəsinin öhdəsindən şərəf və ləyaqətlə gəlir. Kim qaydalara riayət etmirsə, onun barəsində qanun çərçivəsində tətbiq edilmiş bütün inzibati cəza metodlarını dəstəkləyirəm. Hesab edirəm ki, bu zəruridir, düzgün atılmış və hesablanmış bir addımdır. Bizdən tələb olunan odur ki, qanunlara hörmətlə yanaşaq. Əgər biz qanunlara hörmətlə yanaşmaq istəmiriksə, öz həyatımızı düşünmək istəmiriksə, atdığımız bu məsuliyyətsiz addımlar ətrafımızdakıların həyatını təhlükə altında qoyursa, burada qanun öz sözünü deməlidir. Cəza tədbirləri görülməlidir". Birliyin sədri əlavə edib ki, bütün addımlar Azərbaycan vətəndaşının sağlamlığı üçündür və bəzi vətəndaşlarımızın məsuliyyətsiz davranışları ictimaiyyət tərəfindən qınaq obyekti olmalıdır:

"Sosial şəbəkələrdə bu kimi halları yayaraq ajiotaj yaratmağa çalışan qüvvələrə qarşı cəmiyyət öz sözünü deməlidir. Azərbaycan vətəndaşı dövlətin yanında olmalıdır. Qanunlara hörmət etməlidir ki, birlikdə bu pandemiyaya qarşı mübarizə apara bilək. Dövlətimiz dünyaya nümunə ola biləcək addımlar atır. Hesab edirəm ki, dövlət tərəfindən müəyyən olunan qaydalara riayət etsək, səbr nümayiş etdirsək tez bir zamanda bu problemi geridə qoyacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31