Paytaxtda yeni yol qovşağı yaradılır

Bakının Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) genişmiqyaslı yenidənqurma işlərini davam etdirir.

Bu barədə"OLAYLAR"-a AAYDA-dan bildirilib.

Aparılan yenidənqurma işləri çərçivəsində Mehdi Mehdizadə küçəsi ilə 28 may küçəsinin kəsişməsində yerləşən artıq istifadə olunmayan və yolun daralmasına səbəb olan dəmir yolu körpüsünün sökülməsi istiqamətində addımlar atılıb. Nəticədə küçəni sözügedən hissəsində hərəkət hissə 2 zolaqdan 4 zolağa genişləndirilib, yolun kənarları abadlaşdırılıb.

Bundan başqa aparılan yenidənqurma işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, işlərin aparıldığı ərazi bpoyu yeni səki daşları düzülüb, yeni asfalt-beton örtüyü döşənib. Daha sonra zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilərək Mehdi Mehdizadə küçəsinin Yusif Səfərov və 28 may küçələri, həmçinin 28 may küçəsinin Mehdi Mehdizadə və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissələrində paytaxtımızın yol infrastrukturuna mühüm töhfə verəcək yeni qovşağın yaradılması istiqamətində sadalanan küçələrdə yenidənqurma işləri davam etdirilir.

28 may küçəsinin bir hissəsində aparılmış, hazırda Mehdi Mehdizadə küçəsində müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan yenidənqurma işləri Nizami və Sabit Orucov küçələri, həmçinin yuxarıda adı çəkilən küçələri bir-biri ilə bağlayan digər ara yolları da əhatə edəcək.

Layihənin sonuncu mərhələsində Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissəsində yeni yol qovşağı yaradılacaq. Qovşaqda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforlar quraşdırılacaq, zəruri yerlər yol nişanları qoyulacaq, yolcizgi və yolgöstərici, həmçinin piyada zolaqları çəkiləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31