Azərbaycan polisi öz dövlətinə sədaqətlə xidmət edərək dünyada ən yaxşı polis nümunəsi göstərdi
8 İyun 2020 13:38 SosialRamiz Alıyev: "COVİD 19 pandemiyası dövründə Azərbaycan polisinin üzərinə böyük məsuliyyət qoyulmuşdu"
"Pandemiya ilə mübarizə dönəmində Azərbaycan polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə həyata keçirdi". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Ramiz Alıyev deyib ki, biz bunları istər yol patrul xidmətinin əməkdaşlarının yollarda hərəkətin tənzimlənməsində göstərdikləri xidmətdə, istər daxili qoşunların əməkdaşlarının fəaliyyətində, istərsə də digər polis əməkdaşlarının göstərmiş olduqları fədakarlıqlarda görə bilərik: "Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general- polkovnik cənab Vilayət Eyvazovun rəhbərliyi ilə Azərbaycan polisi öz dövlətinə sədaqətlə xidmət edərək dünyada ən yaxşı polis nümunəsi göstərdi. COVİD 19 pandemiyası dövründə Azərbaycan polisinin üzərinə böyük məsuliyyət qoyulmuşdu, eyni zamanda ölkə ərazisində cinayətkarlıqla mübarizə aparmalı idi və aparıldı da. Necə ki, polis pandemiya dövründə üzərinə qoyulan məsuliyyəti dərk edərək ən yüksək səviyyədə həyata keçirirdisə, eyni zamanda ictimai asayişi də vaxtında qoruya bildi. Belə olan halda Azərbaycan polisini gözdən salmaq kimin və ya kimlərin işinə yaraya bilər? Əlbəttə ki, bu ancaq Azərbaycanı xaosda görmək istəyənlərin, sabitliyi istəməyənlərin, bir sözlə, Azərbaycanın müstəqilliyini istəməyənlərin arzusu və istəyi ola bilərdi".
Ramiz Alıyev deyib ki, Azərbaycan polisi üzərində dövlətimizin atributlarını gəzdirir, onları təhqir etmək olmaz: "Sosial şəbəkələr vasitəsi ilə Azərbaycan polisinin videolarını yaymaqla onların təhqir olunmasına şərait yaradanlar anlamırlar ki, bizim vətəndaşlarımızın günün istənilən vaxtı ölkə ərazisində sərbəst və təhlükəsiz gəzməsi həm də məhz o təhqir etdikləri polislərin xidmətidir! Siz evinizdə oturduğunuz, o polislər küçələrdə sizin təhlükəsizliyinizi qoruduğu, öz ailələrindən uzaq düşdüyü, təhlükəli virusla üz-üzə dayandığı halda onu təhqir edirsiniz. Səbəb nədir? Çünki onlar istəmirlər ki, siz çölə çıxıb bu xəstəliyə yoluxasınız və yaxınlarınızı yoluxdurasınız! Azərbaycan polisi öz dövlətinə və xalqına sədaqətlə bağlıdır və dövlətimizin qoyduğu qaydalara əməl olunmasına birbaşa məsuliyyət daşıyaraq imkan verməyək ki, o qanunlar tapdansın!"